Akademik Opera və Balet Teatrının aparıcı solisti, əməkdar artist İnarə Babayeva Belorusda qastrol səfərində olub. Teatrdan SİA-ya verilən məlumata görə, İ.Babayeva Belorus Böyük Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli italyan bəstəkarı C.Puççininin "Bohema" operasının tamaşasında çıxış edib və əsas rollardan biri Müzetta partiyasını ifa edib.
Tamaşada İ.Babayevanın tərəf müqabilləri Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının aparıcı solisti, Vokalçıların beynəlxalq müsabiqələri laureatı Natalya Petrojitskaya (Mimi), Qazaxıstan Opera və Balet Teatrının solisti, beynəlxalq müsabiqələr laureatı Medet Çotabayev (Rudolf) və Belorus Böyük Akademik Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar Artisti Vladimir Qromov (Marsel) olublar.
"Bu diqqət mənim uğurlu çıxışıma yönəlmiş diqqət olmaqla yanaşı, get-gedə nüfuzu artan, inkişaf edən və çiçəklənən ölkəmizə - Azərbaycan və onun paytaxtı Bakıya, dövlət başçımıza yönələn bir diqqət idi. Mənə yönələn suallarda bu məsələlərə də toxunulurdu", - deyə İ.Babayeva qeyd edir.
Gənc azərbaycanlı vokalçı tamaşada parlaq çıxışına görə festivalın xüsusi diplomuna layiq görülüb.
Belorus Teatrının rəhbərliyi isə İ.Babayevanın repertuarı ilə maraqlanaraq onunla sıx əməkdaşlıq etmək arzusunu bildirib və yeni teatr mövsümündə bir neçə tamaşaya dəvət edəcəklərini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB