“Heydər Əliyev 102” adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib - YENİLƏNİB/FOTOLAR
6 may tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 102 illiyinə həsr olunmuş “Heydər Əliyev 102” adlı təntənəli ədəbi-bədii tədbir təşkil edilib. SİA xəbər verir ki, konsert proqramının keçirilməsində əsas məqsəd müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini bir daha xatırlatmaq, Ulu Öndərin zəngin irsini gənc nəsil arasında təbliğ etmək olub.
Gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrin iştirak etdiyi tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.
Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış sənətçiləri və gənc ifaçılar səhnəyə çıxaraq Ulu Öndərin sevdiyi vətənpərvərlik ruhunda mahnıları səsləndiriblər. Eyni zamanda, gənclər tərəfindən şeirlər səsləndirilib və rəqs kompozisiyaları nümayiş olunub. Tədbir boyu qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videomateriallar təqdim olunub və ölkəmizdə gənclər siyasətinin formalaşmasında gördüyü işlər göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə