Emin Ağalarovun möhtəşəm xeyriyyə konserti- FOTOSESSİYA

Emin Ağalarovun möhtəşəm xeyriyyə konserti- FOTOSESSİYA

Rusiyada yaşayan tanınmış müğənni və bəstəkar Emin Ağalarov Yaşıl Teatrda solo konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, xeyriyyə məqsədli konsertdə Emin Ağalarov pərəstişkarlarının qarşısına "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsində ifa etdiyi "Never enough" mahnısı ilə çıxıb.


Nəfis səhnə tərtibatı ilə diqqəti çəkən konsertdə müğənni ötən konsertlərindəki kimi, bu dəfə də ayrı-ayrı bəstəkarların mahnıları ilə yanaşı, "After the Thunder" albomuna daxil olan mahnıları tamaşaçılara təqdim edib.


Dünyanın bir çox şəhərlərində çıxış etdiyini qeyd edən müğənni Bakıdakı konsertlərinin onun həyatında böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, müğənninin Bakıdakı ilk konserti məhz bu səhnədə olub: \"Azərbaycanda ilk konsertimi Yaşıl Teatrın səhnəsində vermişəm. Buna görə də bu məkan mənim üçün çox doğmadır. Yenidən sizlərin qarşısında çıxış etmək sevindiricidir. Yaşıl Teatrda artıq 4-cü dəfədir çıxış edirəm. İnanıram ki, bugünkü konsertim də yadda qalan olacaq\".


Tanınmış müğənni və bəstəkar Emin Ağalarov "After the Thunder" albomu haqqında danışaraq deyib ki, albom dünyanın bir çox ölkələrində təqdim ediləcək.


Konsertdə, həmçinin ölkəmizi 57-ci "Eurovision" musiqi yarışmasında təmsil edən Səbinə Babayeva "When the music dies" mahnısını tamaşaçılar üçün bir daha ifa edib.


Tamaşaçılar Bakıda keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsində Emin Ağalarov ilə birgə final şousunda çıxış edən Bakı Simli Kamera Orkestrinin müşayiəti ilə yaddaqalan musiqi şousunun şahidi olublar.


E.Ağalarov, həmçinin SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin repertuarından da mahnı səsləndirib. Hər zaman Müslüm Maqomayevi uca tutduğunu dilə gətirən müğənni, məhz ondan nümunə götürərək sənətdən zövq aldığını qeyd edib. Müğənninin bu ifasından sonra tamaşaçılar onu ayaqüstü alqışlayıblar.


Qeyd edək ki, "After the Thunder" albomundakı mahnılardan 11-i ingilis, 2-si isə rus dilindədir. Müğənninin "Eurovision-2012" mahnı müsabiqəsinin finalında oxuduğu "Never enough" mahnısı da alboma daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə