Azərbaycanın xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını nəinki Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında çoxları əzbər bilir. Bu mahnıdan anlaşılan məna ondan ibarətdir ki, ey qudurğan vəzifə mənsubları və harın iş adamları bu dünyaya çox da bel bağlamayın, bir gün olar ki, gərdişi-dövran dəyişər və siz təlatümlər burulğanında heçə çevriləsiniz. Necə ki, özlərini bəzi rayonların hakimi-mütləqi olaraq aparan, hər kəsə öz güc və qüdrətlərini göstərməyə çalışan neçə-neçə icra hakimiyyətlərinin başçıları indi dəmir barmaqlıqlar arxasındadırlar. Bir zaman gözləri ayaqlarının altını görməyən varlı iş adamları dövran dəyişdiyindən indi bir həsir, bir də Məmmədnəsir olublar. O gün bir xəbər oxudum ki, bir neçə il əvvələ qədər şirkətləri, mağazaları, restoranları, bahalı xarici avtomobilləri, evləri və villaları omuş bir iş adamı hazırda oğlu ilə birlikdə vaqonda yaşayırlar. Bu kimi ibratamiz hadisələri gördükdə, düşünürsən ki, şair belələri üçün nə gözəl deyib:

Dünyaya çox gəlib at oynadanlar,

Qılınc qaldıranlar, qalxan tutanlar.

İnsanı qul deyib, alıb satanlar,

Möhtac olub, bir yorğana görmüşəm.

Hikkəli, iddialı vəzifə mənsubu və ya varlı-karlı iş adamı başa düşmür ki, heç də bacarıqlarına və ya istedadlarına görə yuxarı mərtəbəyə yüksəlməyib. Dövran onları şərafətli zada çevirib. Elə dövran yetişər ki, palançıdan belə pay ummaq zorunda qalarlar. Deyirlər, bir gün xeyriyyəçi milyonçu Musa Nağıyev faytonda oğlu ilə birlikdə şəhərin küçələrini gəzirmiş. Oğlu gözəl bir binanı gördükdə, “ata, bu bina kimindir” deyə sual edir, xeyriyyəçi “bizimdir” cavabını verir. Oğlu əli ilə daha bir binanı göstərib, “bəs, bu bina kimindir” sualını tamamlamamış milyonçu, “o da bizimdir” deyə bildirir. Cavablardan xoşhal olan oğul, qürrəli şəkildə “o bina da… o bina da bizimdir” deyə ardıcıl suallar verir. Xeyriyyəçi gülümsəyir və oğluna deyir: “Dövran bizimdir, oğul, dövran”. İndi dünyanın hansısa tərəfdən zopaya və ya təlatümə məruz qaldığından bəzi bacarıqsız, savadsız, intellektual səviyyəsi də sıfıra bərabər olanlar mal-mülk sahibidirlər, hündür-hündür kreslolarda oturub, özlərindən qat-qat, bilikli, savadlı insanlara ədalı şəkildə göstərişlər verirlər. Belələri bəzən o dərəcədə yollarını azırlar ki, tabeçiliyində olan insanları təhqir etməkdən belə çəkinmirlər. Təəccüb doğuran məqamlardan biri də ondan ibarətdir ki, bəzi balaca “padşah”lar, yolunu azanlardan olan iş adamları cəmiyyətin onların fəaliyyətinə sərt təpki göstərmələrinə baxmayaraq, əndrəbadi əməllərindən əl çəkmirlər, əksinə, cəmiyyətə açıq saymazyana hərəkətlərini bir qədər də genişləndirirlər. Misal olaraq “Azərqaz” deyilən ictimai maraqlara zidd fəaliyyət yolu tutan bir qurumun sağa-sola istehlakçıların hüquqlarını kobud şəkildə pozmalarını, təbii qazın limitini aşağı salmaları və qarşılığında qazın keyfiyyətini bərbad vəziyyətə qoymalarını, az qala kvartalnı sayğac dəyişmə şousunu göstərmələrini göstərmək olar. O gün də “Azərqaz”ın hörmətli baş diroktoru jurnalistlərin gözünün içinə hörmətsizcəsinə baxıb deyir ki, ölkə əhalisinin 80 faizi qaz limitini keçməyib. Vallahi-billahi böyük-böyük adamları yalançılıqda və digər əməllərdə suçlamaqdan qorxuram. Səbəbim də var. Ancaq baş direktorun "əhalinin 80 faizi qaz limitini keçməyib” fikrini səsləndirməsindən elə başa düşdüm ki, müəllim çaşıb. Yəqin sonradan KİV-lərdə dediklərini oxuyanda təəccüblənib, öz dediyinə özü də inanmayıb. Ola bilsin ki, “Azərqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Eldəniz müəllim onu aldadıb. Yəni, yanlış məlumat yazıb verib, müəllim də jurnalistlərin diqqətinə çatdırıb. Bu yerdə istədim bir əcayib-qərayib, lətifə ithaf edim, “Azərqaz” rəhbərinin açıqlamasına, ancaq açığı qorxdum və biədəb lətifəni qeyd etməkdən imtina etdim. Elə həmin anda yadıma Qida Təhlükəsizliyi Agentliyinin Milli Məclisin müzakirəsinə çıxardığı “Qida təhlükəsizliyi haqqında qanuna” adamın ətini ürpəşdirən, qanını donduran müddəaların əlavə olunmasını israr etməsi düşdü. Əcəba, nədir bu müddəalar. Əxz edim, bilməyən oxucularımız da məlumatlı olsunlar. Deməli, qanuna görə, geni dəyişdirilmiş meyvə-tərəvəz məhsullarını Azərbaycanda istehsal etmək, becərmək, idxal və ixrac etmək olar. Oxucunun daha aydın baş düşməsi üçün misal çəkim: Qanuna istinad etməklə, eşşəyin, donuzun, qoyunun, keçinin qanını almaya, armuda, tərəvəzə və digər məhsullara yeritməklə istehsal edib, Məmmədə, Arifə, Cəmilə və digər minlərlə ölkədaxili soydaşımıza satmaq olar. Bu, artıq sözün bitdiyi məqamdır. Çünki insanların sağlamlığına, təhlükəsizliyinə bu dərəcədə laqeyd fəaliyyət yolu tutmaq, artıq o vəzifə mənsublarının insanı dəyərlərdən çox uzaq olduğunu təsdiqləyir.

Saymazyana hərəkətlərinə görə, “Azal” da “Azərqaz” və “Qida Təhlükəsizliyi Agentliyi”ndən heç də geri qalmır. Hətta demək olar ki, müəyyən məsələlər də onları üstələyir. Fikir vermişəm, az qala 10-15 ildir ki, cəmiyyətin bütün təbəqələri, hətta Milli Məclisdə deputatlarımız aviabiletlərin baha olmasına görə, “Azal”ı yaş yuyub, quru səriblər. Ancaq nə faydası “Azal” “dəyirman öz işindədir, çak-çak baş ağrıdır” məsəlinə əsaslanıb, öz bildiyini davam etdirir. Deyirlər, “dinsizin öhdəsindən, imansız gələr”. “Azal”ın da saymazyana qiymət fəaliyyətinə, “Azərqaz” layiqli cavabını verir. Yəni, “Azərqaz” “Azal”ı qaz kimi ayın bu başı da, o başı da yolur. Artıq “Azal”ın təbii qaza olan borcuna görə yüklənməsi səbəbindən, vay-şüvəni, Amazon meşələrindəki papuqaylara qədər gedib çıxıb. Bu baxımdan, “Azal”ın vəziyyəti fənadır.

Hər bir cəmiyyətdə olduğu kimi, bizim də çevrəmizdə kifayət qədər mənəvi dünyası zəngin, mehriban və xeyirxah insanlar var. Məhz bu insanların hesabına cəmiyyətimiz gözəldir, həyata bağlılıq, dünyaya sevgi, insanlığa hörmət var. Bir neçə dəqiqəlik fikrə dalıb, rahatca saf-çürük etsən, Azərbaycanda xeyirxah, mehriban insanların sayının fəaliyyətləri boş qazandan başqa bir şey olmayan məxluqların sayından qat-qat çox olduğu qənaətinə gəlmək olar. Müsbət rəqəm təskinlik verir. Düşünürsən ki, bir qədər də tərpəniş olsa, boş qazanların sonunu gətirmək olar. Hələlik isə, onlar var-gəldədirlər. Bir də görürsən və ya dost-tanışdan eşidirsən ki, cibi pullu, kreslolu vəzifə sahibləri, sözün həqiqi mənasında, həm lotuluq, həm də qoçuluq edirlər. Maddi imkanlarına və əliuzun olmalarından istifadə edərək, imkansız, arxasız insanlara yuxarıdan aşağı baxırlar. Bəzən elə məqam olur ku, bu əndirəbadi piylənmiş məxluqlar terroçularsayağı açıq şəkildə iddialarını və hikkələrini ortaya qoyurlar. Elə bizim bazarlara, ticarət obyektlərinə baxsan, onların əməllərini tam şəkildə görmək olar. Bir də görürsən ki, bu doymuş məhlullar saymazyana bəyan edirlər ki, “filan məhsulların və ya tələbat mallarını monopoliyaya mən almışam, lap əcəb etmişəm”. Vay o dəqiqələrə ki, kimsə cəsarətə gəlib, özündən razı əndrəbadi fikirlər söyləyənin ağzından vurmağa, ən azı onu dediklərinə peşman edə. Fəna bundan sonra yaşanar. Cəsarətli biçarəni qoçu dəstəsi dövriyyəyə alıb, qarnına çoxsaylı təpik, yumruq vurarlar. Ola bilər ki, bununla biçarə canını qurtarmasın, yuxarıdakı əmmaməli mollabaşların dəstəyi ilə onu polis bölməsinə saldırıb, gününü 10-15 günlüyə də olsa qara edər. Ona görə də, çox vaxt, sadə, kasıb, eləcə də ziyalı təbəqə piylənmiş məxluqların həngamələrinə göz yumurlar, susmağa üstünlük verirlər. Ona görə yox ki, qorxurlar, çəkinirlər. Sadəcə, onların səviyyəsinə enib, özlərini hörmətdən salmaq istəmirlər. “Başsız atlı” romanında belə bir fikr oxumuşdum, “çalış səviyyəsiz adamla mübahisə etmə, o səni öz səviyyəsinə endirib, məğlub edər”.

Bir sözlə, bir para xalqın sərvətini talamaqla özlərinə çox böyük varidat toplamış məxluqlar at oynadır, əndrəbadi işlər, əməllər törədirlər. Bu da pis-pis hadisələrin baş verməsinə yol açır. Təbii ki, onların islah olunmaları üçün sözün doğru mənasında qara maskalılara ehtiyac var. Sonda beynimdə qar-qura fikirlər dolaşır, görən dünya belə gəlib, belə də gedəcəkmi? Cavabını da özüm verirəm, bəli, dünya elə, belə gəldiyi kimi, belə də yolunu davam edəcək. Dəyişən, forma olacaq, məzmunca dünya elə həmən dünya olacaq.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə