“XX əsr Azərbaycan musiqi tarixinin qızıl dövrdür” - SOSİOLOQ FİKRİ
“Azərbaycan milli musiqi tarixi çox zəngin ənənələrə malikdir. Tarixən bir neçə mərhələ Azərbaycan musiqisinin əsasını təşkil edir. Sözsüz ki, ilk növbədə türklərin saz, aşıq musiqi sənətinin gətirdiyi bünövrədir. Daha sonra qədim Şərq muğam sənəti və onunla bağlı olan musiqi sahələrinin verdiyi töhfələr yer alır. Bundan sonra isə el nəğmələri, xalq mahnılarımız musiqimizin əsas qollarından birini təşkil edir. Azərbaycan insanı doğulduğu andan ölümünə qədər həm musiqi, həm də şeir ilə əhatə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
O bildirib ki, Azərbaycanda çox maraqlı musiqi mühiti var: “Avropa musiqisi XIX əsrdə gəldi və XX əsrdə Üzeyir Hacıbəyov onu muğamla sintez edib, peşəkar Avropa musiqisini Azərbaycan xalq musiqisinin mühüm qoluna çevirə bildi.
Peşəkar musiqi, bəstəkarlıq məktəbi Azərbaycanda daha çox XX əsrin əvvəllərindən etibarən inkişaf etməyə başladı. XX əsr Azərbaycan musiqi tarixinin qızıl dövrdür. Xüsusilə də peşəkar şəkildə musiqinin müxtəlif qolları bu dövrdən etibarən inkişaf etməyə başladı.
XX əsrdə möhkəmlənən muğam sənətinin çiçəklənən zamanı isə məhz müstəqillik dövrümüzdür. Yəni, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva muğama himayədarlıq etdikdən sonra muğam sənətimizin qızıl dövrü başladı. Müasir dövrdə isə musiqinin müxtəlif janrları inkişaf edir. Akademik bəstəkar musiqisinə tələbat azalıb, simfonik orkestr dinləyicilər üçün əvvəlki qədər maraq kəsb etmir. Amma estrada, pop musiqisi, xalq nəğmələri və muğamın inkişafını görürük. Musiqi mədəniyyətimiz gün keçdikcə daha da inkişaf edir. Musiqi insan ruhunun dilidir və ruhun dili heç bir zaman lal qala bilməz. Buna görə də daim musiqinin inkişafının şahidi olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə