BBC Bakıda gerçəkləşdiriləcək “Eurovision” yarışmasına qarşı geniş kampaniya aparır

BBC Bakıda gerçəkləşdiriləcək “Eurovision” yarışmasına qarşı geniş kampaniya aparır

Bu il Bakıda keçiriləcək "Eurovision-2012" mahnı yarışması ilə əlaqədar olaraq Qərb mətbuatında aparılan qarayaxma kampaniyası Avropa Yayım Birliyini (AYB) ciddi narahat edib. SİA "Toplumsalhafiza.com" saytına istinadən bildirir ki, Avropa Yayım Birliyinə üzv olan bəzi ölkələr dekabr ayının sonlarında Cenevrədə toplantı keçirib.

Mərasimdə Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı yarışması ilə bağlı aparılan işlər, yarışma ilə bağlı mediyada yer alan xəbərlər, yarışmanın keçiriləcəyi məkanın inşaatı, viza məsələləri, təhlükəsizlik xidməti və sair bu kimi məsələlər də müzakirə olunub. Yekdil qərar olaraq, yarışma ilə bağlı heç bir problemin ortaya çıxmayacağı isbat olunub.

Toplantıda iştirak edən bəzi AYB ölkə nümayəndələri son zamanlarda mətbuat orqanlarında yarışmanın siyasiləşdirilməsindən narahatlıq keçirdiklərini də ifadə ediblər. Xəbərdə göstərilir ki, bəzi ölkə nümayəndələri BBC ilə bağlı fikir səsləndiriblər: "BBC Azərbaycan hökumətinə və Bakıda gerçəkləşdiriləcək "Eurovision" yarışmasına qarşı geniş kampaniya aparmaqdadır. BBC-nin bu hərəkəti "Eurovision" qurumuna qarşı böyük zərər verməkdədir".

İştirakçılar Daimen McGuinnessin məqaləsinin əvvəlcə dekabrın 17-də, sonra isə dekabrın 22-də BBC-nin əsas xəbər bülletenində yayımlanmasını, sonra oxşar mətnlərin "The Times", "The Telgraph", "The Week" kimi mətbuat orqanlarında yer almasını misal çəkiblər.

İştirakçılar Bakıda aparılan inşaat işlərinin "Eurovision"la əlaqələndirilməsi və müsabiqədən təzyiq vasitəsi kimi istifadə edilməsi barədə iddiaların əsassız olduğunu bildiriblər. Toplantının sonunda Avropa Yayım Birliyi adından BBC-yə xəbərdarlıq edilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə