Çox vaxt insanın başına bəla, onun sadəliyindən, qanunları bilməməsindən və laqeydliyindən gəlir. Misal: Bir də görürsən ki, məsuliyyətsiz bir insan əlləri cibində avtomabil yolunun kənarı ilə addımlayır və ya sürətlə hərəkət edən avtomaşınlara əhəmiyyət vermədən yolu keçməyə çalışır. Bu zaman həmin məsuliyyətsiz piyada hansısa səbəbdən fikirli olan sürücünün hədəfinə tuş gəlir. Belə baxanda hər ikisi bədbəxt olur. Ən yaxşı halda məsuliyyətsiz piyada xəstəxanaya göndərilir, avtomaşın sahibi isə 10-15 min manat xərcə düşməklə yanaşı sürücülük hüququndan məhrum olur. Pisidə ola bilər, olurda.

Diqqətçəkən məqam ondan ibarətdir ki, əvvəllər baş verən yol-nəqliyyat hadisələrini daha çox "Şaqman" deyilən əndrabadi yük maşınları həyata keçiridilərsə, indi təşəbbüsü avtobuslar ələ alıblar. Yəni hazırda, baş verən yol- nəqliyyat hadisələrni daha çox avtobuslar törədirlər və ya hadisənin törədilməsinə şərait yaradırlar. Bununla yanaşı sərnişindaşınma sahəsində də, ciddi qüsurlar, çatışmazlıqlar mövcuddur. Pandemiyanın tüğyan etdiyi bir vaxtda avtobuslarda belə demək mümükndürsə, ayaq basmağa yer olmur. Bəzən sərnişin sıxlığına əhəmiyyət verməyən sürücü utanıb, çəkinmədən "bir qədər mehriban olun" deyib, sərnişinlərə məsləhətdə verir. Bu halda təbii ki, sosial məsafə qaydalarının gözlənilməsi tələbindən söhbət gedə bilməz. Çünki, qeyd etdiyim kimi sərnişinlər bir-birinə çox "mehriban" olurlar. Avtobuslarda "qolumu burax", "pencəyim cırıldı", "ayaqqabımı əzdin" və bu kimi ənənənəvi narazı səslər çox eşidilib.

Bu kimi acınacaqlı vəziyyət o dərəcədə adiləşib ki, artıq bəzi sərnişinlər öyrəncəli olublar. Müşahidələrimdə bunu təsdiq edir. Yəni, ayaqqabısı tapdalanan, pencəyinin ətəyi cırılan sərnişinlər artıq susmağa üstünlük verirlər, sanki belədə olmalıdır. Xüsusilə də, şəhərdən Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslarda sıxlıq daha aqcınacaqlıdır. Bəzən sıxlığın çox olması səbəbindən, qapılar açıq qalır. Deyilənlərə görə, dəfələrlə "Koroğlu" metrostansiyasından Maştağa, Buzovna və 20 yanvar metrostansiyası yaxınlığından Müşfiqabad, Xocahəsən, Güzdək qəsəbələrinə gedən avtobusların qapılarının açıq qalması səbəbindən sərnişinlərdən yolda yıxılıb, ciddi xəsarət alanlar olub. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 142-ci maddəsinə görə hərəkətdə olan avtobusun qapılarının açıq olmasına görə, sürücüyə qarşı inzibati cəza tətbiq olunur.

Amma görünən odur ki, sürücü qanunları qulaqardına vurur və sərnişinlərin həyatlarını təhlükə qarşısında qoyurlar. Bilirsiniz ki, dünyada məsləhət verməkdən, yol göstərməkdən asan şey yoxdur. Əziyyəti yox, pulda ki, xərcləmirsən. Həmin məsləhətverməyə həvəsli olan şəxslər sosial şəbəkələrdə haray çəkirlər ki, sıxlıq olmaması üçün insanlar avtobuslara minməsinlər. Əla, məsləhət üçün sağ olun. Bəs insanlar mənzil başına necə getsinlər? Bir... iki... beş... Avtobusların hamısı dayanacağa sərnişinlə dolu daxil olurlar. Çarəsiz sərnişin ədəb, ərkan qaydalarını 40-45 dəqiqəlik kənara qoyub, avtobusa minməyə can atır. Təbii ki, o bilir ki, salonda onu hansı çətinliklər, səddlər gözləyir. Buna baxmayaraq sərnişinlə dolu olan avtobusa minir. Əslində, problemi köklü şəkildə həll etmək mümkündür.

Bakı Nəqliyyat Agentlyinin rəhbərliyi bir az sərnişinlərin maraqlarını düşünsələr problemi həll etmək olar. Yəni, avtobusların sayını artırmaq və peşəkar sürücülərin sükan arxasında oturmalarını təmin etməklə sərnişinlərin rahat, təhlükəsiz mənzil başına çatmalarına şərait yaratmaq mümkündür. O gün saytların birində Bakı Nəqliyyat Agentlyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin avtobuslardakı sərnişin sıxlığlna münasibətinə rast gəldim. M.Ağayev pik saatları nəzərdə tutaraq qeyd edir ki, "sərnişin avtobuslarının sayı kifayət qədərdir, ancaq bir neçə saat üçün avtobusların sayını artırmağa gərək yoxdur". Eşq olsun, əhsən... nə bilim nələr. İnsanlar işə, evə gedib, gəlməyə əziyyət çəkir, bu qardaş da deyir ki, avtobus kifayət qədərdir, amma xəttə buraxmırıq.

Nə yazım və ya qeyd edim ki, bu məxluqun yanlış fikirinə cavab olsun. Sadəcə, fikirmdən keçirdim ki, Bakı Nəqliyyat Agentlyinin rəhbərliyini M.Ağayevlə birlikdə çox yox, bir həftə sıxlığın hakim kəsildiyi avtobuslarla işə və geriyə - evə gedib, gələmələrinə məcbur edəsən ki, bəlkə bundan sonra digər avtobusları da xəttə buraxalar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə