“Mədəniyyətə və tarixi irsə bu cür yanaşma Prezidentin fəaliyyətində daim prioritet olub” - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 iyul 2025-ci il tarixli “Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında” sərəncamı ölkə başçısının mədəni irsimizin qorunmasına, Vətən müharibəsi şəhidlərinin və mülki qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə verdiyi yüksək dəyərin növbəti bariz nümunəsidir. Bu sənəd yalnız bir infrastruktur layihəsi haqqında deyil, həm də tarixi yaddaşın yaşadılması, milli kimliyin gücləndirilməsi və gələcək nəsillərə tariximizin obyektiv şəkildə ötürülməsi istiqamətində düşünülmüş dövlət siyasətinin davamıdır. Gəncə şəhəri İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarına məruz qalmış, çoxsaylı günahsız insanların həlak olduğu, evlərin, məktəblərin və sosial obyektlərin dağıdıldığı bir şəhər kimi tarixə düşmüşdür. Bu kompleks həmin faciənin şahidliyini daşıyacaq və həm ölkə vətəndaşlarına, həm də beynəlxalq ziyarətçilərə Azərbaycanın haqq savaşının və bu mübarizədə qurban verilən dəyərlərin əhəmiyyətini çatdıracaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü, deputat Ülviyyə Həmzəyeva deyib.
Ülviyyə Həmzəyeva sözlərinə belə davam edib: “Mədəniyyətə və tarixi irsə bu cür yanaşma Prezident İlham Əliyevin fəaliyyətində daim prioritet olub. Təkcə Gəncə Memorial Kompleksi deyil, ölkə başçısının imzaladığı bir sıra mühüm sənədlər və sərəncamlar bu istiqamətdə dövlət siyasətinin sistemli şəkildə həyata keçirildiyini göstərir. Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti ilə bu günə kimi həyata keçirilmiş layihələr arasında Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Şuşa Bəyannaməsinin imzalanması, Xarıbülbül Musiqi Festivalının bərpası, Zəngilan, Füzuli və Ağdamda yeni mədəniyyət mərkəzlərinin, muzey və abidələrin inşası xüsusi yer tutur. Bununla yanaşı, Bərdə, Gəncə, Naxçıvan, Quba və Bakı şəhərlərindəki tarixi abidələrin bərpası, muzey ekspozisiyalarının yenilənməsi, İçərişəhər və Şəki kimi UNESCO-nun dünya irsi siyahısına daxil edilmiş abidələrin mühafizəsi də Prezidentin bu sahəyə göstərdiyi davamlı diqqətin sübutudur.
2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərdə tarixi abidələrin və dini məkanların bərpası da Ölkə Başçısının mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidinin, Saatlı məscidinin, Mehmandarovlar ev kompleksinin, həmçinin Ağdam Cümə məscidinin bərpası həyata keçirilir. Bununla yanaşı, Cıdır düzü, Şuşa qalası, Vaqif türbəsi və digər tarixi simvollar yenidən Azərbaycanın mədəni kimliyinə qovuşdurulmaqdadır. Prezident İlham Əliyevin mədəniyyətə və tarixə yanaşması yalnız formal dəstək deyil, dərin strateji baxışın, dövlətçilik fəlsəfəsinin və milli-mənəvi dəyərlərə hörmətin ifadəsidir. Mədəniyyət bir millətin ruhu, yaddaşı və gələcəyidir. Gəncə Memorial Kompleksi kimi layihələr bu yaddaşı canlı saxlamaqla yanaşı, eyni zamanda beynəlxalq ictimaiyyətə Azərbaycanın haqlı mövqeyini mədəniyyət diplomatiyası vasitəsilə çatdırmaq imkanlarını genişləndirir. Hazırkı sərəncamla ölkə Prezidenti bir daha sübut edir ki, Azərbaycanın bugünkü inkişaf modeli təkcə iqtisadi göstəricilərlə deyil, həm də mədəni və tarixi dəyərlərin qorunması ilə formalaşır. Bu siyasət xalqın keçmişinə dərin ehtiramla yanaşır, gələcəyinə isə öz milli dəyərləri üzərində inamla baxır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə