Can Bonomo İsfar Sarabskinin əlindən öpüb

Bakı Caz Mərkəzində Azərbaycanın \"Eurovision 2012\" təmsilçisi Səbinə Babayevanın şərəfinə mərasim təşkil olunub. SİA-nın məlumatına görə, bu məkan Azərbaycan təmsilçisi üçün xüsusi önəm kəsb edir. Çünki Səbinə müsabiqə təmsilçisi seçilənədək məhz buranın - Bakı Caz Mərkəzinin solo ifaçısı olub.


Mərasimdə Səbinə Babayevanın qonaqları sırasında Türkiyənin müsabiqə təmsilçisi Can Bonomo, Serbiya təmsilçisi Zeljko Yoksimoviç, Malta təmsilçisi Kurt Kalleya, Gürcüstan təmsilçisi Anri Joxadze iştirak edib. Səbinə Babayeva mərasimə Azərbaycanın xalq mahnısı \"Sarı gəlin\"lə start verib. Daha sonra ölkə təmsilçisi repertuarındakı digər mahnıları, eləcə də \"When The Music Dies\"ı ifa edib. Səbinənin ifası mərasim iştirakçılarının böyük marağı ilə qarşılanıb.


Zeljko Yoksimoviç, Kurt Kalleya, Anri Joxadze və Can Bonomo Səbinəyə öz ifalarıyla dəstək olublar. Hər bir iştirakçı təmsilçimizə uğurlar arzulayıb, onun mükəmməl səsə və istedada sahib olduğunu deyiblər.


Mərasimin maraqlı məqamlarından biri isə məşhur pianistimiz İsfar Sarabskinin çıxışı olub. Onun ifası bütün qonaqları feyziyab edib. Hətta Türkiyə təmsilçisi Can Bonomo İ. Sarabskinin çıxışından sonra səhnə arxasında onunla görüşüb. Can İsfarın pianinoda ifasını yüksək qiymətləndirərək onun əlindən öpüb. Onunla tanışlığından məmnun olduğunu bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə