Dublyaj problemi: Səbəb maliyyə, yoxsa kadr çatışmazlığıdır? - RƏYLƏR

"Ölkədə dublyaj olunan filmlərin aşağı keyfiyyəti çox insanı narazı salır. Tamaşaçı filmlərin tərcümə-redaktəsindən, sinxron səslənmədəki uyğunsuzluqlardan, aktyor seçimində buraxılan səhvlərdən narahat olur. Televiziyaların böyük izləyici auditoriyasını itirməsinin əsas səbəbi qeyri-peşəkar dublyaja bağlıdır". SİA mövzu ilə bağlı sorğu keçirib.

Rejissor, dublyaj sənətçisi Kamal Yaşar əvvəllər filmlərin dublyaj olunmasında daha çox problemlər olduğunu bildirib: "Dublyajlarda sünilik hiss olunurdu. Getdikcə bu problem aradan qalxır. Amma daha da inkişaf edə bilər. Məsələn, bir filmi 5-10 aktyor deyil, daha çox aktyor səsləndirə bilər. Əslində, bunun üçün kadrlar kifayətdir. Doğrudur, peşəkar mütəxəssislərdən əlavə, yenə də kadr yetişdirmək olar. Amma maliyyə problemi də var. Çünki maliyyə nə qədər çox olsa, bir o qədər keyfiyyətli iş ortaya çıxar".

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev də fikirlərini bölüşüb: "Azərbaycanda kino industriyası sahəsində çox ciddi problemlər mövcuddur. Bildiyiniz kimi, kino industriyası əslində çox rentabelli bir sahədir. Bir sıra Qərb ölkələrinin kino industriyasının gəlirləri bunu deməyə əsas verir. Həm də kino industriyası cəmiyyət və dövlət həyatında müstəsna əhmiyyəti olan bir sahədir. Çox əfsuslar olsun ki, Azərbaycanda bu gün müasir trendlərə cavab verən, qlobal kino industriyası standartları səviyyəsində kino yaradıcılığı haqqında danışmaq olmaz. Nəinki kino yaradıcılığı, eləcə də dublyaj sahəsində də çoxlu problemlər var. Dublyaj aktyorlarının sayı çox azdır, peşəkarlıq səviyyəsi ümumən tələblərə cavab vermir. Kino industriyası sahəsində mövcud problemlərin bir çox səbəbləri var. Bu səbəblər içərisində ən mühümü kino industriyasının menecerliyinin olmaması, yəni kino yaradıcılığı institutuna, təşkilati bacarığa malik, pasionar bir sahə adamının rəhbərlik etməməsi, kino yaradıcılığına investisiya yönəldilməməsi, bu sahədə çalışan yaradıcı heyətin motivasiya edilməməsi, ssenaristlərin azlığı, kino materialı ola biləcək kontentlərin, əsərlərin yoxluğu, eyni zamanda cəmiyyətimizin və ölkəmizin son bir neçə il ərzində əldə etdiyi uğur hekayələrinin, yaşantılarının kino materialına çevirə biləcək sanballı əsərlərin azlığıdır. Çox əfsuslar olsun ki, kino yaradıcılığı sahəsində çalışanlar arasında koaliziyalar, konfliktlər var, az qala əks-mövqeli kino adamları arasında korporativ maraqlarla birləşən quruplaşmalar var. Kino industriyası sahəsində sağlam rəqabət mühiti yoxdur. Əfsuslar olsun ki, biz mətbuat vasitəsilə kino yaradıcılıq mərkəzlərinin uğur hekayələrini deyil, onların xəbər manşetlərinə çevrilən bir-birini aşağılayan ittihamlarını görürük. İlk növbədə sağlam psixoloji iqlim yaradılmalı, bu sahədə kompleks və sistemli tədbirlər görülməlidir. Azərbaycanın kino industriyasında barmaqla sayılacaq qədər az olan dublyaj aktyorları çox yaxşı olardı ki, öz təcrübələri və digər ölkələrin dublyaj aktyorlarının sənət texnologiyalarını əməkdaşlıq etdiyi ali təhsil ocağında və ya ayrıca privat təlim proqramı xüsusunda gənc dublyaj aktyorları nəslinə çatdırsın. Bununla onlar həm öz məktəblərini yaratmış, həm də sənətdə varisliyi təmin etmiş olarlar. Azərbaycanda kino materialı ola biləcək çoxlu məzmunlar var və bu kontentlər, tarixi hadisələr istedadlı ssenaristləri, aktyorları, eləcə də bu sahəyə təşkilati bacarığı olan rəhbərliyi gözləyir. O kino rəhbərliyini ki, kino industriyasındakı durğunluğu aradan qaldırsın, Azərbaycanın böyük kino yaradıcılıq məktəbinin sağ qalan mogikanlarını səfərbər etsin, nəsillərin varisliyini təmin etsin, investisiya cəlb edərək böyük yaradıcılıq ehtirası ilə müstəqil, suveren dövlətimizin yeni kino tarixini yazsın. Bu bir sosial çağırışdır. Müasir Azərbaycanın kino sahəsində əsas hədəflərindən biri də bu olmalıdır. Çünki cəmiyyəti tanıdan ən böyük dəyərlərdən biri və bəlkə də birincisi Hüseyn Cavidin təbirincə desək "Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!"

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə