Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb

Martın 17-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda diplomat Tural Rzayevin (Anaroğlu) ilk fərdi rəsm sərgisi açılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgidə nümayiş olunan rəsmlərin yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, sərginin ekspozisiyasında yer alan sənət əsərləri təbiətin gözəlliklərini əks etdirir: “Bu gün Rəssamlar İttifaqında qeyri-adi sərgi ilə tanış olmaq imkanına sahibik. Sərgidə 43 əsər təqdim olunur. Rəsmlər əsasən təbiət mövzusunu əhatə edir. Budəfəki sərgimiz, həmçinin diplomat sərgisi hesab edilir. Sərgilənən rəsmlər yüksək səviyyədədir və çox gözəl işlərdir. Düşünürəm ki, diplomat olmaq olar, amma rəssam olmaq çox çətindir, eyni zamanda bu iki keyfiyyətləri bir araya gətirmək daha da çətindir”.

Sərgimin açılmasını yüksək qiymətləndirən F.Xəlilov Tural Anaroğluna yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə çıxış edən Xalq artisti Fərhad Bədəlbəyli, Xalq yazıçısı Kamal Abdulla, akademik Rafael Hüseynov sərgidə iştirak etməkdən məmnunluqlarını bildiriblər. Sərgilənən rəsmlərin yüksək səviyyədə olduğu və çəkilən əziyyətin öz bəhrəsini verdiyi qeyd edilib. Tural Anaroğlunun ilk fərdi sərgisinin Novruz bayramı ərəfəsində keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirən natiqlər onu təbrik edib və yeni yaradıcılıq uğurları arzulayıblar.

Tural Anaroğlu ona göstərilən diqqət və qayğıya görə təbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirdə T.Anaroğluna Rəssamlar İttifaqının üzvlük vəsiqəsi təqdim olunub.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, hazırda Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasındakı səfiri olan Tural Rzayev Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə