Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva ilə "İrəli" İctimai Birliyinin gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunan birgə layihəsi çərçivəsində ilk aksiya Bakıdakı "Çeburaşka" uşaq bağçasında təşkil edildi.
SİA-nın xəbərinə görə, valideynlərin də qatıldığı görüşdə ilk öncə bağçanın müdiri Nərgiz Paşayeva çıxış edərək qonaqları salamladı. O, uşaq bağçasında belə görüşlərin keçirilməsinə xüsusi önəm verdiklərini, bu kimi görüşlərin uşaqların xatirəsində dərin iz buraxdığını vurğuladı. Sonra milli geyimli körpələr şeir və mahnılar oxudular, rəqs etdilər.
Millət vəkili Qənirə Paşayeva sözügedən layihənin məqsədinin uşaqlar, yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğindən ibarət olduğunu qeyd etdi. O qeyd etdi ki, vətənpərvərlik işi məhz uşaq bağçasından, eləcə də hər bir evdən başlamalıdır – həm valideynlər, həm də tərbiyəçilər və müəllimlər bu işə öz könüllərini verməlidirlər.
Millət vəkili Ceyhun Osmanlı öz çıxışında Tünzalə Ağayevanın vətənpərvərlik ruhunda yazılmış mahnılarından ibarət "Anam Azərbaycan" adlı diskinin pulsuz olaraq uşaq bağçalarına, orta məktəblərə və ali təhsil ocaqlarına paylanılacağını bildirdi.
Tünzalə Ağayeva məlumat verdi ki, diskə 13 mahnı daxildir, onlardan ikisi instrumental versiyada hazırlanıb. "Uşaqlar ağ vərəq kimidir, biz onların düşüncəsinə, yaddaşına nə yazsaq, o ruhda, o düşüncədə də böyüyəcəklər" – deyən əməkdar artist Tünzalə Ağayeva uşaq bağçasından sonra məktəblərdə, liseylərdə, universitetlərdə və hərbi hissələrdə də layihənin təqdimatının keçiriləcəyini və disklərin gənclər arasında geniş yayılacağını dedi.
Qeyd edək ki, albomda yer alan bütün mahnıların ("Ölkəm" romansı istisna olmaqla) müəllifi Tünzalə Ağayevadır; mahnıların sözləri isə xalq şairləri Səməd Vurğun və Mirvarid Dilbaziyə, eləcə də Sədaqət Kərimovaya aiddir.
Layihənin adının götürüldüyü "Anam Azərbaycan", "Biz gəlirik" və "Şəhidim" əsərlərinin sözləri isə millət vəkili Qənirə Paşayevaya məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB