Ötən gün xanəndə Qoçaq Əsgərov Muğam Mərkəzində növbəti konsert proqramını təqdim etdi. SİA-nın məlumaına görə, ziyalı təbəqəyə və muğamsevərlərə fasiləsiz saat yarımlıq ifa təqdim edən xanəndənin konserti həm də onun İtaliyada buraxılan diskinin təqdimatı ilə yadda qaldı.
Xatırladaq ki, "Filmay" musiqi şirkəti tərəfindən buraxılan və satışı Avropa ölkələrində nəzərdə tutulan azərbaycanlı xanəndənin diskinə yüksək tələbat var. Elə bu məqsədlə də şirkətin prezidenti Renso Poyn Azərbaycanda səfərdədir. Ötən gün konsert proqramını dinləyən xarici qonaq Qoçaq haqqında fikrilərini səhnədən bölüşüb: "Qoçağın ifasının xarici ölkələrdə bu qədər sevilməsi Azərbaycanın uğurudur. Alim Qasımovdan sonra onun ifası ilə maraqlanırlar. Elə bu səbəbdəndir ki, müxtəlif ölkələrdə ildə bir neçə dəfə konsertləri təşkil edilir. Həmkar şirkətlər onunla əməkdaşlığa maraqlıdırlar. Eyni zamanda, Q.Əsgərov səsi-sorağı uzaqlara gedib çıxan bir çox əcnəbilərlə müqayisə edilir. Bu səfər zamanı şirkətimizin Qoçaqla növbəti layihəyə imza atacağı gözlənilir".
Daha sonra çıxış edən YUNESKO-nun eksperti Sənubər Bağırova Avropa mətuatında Qoçaq Əsgərov haqqında dərc edilən yazılardan söhbət açıb. O, Azərbaycan musiqisinin səsini dünya səhnəsində eşitdirən gənclərə hər zaman dəstək göstərilməsini tövsiyə edib.
Onun fikrinə konserti dinləyən xalq artistləri Arif Babayev, Canəli Əkbərov, Ramiz Quliyev, Zabit Nəbizadə, xanəndə Süleyman Abdullayev və başqaları həmrəy olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB