Niyazinin 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib- FOTO

Niyazinin 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib- FOTO

Klassik Musiqisevənlər Klubu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə görkəmli bəstəkar və dirijor Niyazinin 100 illik yubileyinə hazırlıqla bağlı dəyirmi masa keçirib.

SİA-nın məlumatına görə, bəstəkarların, sənətşünasların, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Prezident İlham Əliyevin "Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında" 2010-cu il 20 may tarixli Sərəncamını diqqətə çatdırıb. O qeyd edib ki, hazırda Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi özünün tədbirlər planını hazırlayır.

Görkəmli bəstəkar Arif Məlikov böyük sənətkarla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Bəstəkar Sərdar Fərəcov, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurov, dirijor Fəxrəddin Kərimov və başqaları Niyazinin Azərbaycan musiqi sənətinə verdiyi töhfələrdən danışıblar.

Rejissor Nəsimi Məmmədoğlunun Niyazinin həyat və yaradıcılığından bəhs edən filmi nümayiş etdirilib.

Tədbirdə böyük sənətkar Niyazinin xatirəsinə həsr edilən musiqi əsərləri ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə