Ay dolandı il oldu, yenə də Qurban bayramı gəldi. Mübarək olsun. Allah hər kəsin bayramını qutlu etsin, bütün arzuları, diləkləri çin, canları sağ, nəsibləri xoşbəxtlik olsun.

Bəli, Qurban bayramı gəlib çıxdı. Lakin hər Qurban bayramında axtardığım sualların cavabı bu Qurban da gəlib çıxmadı. Bayramdan söz düşmüşkən, biz bütün bayramlara, necə deyərlər, əl gəzdirmişik. Məsələn, götürək Novruzu, bu bayramın başına nə oyunlar qalmayıb açmayaq... Hərəmiz bildiyimizi əlavə etmişik bu bayrama ki, Novruz hər il bunlarla qarşılaşanda özü məəttəl qalır ki, İlahi, bunlar nədir? Vallah, Novruzun öz zənginliyi özünə bəsdir, onun yandançıxma, qondarma işlərə ehtiyacı yoxdur. Nədən söhbət açdığımı yəqin ki, bilməyən də yoxdur.

Bir az da Ramazandan danışaq. Bu bir aydır, ayın fəziləti Allah yolunda oruc tutmaq, ibadət etmək, ayın sonunda da bu on bir ayın sultanını möhtəşəm bayramla yekunlaşdırmaqdır. Biz nə edirik? Ramazanla bağlı min bir kəşf ortaya çıxarırıq. Ay oruc adam bunu etməz, onu danışmaz, o yeməyi yeməz, o sudan içməz və sair. Hələ bunlar bir yana qalsın, orucu arıqlamaq üçün vasitəyə çevirmişik ki, ta bundan danışmaq istəmirəm. Çünki uzun söhbətdir.

Budur, Qurban da gəlib yetişdi. Qurbana nələr əlavə etmişik, nələri ixtisar etmişik, bax, bunlar maraqlıdır. İllərdir ki, oxuyuram, dinləyirəm, bu bayramın əsl qayda-qanunu haqqında müfəssəl məlumat ala bilmirəm ki, bilmirəm.

Mənim üçün maraqlıdır, görəsən qurban harada, necə, kim tərəfindən, günün hansı saatında kəsilməlidir, bu bir. İkincisi, qurbanlıq olaraq hansı heyvan kəsilə bilər. Axı biz Allah-təalanın İsmayıla göndərdiyi qoçla yanaşı, dana, inək, qoyun, hünduşqa, xoruz, toyuq da kəsirik. İlahi, görəsən, əslində bunların hansı kəsilməlidir? Üçüncüsü, qurban əti kimlərə verilməlidir? Bu əti hamı pulla alıb yeməlidirmi, bu, hökmən vacibdirmi? Bəs minlərlə imkansız, həmin gün ət ala bilməyən insanlar var. Onlar bu bayram günü nə etməlidirlər? Yadımdadır, haradasa 20-25 il öncə kişilər var idi ki, Qurban bayramına saxladığı mal-heyvan arasından birini qurbanlıq üçün ad edirdi, ya da ki, Qurbana bir neçə ay qalmış bir heyvan alıb kökəldirdi ki, həmin gün öz hesabına kəsib imkansız insanlara paylasan. Görəsən indi necə?Məni düşündürən digər məsələ. Qurban günü nişanlı qızlara aparılan qoçların bəzədilməsi. Qoç bizdə kişilik rəmzidir. Görəsən onun boynuna, hətta buynuzlarına da qırmızı lentin bağlanması, üzərinə qırmızı boyanın çəkilməsi, ayaqlarına qırmızı papışın geyindirilməsi nə qədər düzdür? Bunu bilən varmı? Yenə qoyuna bəzək vurmağın yeri ola bilər. Lakin yazıq qoç bu işgəncəyə necə dözür, çox maraqlıdır.

Beləliklə, maraqlıdır, biz nə üçün hər il özümüzdən bir hoqqa çıxarırıq. Niyə olanlarımızı olduğu kimi qoruyub saxlamırıq? Görəsən səbəb nədir, kimlərin əlləri var bu bayramlara edilən əlavələrdə? Nə maraq güdürlər, nəyə nail olmağa çalışırlar? Kaş ki, elə bir adam çıxardı ki, meydana məni, mənim kimi yüzlərlə insanı düşündürən bu suallara bir açıqlama gətirərdi, məsələləri çözə bilərdi.

İnşallah, o adamı gözləyirik. Çıxsın meydana, bizim bu bayramlar əslində necə olmalıdır, onların hansı günündə hansı əməllər vacibdir, hansı artıqdır, danışsın, hamımız da bilək. Bir də ki, bu hoqqaları törədənləri qınasın, onlar da xahiş edirəm eşidib hoqqabazlıqdan əl çəksinlər. Heyifdir bu bayramlarımız...

Bütün xəbərlər Facebook səhifəmizdə