Mətbuat tariximiz və onun yaradıcısı

(Düşüncələrim silsiləsindən)

Xalqımız həqiqətən də çox istedadlı və dərin kökləri olan xalqdır. Sadəcə biz, bu xalqı, onun mədəniyyətini, ədəbiyyatını, incəsənətini, elmini, təhsilini, səhiyyəsini, mətbuatını və onlarca lazımlı sahələrini dünya səviyyəsində lazım olan kimi təbliğ etmirik. Bu, əlbəttə tarixlər boyu belə olub və yəqin ki, bundan sonra da belə olacaq. Bunun ən böyük səbəbi isə daxilimizdə olan həsəd, paxıllıq, tayfabazlıq, yerlibazlıq və mən deyərdim ki, ən əsası isə cahillikdir. Çünki təxminən yüz ildən bir qədər çoxdur ki, biz heç vaxt istəmirik ətrafımızda olan istedadlı həmvətənlərimizi təbliğ edək. Çünki yuxarıda dediyim kimi daxilimizdə yerlibazlıq, tayfabazlıq, icma psixalogiyası dərin kök salıb. Amma keçmişimizə baxanda, keçmiş tariximizi, ədəbiyyatımızı vərəqləyəndə elə uzağı getməyək, 150-200 il əvvələ boylananda görürük ki, bizim necə böyük ziyayılarımız, maarfipərvər insanlarımız olub ki, bütövlükdə həyatını, var-dövlətini millətin inkişafına həsr edib. Bu milləti işıqlı yola çıxarmaq üçün hətta bütün var- yoxundan, canından belə keçiblər. Məgər biz həmin insanların davamçıları deyilikmi? Bəs biz niyə belə cılızlaşdıq? Bu pis xislət bizdə haradan yarandı?..

Bax, uzun illərdir bu suallara çoxlu ziyalılarımız kimi mən də cavab tapa bilmirəm. Amma bircə ona təsəlli tapıram ki, bizim belə ulu babalarımız olub. Əgər biz də onların yolunu təmənnasız aparsaydıq, yerlipərəstlik xislətinə tutulmasaydıq, püşvət xəstəliyi bizi öz qoynuna almasaydı, məddahlıqdan uzaq olsaydıq, inhisarçılıq daxilimizdə kök salmasaydı bu son yüz ildə böyük klassiklərimizi dümya səviyyəsinə çıxarıb, onların gözəl əsərlərini dünya xalqlarının dilində çap etdirib və dahilərimizi Yer kürəsində layiqincə tanıdardıq. Bax, onda Yer kürəsində olan həmin millətlər bizə həsəd aparardılar...

Onların sayı yüzlərlədir. Belə dahi insanlarımızdan biri də Həsən bəy Zərdabi olub. Onun təkcə 1873-cü ildə Milli Teatrımızın yaranmasında başda olması və iki il sonra isə Milli Mətbuatımızı yaratması artıq bəs edir ki, bu insana biz qızıldan heykəl qoyaq. Amma və çox əfsus ki, biz bu insanı yaddan çıxartmışdıq. Hətta bir müddət sümüklərinin belə hansı qəbistanlıqda olduğunu belə unutmuşduq. Çox sağ olsun ki, böyük alimimiz Abbas Zamanov və ətrafında olan bir neçə ziyalımız onun sümüklərini tapdı. Bu sümüklər isə uzun illər dahi insanın evində qorunub saxlanıldı... Axır ki, Fəxri xiyabanda dəfn olundu...

Bizim millətimizin biganəliyinə bu, tam tutarlı bir sübutdur. Nə isə... Dərdlərimiz çoxdur. Problemlərimiz isə ondan da çoxdur. Çox əfsus ki, yenə də mətbuat, teatr sahəsində bir balaca vəzifəsi olanlar, hər bayram gələndə öz yaxınlarını siyahılara “soxuşdurur” və Prezidentə təqdim ediblər. Həmişə olduğu kimi bu dəfə də belə oldu... Mən tam əminəm ki, gələn bayramlara da belə olacaq... Çünki mən, ömrümün 60 ilini mətbuata, ədəbiyyata və 50 ilini peşəkar teatr sənətinə həsr edən insan kimi bunu həmişə belə görmüşəm... Ona görə də qətiyyətlə deyirəm: “Vallah, biz düzələn xalq deyilik”...

Ən əsası isə Milli Mətbuatımızın 150 ili tamam oldu və biz bu bayramı da qeyd elədik. Bu bayramlardan biri də Milli Mətbuatımızın 150 illiyi günlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının birlikdə keçirdiyi “AZƏRBAYCAN MİLLİ MƏTBUATI – 150” tədbiri oldu. Belə ki, Azərbaycan Teatr Xadimləri Ittifaqında iyul ayının 21-də mədəniyyəti, o cümlədən teatr sənətini təbliğ edən jurnlistlərlə keçirilən görüş 150 illik bir ənənənin davamı kimi çox xarakterik və maraqlı idi. Orada bir daha vurğulandı ki, hələ 1873-cü ildə gələcək “Əkinçi”nin yaradıcısı, ideya müəllifi Həsən bəy Zərdabi və gimnaziyada onun şagirdləri - 19 yaşlı Nəcəf bəy Vəzirov başda olmaqla, onların təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadənin iki komediyası “Sərgüzəşti-vəziri-xani Lənkəran” və “Hacı Qara-mərdi xəsis” komediyaları səhnələşdirilib. Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində bu tamaşalarla peşəkar teatrın təməli qoyulub. Elə buna görə də mətbuat təmsilçiləri Teatr Xadimləri Ittiaqına özlərinin doğma ünvanı kimi təşrif gətirmişdilər.

Səmimi ovqatda keçən görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri- Xalq artisti, Dövlət mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü Hacı İsmayılov jurnalistləri salamlayıb, mətbuatla teatrın sıx bağlılığından bəhs edərək, maraqlı fikirlər deyib, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 1875-ci ildə “Əkinçi”nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verən və maraqlı məsləhətini bildirənlərdən olduğunu xatırlayıb. Həmin mətbuatın da bu gün teatrla əlaqələrinin daha da dərinləşdiyini vurğulayıb və bunu ilk növbədə görüşə toplaşmış jurnalistlərin xidməti kimi dəyərləndirib.

Hacı İsmayılov və müavinləri – “Şöhrət” ordenli Xalq artisti, Dövlət mükafatı laureatı, professor, Prezidentin Fərdi Təqaüdçüsü İlham Namiq Kamal, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürov başlıca mövzusu mədəniyyət olan mətbuat nümayəndələrinə ən xoş arzularını bildiriblər. Sonra aşağıda adları qeyd dolunan teatr işçilərinə, bir qrup jurnalistlərə, ““İttifaqın dostu” diplomlarını verdilər.

Bunlar- Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə, Trend Beynəlxalq İnformasiya Agentliyi Mədəniyyət şobəsinin rəhbəri Vüqar İmanov, Real Təhlil İnformasiya Mərkəzinin Proqram Departamentinin rəhbəri Kamran Qasımov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaktoru Suvar İbadov (Abdulla Suvar), “Xalq” qəzetinin Humanitar siyasət şöbəsinin müdiri, Əməkdar jurnalist, şair Əli Nəcəfxanlı, İKİ SAHİL.AZ xəbər portalı üzrə şöbə müdiri Qvami Rəsulov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 105 FM radiosunun rejissoru, jurnalist Vəfa xanım Sərdar (Qədirova), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı, daramaturq, jurnalist, publisist, Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, “Azad Azərbaycan” qəzetinin redaktoru Ağalar İdrisoğlu (Mehdiyev), Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Fidan xanım Əlizadə, “VƏTƏN SƏSİ” saytının müxbiri Mina xanım Rəşid (Şıxova), Jurnalist Şəlalə xanım Camal, Mədəni tədbirlərin təşkilatçısı Sevda xanım Əliyeva, PRESSKLUB. AZ saytının redaktoru Ramilə xanım Qurbanlı.

Aşağıda adları yazılanlar “Fəxri fərmanla” təltif olunublar:

Azərbaycan Televiziyası Mədəniyyət Kanalı “Min maska” layihəsinin rəhbəri Həmid Əsədzadə, Azərbaycan Televiziyası Mədəniyyət kanalı Mədəniyyət xəbərləri redaksiyasının müxbiri Məmməd Məmmədli, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçısı Sələmə xanım Məhərrəmova, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Elvin Nüsrətoğlu (Abdulxalıqov), Jurnalist-dramaturq Ülviyyə xanım Heydərova, Jurnalist-dramaturq Cavid Zeynallı.

Bu insanlar isə “Teatr fədaisi” medalı ilə təltif olundular:

Gülcahan xanım Mirməmməd,

Həmidə xanım Rüstəmova,

Samirə xanım Behbudqızı.

Çıxış edənlər onu da vurğuladılar ki, Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida xanım Qafarova burada keçirilən tədbirlərlə bağlı maraqlı məlumatları onlara göndərir və hər tədbirə də onları dəvət edir.

Beləliklə, bir tarixi gün də arxada qaldı. Və həmin gün çəkilər fotoşəkillər də teatrımızın və jurnalistikamızın tarixində zaman-zaman işıqlanacaq. Ən əsası isə həmin tədbirə toplaşanlar bir qürur hissi keçirtdilər ki, xalqımızın belə bir dahi övladı olub. Baxmayarq ki, uzun illər biz onu yaddan çıxartsaq da, amma o, yaşadığı keşməkeşli dövrdə bizi yaddan çıxartmayıb və xalqımız üçün peşəkar teatrı və peşəkar mətbuatı yadigar qotub gedik. Çox yaxşı olar ki, biz də bir millət olaraq, xalqımızı dünyada tanıtmağa qadir olan bu sahələrə çox üstünlük verək. Teatrlarımıza lazım olan şərait yaradaq ki, dünyada tanınsın. Azad mətbuata lazım olan kimi şərait yaradaq ki, millətimizi dünyada təbliğ edə bilsin. Büna görə də ilk öncə hər birimizdə böyük ürək olmalı, obyüktiv tənqiddən inciməməli, ziyalılarımıza yaxşı şərait yaratmalı, milləti özümüzdən çox sevməliyik. Hər yaradıcı insanın da layiqli qiymətini vaxtında verməliyik. Əgər bunaları bacara bilsək, biz dünyada öz sözü, öz imzası olan ən aparıcı millətlərdən biri ola bilərik. Axı biz millət olaraq çox istedadlıyıq. Belə istedad da Yer kürəsində olan hər millətə verilməyib. Bunu sübut etmək üçün təkcə bir faktı deməyimiz və dünyada təbliğ etməyimiz kifayətdir. Biz bir millət olaraq intibah dövrünə XII əsrdə başlamışıq. Avropa xalqları isə intibah dövrünə XV əsrdə başlayıblar.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə