Baba Vəziroğlu: “Rədd cavabı təhlükəsi olan yerdə şairlər heç vaxt məhəbbət təklifi etmirlər”- MÜSAHİBƏ (SƏS TV)
Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun SƏS TV-yə müsahibəsi:
- Bu gün 30 iyun - Sevgililər Günüdür. Bu günün bəzilərinin qeyd etdiyi 14 fevral Valentin günündən hansı özəllikləri ilə fərqlənir?
- Düşünürəm ki, bu iki tarix arasında fərq çoxdur. Hətta onları yanaşı qoymaq belə istəmirəm. Hər bir xalq müəyyən mərhələdən sonra özünə qayıdış dövrü yaşayır. Baxmayaraq ki, bu gün hələ təzə qəbul olunub, ancaq bundan sonra xalqımızın ən milli bayramı kimi qeyd ediləcək. 30 iyun bizim yaxın tariximizin möhtəşəm silinməz səhifəsidir. Hətta bu məhəbbət dastanı haqqında da ilk filmi mən çəkmişəm. Bu günün hazırda geniş şəkildə qeyd edilməsində kiçik payımın olmasına çox sevinirəm.
- Azərbaycanlı sevgililərin saf və təmizliyini İlhamla Fərizənin nümunəsində nə dərəcədə aydın görmək və bilmək olar?
- Hər zaman vurğulamışam ki, bu bayramın qeyd edilməsi şübhələrimin həqiqət olması üçün bir faktdır. O mənada ki, çox zaman şairlər və qələm sahibləri məhəbbəti vəsf edəndə bəzi oxucular onlara inanmırlar. Məhəbbətin bu qədər qüdrətli ola biləcəyinə inanmırlar. Həyat hadisələri isə əsərlərdən daha canlıdır. İlham və Fərizənin həyatlarındakı sevgi bir daha sübut etdi ki, məhəbbət hər şeydən güclüdür.
- Bu günü mərdlik, qəhrəmanlıq, həm də milli mənlik günü kimi də qeyd oluna bilərmi?
- Günə ad qoymağın tərəfdarı deyiləm. Əsas odur ki, biz bu günü tariximizdə baş verən önəmli gün kimi qəbul etmişik. Bundan sonra da kim necə istəyir elədə qeyd etsin. Bu günün vasitəsi ilə bir daha öz keçmişimizə qayıdıb kim olduğumuzun fərqinə varırıq.
- Sevgililər gününü insani dəyərlərin bəşər övladına əxs olunmuş qapı döymədən gələn fəlakət hesab etmək olarmı?
- Sevgi dastanı və olayı şairlər üçün tamam başqa məna kəsb edir. Bir çox sevgi dastanları məhz faciə ilə bitir. Hər zaman demişəm ki, ən böyük sevgilər nikah salonda bitə bilməz. Elə bu günün səbəbkarı olan qəhrəmanların da sevgi həyatı faciə ilə bitib. Bu bir ailənin faciəsi, bütün Azərbaycan xalqının isə bayramıdır.
- Bəzən ötəri sevgidən məhəbbətdən də danışılır. Sizcə bu sevginin məhəbbətə olan saxtakarlığıdır?
- Böyük sevgidə saxtakarlıq ola bilməz. Biz sevgi ilə müəyyən insani hissləri qarışdırmamalıyıq. Sevgi hissi hər şeydən üstündür.
- Belə bir deyim var: "Sevgi azaddır, sevmək lazımdır, Ürəyini hər kəsə açmaq nəyə lazımdır?!"...Bu fikirlə razısınızmı?
- Sevgi prizmasına baxışlar müxtəlif yönümə olur. Sevgiyə konkret tərif vermək mümkün deyil. Bu hissdə hər kəs azaddır.
- Sevənlərin ürəyini açması doğurdan da qəbahət sayıla bilərmi?
- Mən sevənlərin etirafını qəbahət hesab etmirəm. İnsan ömrü qısa olduğundan hər zaman çalışmalıyıq ki, bir- birimizə xoş sözlər bildirək. Qadınların bir çoxu qarşı tərəfdən daima diqqət və qayğı tələb edir. Buna görə onlara bu diqqəti vaxtında göstərmək lazımdır. Cabir Novruz demişkən: "Sağlığında qiymət verin insanlara". Sevgi o demək deyil ki, "Mən səni sevirəm" deməklə bu hissi bildirəsən.
-Sevdiyiniz xanıma öz ürəyinizi açanda rədd cavabı aldığınız olubmu?
- Şairlər çox həssas insanlar olurlar. Onlar öncədən hiss edirlər ki, yaxınlaşdığı kəsin cavabı nə ola bilər. Rədd cavabı təhlükəsi olan yerdə şairlər heç vaxt məhəbbət təklifi etmirlər.
- Bu gün həyat yoldaşınıza sevgi etirafı etmisiniz?
- Ailə həyatı tamam başqadır. Burada bir mənalı şəkildə danışmaq çox çətindir. Buna görə də həyat yoldaşına sırf səni sevirəm kəlməsini demək çox primitiv səslənir. Bütün hərəkətlərinlə bildirməlisən ki, bu qadının evdə yeri əvəzedilməzdir. Şeirimdəki kimi bu insandan bir də heç vaxt olmayacaq. O əvəzedilməzdirsə o zaman bu ona verilən ən böyük qiymətdir.
- İndiki sevən gənclərə nə məsləhət görərdiniz?
Gənclərə məsləhət görərdim ki, özlərini sevgiyə kökləsinlər. Çünki dünya sevgi üzərində qurulub. Hər bir şey sevgidən yaranır. Hətta körpə balalarda sevgidən yaranır.
- Müəllifi olduğunuz sevgiyə aid şeir parçasını sevənlərə ərməğan edə bilərsinizmi?
- Əlbəttə. Müəllifi olduğum "Məndən bir də olmayacaq" şeirimi sevənlərə ərməğan edirəm.
Gecə-gündüz çıraqla sən,
Hələ məni gəzəcəksən.
Aхtarmaqdan bezəcəksən,
Məndən bir də olmayacaq.
Yollara gül ələsən də,
Səhər-aхşam diləsən də,
Başına kül ələsən də,
Məndən bir də olmayacaq....
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB