“Qida təhlükəsizliyi və keyfiyyəti bir-birindən fərqli anlayışlardır. Bir qida məhsulu təhlükəsiz ola bilər, yəni insan sağlamlığı üçün dərhal zərərli deyil, lakin bu, onun keyfiyyətli olduğu anlamına gəlmir. Keyfiyyətsiz qida tərkibində kifayət qədər qida dəyəri olmayan, dad və görünüş baxımından aşağı səviyyədə olan, uzunmüddətli istifadə zamanı isə sağlamlığa mənfi təsir göstərən məhsuldur. Təhlükəli qida isə dərhal və ya qısa müddətdə orqanizmə ciddi ziyan vuraraq zəhərlənməyə və hətta ölümə səbəb ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, bəzi hallarda Azərbaycana xaricdən gətirilən məhsullar nə təhlükəsizlik, nə də keyfiyyət baxımından standartlara cavab verir: “Belə məhsulların nəzarətsiz bazara daxil olması həm insan sağlamlığına, həm də ölkənin ümumi ərzaq təhlükəsizliyinə təhdid yaradır. Bu səbəbdən qida idxalına ciddi nəzarət, sertifikatlaşdırma və laboratoriya yoxlamaları vacibdir. Həmçinin, yerli istehsalın gücləndirilməsi, sağlam və keyfiyyətli qidanın təşviqi də prioritet olmalıdır.
Ev şəraitində, nəzarətsiz formada hazırlanan şorabalardan toylarda, yas mərasimlərində, müxtəlif məclislərdə geniş istifadə olunur. Hər il zəhərlənmə faktlarının azı bir hissəsi məhz bu qidalardan qaynaqlanır. Bu artıq sadəcə gigiyenik deyil, mədəni məsələdir. Azərbaycanın qida mədəniyyətində bu növ məsuliyyətsizliyə son qoyulmalıdır.
Azad İstehlakçılar Birliyinin bu sahədə apardığı maarifləndirici tədbirlər, xüsusilə də ev şorabalarının təhlükəsizliyi barədə hazırlanan məlumatlandırma aksiyaları təqdirəlayiqdir. Amma bu təşəbbüslər daha geniş miqyasda, dövlət dəstəyi ilə, ciddi nəzarət mexanizmləri ilə davam etdirilməlidir.
Digər mühüm təhlükə isə bazardakı spirtli içkilərlə bağlıdır. Son illərdə ölkədə satılan bir çox bahalı içki məhsulunun saxta və ya mənşəyi məlum olmayan tərkiblərlə doldurulduğu faktları üzə çıxıb. Bu cür halların qarşısını almaq üçün müvafiq dövlət qurumları məsuliyyətlə fəaliyyət göstərməli, bazarlarda, restoran və barlarda satılan məhsullara ciddi nəzarət etməlidirlər. Qida təhlükəsizliyi yalnız dövlətin yox, eyni zamanda cəmiyyətin, fərdin də məsuliyyətidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB