"Sərəncamların verilməsi bizim yaradıcı insanlara böyük bir stimul qaynağıdır" - SORĞU
Məlumdur, ki cənab Prezident müxtəlif zamanlarda mədəniyyət və elm xadimlərinin təltif edilməsi barədə sərəncamlar imzalayır. SİA ölkəmizdə mədəniyyət xadimlərinə göstərilən diqqət və qayğı ilə bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin üzvlərinin fikirlərini öyrənib.
Deputat Şahin Seyidzadə: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə göstərilən yüksək diqqət və qayğı, ölkəmizdə bu sahəyə verilən önəmin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident, mədəni irsin qorunması, yaradıcı insanlara dəstəyin artırılması və onların əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürüdür.
Hər il müxtəlif peşə bayramları, yubileylər və milli əlamətdar günlər ərəfəsində tanınmış sənət adamlarının, yazıçıların, rəssamların, aktyorların, musiqiçilərin və digər mədəniyyət nümayəndələrinin orden və medallarla, fəxri adlarla təltif olunması bu siyasətin mühüm tərkib hissəsidir. Bu təltiflər yalnız fərdi yaradıcılığın qiymətləndirilməsi deyil, eyni zamanda milli mədəniyyətin inkişafına verilən töhfəyə dövlət səviyyəsində verilən yüksək dəyərdir.
Cənab Prezidentin sərəncamları ilə mədəniyyət xadimlərinin sosial rifahının yaxşılaşdırılması, onların mənzil-məişət şəraitinin yüksəldilməsi və sağlamlıq imkanlarının genişləndirilməsi istiqamətində də ciddi addımlar atılır. Bu qayğı nəticəsində yaradıcı şəxslər öz peşəkar fəaliyyətlərini daha yüksək motivasiya ilə davam etdirir, Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasına böyük töhfə verirlər.
Qeyd etmək lazımdır ki, mədəniyyət xalqın yaddaşı, ruhu və kimliyidir. Cənab Prezidentin bu sahəyə göstərdiyi diqqət və qayğı, Azərbaycanın gələcək nəsillərinin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasına və zəngin mədəni irsin qorunub saxlanmasına zəmin yaradır”.
Deputat Ülviyyə Həmzəyeva: “Mədəniyyət, ona dəyər verən və dəstək olan hər bir toplumu zamanın fövqündə ucaldan, ona əbədiyyət bəxş edən müqəddəs bir qüvvədir. O, xalqların yaddaşını yaşadan, onların ruhunu ifadə edən mənəvi xəzinədir. Məhz bu reallığı dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mədəniyyətimizin inkişafı və dünya miqyasında təbliği istiqamətində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirir.
Bu siyasətin parlaq təzahürlərindən biri də intellektual poeziyanın banisi, dərin fikir dünyasının söz ustası Fikrət Qocanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasıdır. Azərbaycan Respublikası Prezidentinin bu münasibətlə imzaladığı sərəncam, ölkəmizdə sənət və mədəniyyət adamlarına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Fikrət Qocanın poeziyası – sıradan deyil, şüarlardan, rəsmi ritorikadan uzaq, dərin məna daşıyan, hadisələrin mahiyyətinə enən, insan ruhunu sarsıdan, düşündürən poeziyadır. Onun şeirlərində sadəlik və şəffaflıq var, elə bu səbəbdən də oxucu şairin sözlərinə baxanda, sanki onun ruhuna da nəzər salır – “adamın bu üzünə baxanda o biri üzünü də görür”.
Fikrət Qoca ağrılı həqiqətləri dilə gətirməkdən çəkinməyən, cəmiyyətin dərdlərini öz içindən keçirərək sözə çevirən nadir sənətkarlardandır. Onun iti müşahidə qabiliyyəti, duyğuları incəliklə ifadə etməsi, şeirlərinə yazılan nəğmələrin də rəngarəngliyində və hərarətində öz əksini tapır. Elə bu səbəbdən Fikrət Qoca xalqın qəlbində taxt qurmuş, milyonların sevimli şairinə çevrilmişdir.
Bu gün də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Fikrət Qoca kimi sənətkarların yaradıcılığına verdiyi yüksək qiymət, təkcə bir şairə ehtiram deyil – bütün sənət adamları üçün örnək və stimul, milli mədəniyyətimizə olan sonsuz sevginin təcəssümüdür.
Sənət adamlarının yubileylərinin dövlət səviyyəsində qeyd olunması, onların fəaliyyətinə göstərilən yüksək diqqət, keçirilən görüşlər və təqdim olunan mükafatlar, ümumilikdə milli mədəniyyətimizin inkişafına yönəlmiş mühüm addımlardır. Prezident İlham Əliyevin mədəniyyət siyasətində bu kimi dəyərləndirmələr onun xalqın mənəvi həyatına göstərdiyi həssas münasibətin parlaq nümunəsidir.
Bu siyasət təkcə bu günümüzü deyil, gələcəyimizi də aydınlatır. Son aylarda görkəmli sənət adamları ilə bağlı imzalanmış sərəncamlar da xalq tərəfindən böyük rəğbətlə qarşılanır, cəmiyyətin mədəni ruhuna yeni nəfəs verir”.
Deputat Elnarə Akimova: “Cənab Prezidentin incəsənət xadimlərini mükafatlandırması ilk növbədə incəsənət xadimlərinə, incəsənətimizə olan böyük hörmətin və ehtiramın əlamətidir. Düşünürəm ki, bu cür sərəncamların verilməsi həm də bizim yaradıcı insanlara böyük bir stimul qaynağıdır. Çünki yaradıcı adamlar öz işlərində ən böyük stimulu tamaşaçı alqışı və dövlətlərin onlara göstərdiyi dəstəkdən, dövlətlərin onlara verdiyi hörmətdən alırlar. Bu bizim yaradıcı insanların daha da irəli getməsi və öz işlərini sevməsi baxımından önəmli məqamlardan biridir. Bu prosesləri çox təqdir edirəm.
Prezident mükafatı Ümummilli Lider Heydər Əliyevin zamanından yaradıcı insanlara verilir. Ulu Öndər hər zaman incəsənət xadimlərinə diqqət və qayğı göstərib. Ölkə başçısı tərəfindən də bu siyasət uğurla davam etdirilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə