“Azərbaycan kinosunun inkişafı üçün artıq hər şey edilir. Mən özüm demək olar ki, hər həftə yeni filmlərin təqdimatına aparıcı olaraq dəvət olunuram. Bu ondan xəbər verir ki, Azərbaycan kino ındustriyası inkişafdadır, istər gənclərin uğurları, istər filmlərin dünya premyeraları, istər filmlərin festival həyatı, istər gənclərin dünya film praktikasını artırmaq istiqamətində həyata keçirilən layihələr”. Bu sözləri SİA-ya açıqlamasında Əməkdar artist, tanınmış aktyor, aparıcı Elnur Kərimov deyib.
Elnur Kərimov sözlərinə belə davam edib: “Xatırladım ki, Kino Forumu və ölkədə ilk dəfə keçirilən “Cinema Breeze” layihəsi bu sahəyə marağı olan bütün prodakşn və şirkətlər üçün kifayət qədər geniş imkan yaratdı. Hal-hazırda “Tağıyev” filmi və təqdimatı keçirilən sənədli və bədii filmlər inkişafın sürətlə getdiyinin bariz nümunəsidir.
Günay xanım və ARKA-nın yeni rəhbərliyi kinonun inkişafı və gənclərin daha çox uğur əldə etməsi məqsədi ilə dayanmadan layihələr həyata keçirir.
Azərbaycan kinosunun inkişafına töhfə vermək istəyənlər üçün gözəl yaradıcı mühit yaradılıb. Kinonun parlaq gələcəyinə inanan insanlar Azərbaycan kinosunu qorumalıdır. Çox təəssüf ki, bu sahədə gəlir mənbəyi kimi də yanaşanlar var deyə, onlar artıq özləri bəhanələr gətirərək kinodan uzaqlaşsalar, daha yaxşı olar. Mən şəxsən inkişafa inanıram və dəstəkləyirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə