Aktyor vətəni tərk etdi

Uzun illər Türkiyədə yaşayan və fəaliyyət göstərən, bu yaxınlarda isə Azərbaycana qayıdan aktyor Murad Fətullayev yenə də Vətəni tərk edir. Bu barədə SİA-ya M.Fətullayev bildirib.

"Azərbaycan şou-biznesində yer alan 90 faiz insanlarla çox yaxşı münasibətim, dostluğum var. Ona görə başa düşə bilmirəm ki, kimlər mənim paxıllığımı çəkir, pisliyimi istəyir. İşlərimin hamısına əngəl oldular. İllərdir vətəndən kənarda bayrağımızı qaldırıb "Azəri oğlu Murad" kimi tanınmışam. Amma vətənimdə bir iş görmək istəyəndə qarşıma nə qədər əngəl çıxartdılar. Bu mənə çox təsir etdi. Mən də bir qərar qəbul etdim. Bir də Azərbaycanda heç bir iş görməyəcəyəm və ən azı 5 il bura ayaq basmayacağam",- deyə aktyor əlavə edib.

Məlumat üçün bildirək ki, aktyorun Azərbaycana geri qayıtmağının səbəbi seriala dəvət almağı idi. Bununla yanaşı o "Nömrə bir maqazin" adlı əyləncəli müəllif proqramı ilə tamaşaçıların qarşısına çıxacaqdı.

Qeyd edək ki, Murad Fətullayev həm türk, həm də azərbaycanlı tamaşaçılar tərəfindən böyük maraqla izlənilən "Kurtlar vadisi", "Adanalı", "Arka sokaklar", "Suç dosyası", "Sınav" kimi baxımlı türk seriallarında kiçik rollar ifa edib. Vaxtilə, Türkiyənin "Mixx TV" telekanalında əyləncəli verilişin aparıcısı olub. Hazırda Türkiyənin tanınmış teleaparıcısı Acun İlicalının "Acun media" şirkətində televiziya proqramlarının, eləcə də "Coca-cola", "Türkcell" və başqa reklamların kastinq direktoru vəzifəsində işləyir. O, həmçinin İstanbulda "Quliyeva adına teatr"da da tamaşalarda oynayır.

Bütün xəbərlər Facebook səhifəmizdə