Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin aparıcı ali təhsil ocaqlarından sayılan Azərbaycan İctimai-Siyasi Universitetinin təşəbbüsü ilə layihə həyata keçirib. Bu barədə SİA-ya teatrdan məlumat verilib.
Tədbiri giriş sözü ilə Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru Rasim Nəbiyev açaraq tədbirin əhəmiyyətindən danışıb: "Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ərəfəsinə təsadüf edən tədbir tələbə adını alan hər kəs üçün ikiqat əlamətdardır".
Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Səriyyə İsmayılova tədbirin keçirilməsində təşəbbüsün R.Nəbiyev tərəfindən gəldiyini dilə gətirərək, ilk dəfə olaraq tələbə biletlərinin teatr müəssisəsində təqdim olunmasının İctimai-Siyasi Universitetin müəllim heyətinin tələbələrə olan diqqət və qayğısı kimi qiymətləndirib. S.İsmayılova ölkə Prezidentinin teatrlara olan diqqəti sayəsində bir sıra teatr müəssisələri, o cümlədən Gənc Tamaşaçılar Teatrının binasının yüksək səviyyədə təmir olunmasını təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Daha sonra universitetin professor heyəti tələbələrə qiymət kitabçası və tələbə biletləri təqdim ediblər.
Tədbirdən sonra universitetin müəllim və tələbə heyətinə dramaturq Əli Əmirlinin "M.S.S.-Mən səni sevirəm" tamaşası nümayiş etdirilib. Tamaşada Əməkdar artistlər Leyli Vəliyeva, Kubra Dadaşova, Kəmalə Hüseynova, aktyorlar Ədalət Əbdülsəmədov, Şəfəq Əliyeva, Şəbnəm Hüseynova, İlqarə Tosova,Günel Məmmədova, Eşqin Quliyev, Asya Atakişiyeva, Elnur Hüseynov, Hüsniyyə Əhmədova, Manaf Dadaşov və Yusif Dadaşov iştirak ediblər. Gənclərin mənəvi-estetik tərbiyə olunmasında böyük bədii əhəmiyyətə malik tamaşa iki gəncin saf, təmənnasız məhəbbətini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB