ASSİTEJ-in İcra Komitəsinin toplantısı yekunlaşıb- FOTO

ASSİTEJ-in İcra Komitəsinin toplantısı yekunlaşıb- FOTO

Fevralın 20-dən start götürən ASSİTEJ-in (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası) İcra Komitəsinin toplantı başa çatıb. SİA-nın məlumatına görə, çıxış edən Gənc Tamaşaçılar Teatrının direktoru və ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri Mübariz Həmidov toplantının hər iki tərəf üçün uğurlu nəticələr əldə olunmasında əhəmiyyətli olduğunu, toplantı çərçivəsində keçirilən seminar və treninqlərin öz müsbət təsirini göstərəcəyinə əminliyini diqqətə çatdırıb.

ASSİTEJ-in prezidenti İvetta Hardi toplantının faydalı nəticələrlə yekunlaşdığını, müzakirələrin səmərəli və uğurlu olduğunu dilə gətirərək yaradılan yüksək təşkilatçılıq işinə və Azərbaycanda onlara göstərilən diqqət və qayğıya görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Mərkəzin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra toplantıda iştirak edən Almaniya, İslandiya, Hindistan və digər ölkələrin təmsilçiləri çıxışlarında Azərbaycan mədəniyyəti, teatr və musiqi sənətinin onları valeh etməsi barədə məftunluqla danışaraq, "Biz özümüz üçün Azərbaycan adlı yeni və əsrarəngiz bir ölkə kəşf etdik və bundan çox məmnun olduq" söyləyiblər.

Qeyd edək ki, fevralın 20-dən 26-dək davam edən ASSİTEJ-in İcra Komitəsinin toplantısı Mədəniyyət və Turizm Nazirliyi, Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİTEJ) və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə