Bu gün "Uşaq mahnılarının dünəni, bu günü və sabahı" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirib ki, aparılan araşdırmalar zəngin uşaq mahnıları bazasına malik ölkəmizdə uşaqların mədəni formalaşmasına dövlət tərəfindən böyük diqqət göstərilməsinə baxmayaraq müəyyən problemlərin mövcudluğunu aşkarlayıb.

"Uşaq mahnıları mövcud bazar iqtisadiyyatı şəraitində nədənsə gəlirli sahə hesab edilmədiyindən uzun illər ruhumuzu oxşayan musiqilər unudulmaqdadır. Buna səbəb kimi uşaq mahnılarına həm telekanallarda, həm də radioda efir vaxtının olduqca az ayrılması, disklərin buraxılmaması və digər səbəbləri göstərmək olar",- deyə mərkəzin sədri əlavə edib.

İ. Yaqubova onu da vurğulayıb ki, ölkəmizdə fəaliyyət göstərən, beynəlxalq müsabiqə və festivallarda Azərbaycanı uğurla təmsil edən uşaq mahnı və rəqs kollektivilərinə efirlərdə az rast gəlmək olur: "Uşaq mahnılarının ifası və populyarlaşdırılması isə bu gün ümumiyyətlə gündəmdə deyil. Sirr deyil ki, uşaqlar bu gün gənclər və ya böyüklər üçün yazılan mahnıları daha çox tanıyır və ifa edir. Buna görə də mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər. Eyni zamanda, uşaq mahnılarının bəstələnməsinə son illərdə maraq xeyli azalıb, cavan bəstəkarlar isə bu sahəyə maraq göstərmirlər".

Məlumat üçün bildirək ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi bu kimi problemlərin aradan qaldırılması üçün bir neçə təklif irəli sürüblər.

Qeyd edək ki, tədbir QHT-lərə Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi ilə ELS-in həyata keçirdiyi "Uşaq İnternet Portalının inkişaf etdirilməsi" layihəsi çərçivəsində baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...