Festival çərçivəsində Şəki Dövlət Regional Kollecin tələbələrinin konserti olub - FOTOLAR
Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 5-də Şəki Dövlət Regional Kollecində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə kollecin müəllim və tələbələrinin, həmçinin gənc pianoçu Kamal Axundovun iştirakı ilə konsert proqramı təqdim olunub. Konsertdə festivalın təşkilatçı qurumlarının nümayəndələri, kollecin pedaqoji kollektivi, musiqişünaslar iştirak ediblər. SİA-nın müxbiri xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertin əvvəlində kollecin direktoru Sərdar Şərifov çıxış edərək Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının tədbirlərindən birinin bu təhsil ocağında keçirilməsinin artıq bir ənənəyə çevrildiyini bildirib.
Konsert proqramı kollecin xalq çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Konsertdə, həmçinin Üzeyir Hacıbəylinin “Arazbarı”, “Koroğlu” operasının V pərdəsindən rəqs, “Arşın mal alan” operettasından müqəddimə, “Asyanın mahnısı”, “Leyli və Məcnun” operasından “Bu gələn yara bənzər”, Müslüm Maqomayevin “Şah İsmayıl” operasından müqəddimə, İsmayıl Əliyevin “Çahargah sayağı” və digər əsərlər səsləndirilib.
Tamaşaçılar gənc pianoçu, beynəlxalq müsabiqələr laureatı, Tofiq Quliyev adına musiqi məktəbinin 9-cu sinif şagirdi Kamal Axundovun ifasını böyük maraqla izləyiblər.
Konsertin sonunda orkestrin və xorun ifasında Firəngiz Əlizadənin “Zəfər marşı” əsəri səsləndirilib. Konsert başa çatdıqdan sonra Şəki “İpək yolu” XIV Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək 2025-ci ilin həm də dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi ilə əlamətdar olduğunu, yubileyin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən xüsusi Sərəncamın imzalandığını diqqətə çatdırıb. Qeyd olunub ki, yubileylə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı, musiqişünas alimlər Səadət Təhmirazqızı, Mina Hacıyeva peşəkar musiqiçi kadrların hazırlanması işində kollecin kollektivinə uğurlar arzulayıblar.
Festivalın proqramına uyğun olaraq, iyulun 5-də axşam “Marxal” kompleksinin Yay Teatrında Cahangir Cahangirov adına Xor kollektivinin konserti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə