Qar teatr səhnələrini də “dondurub”?- ARAŞDIRMA

Qar teatr səhnələrini də “dondurub”?- ARAŞDIRMA

Qarlı hava şəraiti bir sıra problemlərlə yanaşı teatr sahəsində də özünü büruzə verir. SİA-nın apardığı araşdırmaya əsasən, teatrın səhnəsi də "donub". Bununla bağlı Bakıda fəaliyyət göstərən dövlət teatrlarında nümayiş olunan səhnə əsərlərinə gələn tamaşaçı sayında artım və ya azalmanın müşahidə olunması məsələsinə aydınlıq gətirdik.

Azərbaycan Dövlət Musiqili Komediya və Akademik Opera və Balet Teatrında bu məsələ ilə bağlı heç bir rəy öyrənə bilmədik. Çünki adıçəkilən teatrların məsul şəxsləri telefon zənglərinə cavab vermədi.

Akademik Milli Dram Teatrında isə paytaxtda hökm sürən qarlı hava şəraiti ilə bağlı dünən baş tutmalı olan "Qadın məhəbbəti" tamaşası 7 fevral tarixinə salınıb. Teatrın mətbuat katibi Elçin Cəfərovdan aldığımız məlumata görə, yaxın 2 gün ərzində repertuarda başqa tamaşa olmadığı üçün digər nümayişlər təxirə salınmayıb: "Fevralın 5-də isə premyerası nəzərdə tutulan "Don Juan və həndəsə" tamaşası var. Bu tamaşanın təxirə salınması isə hələ ki nəzərdə tutulmayıb".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə keçən həftənin tamaşaları təxirə salınıb. Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mursaquliyevadan aldığımız məlumata görə, təxirə salınan səhnə əsərləri Əli Əmirlinin "M.S.S" və "Hekayəti xırs quldurbasan" əsəri olub: "Bu həftəsonu olan tamaşaların soyuq havaya görə təxirə salınması məsələsi isə sabaha məlum olacaq. Məhz bu səbəbdən dəqiq məlumat verə bilmərik".

Azərbaycan Dövlət Pantomima Teatrında isə vəziyyət ürək açan vəziyyətdədir. Teatrın direktoru və aktyoru Elman Rəfiyevin verdiyi məlumata görə, keçən həftə qar yağanda belə tamaşalara izləyicilər kifayət qədər gəlmişdi: \"Misal olaraq, keçən həftə nümayiş olunan \"Maska\"ya 35, \"Uşaq\" tamaşasına isə 20 nəfər gəlmişdi. Onu da qeyd edim ki, bizim teatrın tamaşaçı tutumu cəmi 40 nəfərlikdir\".

Direktor onu da qeyd edib ki, sabaha və bazar gününə təyin olunan tamaşaların heç biri təxirə salınmayıb: \"Sabaha \"Pantomim buketi\", bazar günü isə \"Adsız\" tamaşası nümayiş olunacaq. Adıçəkilən tamaşalara biletlərin demək olar ki, çox hissəsi satılıb. Yerdə qalan hissəsi isə sabaha satılacaq\".



Bütün xəbərlər Facebook səhifəmizdə