"Prezidentin Misirə Sülh Sammitinə dəvət olunması təsadüfi deyil" - ŞƏRH EDİLDİ

"Azərbaycan Prezidentinin Misirə Sülh Sammitinə dəvət olunması və bu dəvətin ABŞ administrasiyası tərəfindən göndərilməsi, dövlətimizin nüfuzunun artmasının daha bir göstəricisidir". Bu barədə SİA-ya siyasi ekspert Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, tədbirdə, bölgədə sülhün təmin olunması məsələləri geniş müzakirə olundu: "İrəliyə doğru çox böyük addım atıldı, lakin proses hələ də davam edir. Ümid olunur ki, aparılan danışıqlar arzulanan nəticəni verəcək, Fələstin dövləti yaradılacaq və iki dövlət – İsrail və Fələstin – normal qonşuluq münasibətləri şəraitində inkişaf edəcəklər.

Azərbaycan ilə Misir arasında münasibətlərin artıq 30 ildən çox tarixi var. Misir, Azərbaycanı ilk tanıyan dövlətlərdən biri olub. Siyasi baxımdan Misir uzun illər ərzində Azərbaycana dəstək göstərib və son illərdə bu münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlverişli imkanlar yaranıb. Azərbaycan Prezidentinin Misirə, Misir Prezidentinin isə Azərbaycana səfərləri dövlətlərimiz arasında əlaqələrin inkişafına böyük təkan verib. Lakin iqtisadi sahədə mövcud vəziyyət hələ tam qənaətbəxş sayılmır. Azərbaycan ilə Misir arasında ticarət dövriyyəsinin 2024-cü ildə 50 milyon dollardan az olması, təbii ki, bizi qane edə bilməz. Bu istiqamətdə vəziyyəti yaxşılaşdırmaq üçün artıq bir sıra sazişlər imzalanıb, hökumətlərarası komissiya yaradılıb və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün zəruri addımlar atılır. Bununla belə, aydındır ki, bu istiqamətdə hələ çox çalışmaq lazımdır.

Mədəni əlaqələrimiz də inkişaf edir, lakin bu sahədə də vəziyyətin hələlik qənaitbəxş olduğunu söyləyə bilmərik. Bizi sevindirən əsas məqam odur ki, Azərbaycan və Misir arasında dostluq münasibətləri formalaşıb. Hər iki dövlətin prezidentləri bu münasibətləri daha da möhkəmləndirmək üçün əllərindən gələni edirlər.

Xalqlarımızın arzusu da məhz budur – Azərbaycan və Misir arasında əlaqələrin daha da güclənməsi. Yaxın gələcəkdə arzuladığımız səviyyədə Azərbaycan–Misir münasibətlərinin formalaşacağına və yeni mərhələyə yüksələcəyinə inamımız böyükdür".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə