Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivalda iştirak edəcək- FOTO

Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivalda iştirak edəcək- FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Əl-Füceyra Əmirliyində (BƏƏ) keçiriləcək V Monodram Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Bu barədə SİA-ya teatrdan məlumat verilib. Məlumata görə, teatrın iştirak edəcəyi festival haqqında artıq noyabr ayında razılığa gəlinib. Yanvarın 19-dan 28-dək davam edəcək festivalda teatr Avstriya dramaturqu və publisisti Peter Turrininin "Axır ki…" adlı monotamaşasını ilk dəfə nümayiş etdirəcək.

Festivalın işində iştirak etmək üçün Gənc Tamaşaçılar Teatrının kollektivi ilə yanaşı, xalq artist Şüküfə Yusubova, teatrşünas-alim Aydın Talıbzadə, beynəlxalq layihələr üzrə koordinator Şaiq Səfərov və əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov da bu səfərə yola düşəcək.

Peter Turrini Avropada kifayət qədər tanınmış bir dramaturqdur. Onun "Siçan ovu", "Uşağın qətli", "Ağılsız gün", "Mehmahxana sahibəsi" və s. pyesləri Avropa və dünya səhnəsində dəfələrlə oynanılıb. Azərbaycan teatrı ilk dəfədir ki, bu dramaturqun əsərinə müraciət edir. Müəllifin ən çətin pyeslərindən olan "Axır ki, qurtardı…" monopyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində "Vəssalam" adı illə hazırlanıb.

Bir qədər məişət, bir qədər sosial, bir qədər absurd fikirlərlə dolu olan bu tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Bəhram Osmanovdur. Bir saata yaxın səhnə zamanında bir ifaçısı olan tamaşada qəhrəmanın ölüm-dirim mübarizəsinin şahidi oluruq. Teatrın aktyoru Qurban İsmayılov bütün hssləri böyük ustalıqla ifa etməyə nail olub. Hər bir hiss, hər bir kəlmə, hər bir jest dəfələrlə ölçülüb-biçilib, cilalanıb və sona çatdırılıb. Sonda bir təbəsssüm var aktyorun çöhrəsində. Bilinmir öldü, ya qaldı… və sanki bu təbəssümlə rejissor və aktyor tamaşaçılara bir daha bir şeyi anlatmaq istəyirlər. Insanlar, bir-birinizi heç vaxt tək qoymayın! Elə cəmiyyət qurun ki, orada insanın yaşaması asan olsun

İlk dəfə Əl Füceyrə şəhərində keçirilən V Neynəlxalq Monotamaşa Festivalında oynanılacaq "Vəssalam" monotamaşasının Bakı premyerası fevral ayında Gənc Tamaşaçılar Teatrının səhnəsində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə