“Bəşəriyyətə təhlükə olan erməni vandallığına qarşı həmrəy olaq!”

Erməni vandalizmi və barbarlığı 30 ilə yaxın müddətdə işğal altında olmuş Azərbaycanın bütün ərazilərində özünü göstərib. İşğal edilən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və digər ərazilərimizdə yaşı min illərə bərabər olan dini, tarixi, mədəni abidələrin, məscidlərin ermənilər tərəfindən dağıdılması, Azərbaycan xalqının milli-mənəvi yaddaşına zərbə vurmaq, bəşəriyyətə düşmənçilik deməkdir. Törədilən vandallıq həm də onu göstərir ki, erməni faşistləri dini, mədəni və tarixi dəyərlərə böyük nifrət bəsləyirlər. Araşdırmalara əsaslanaraq qeyd etmək olar ki, erməni faşistləri işğal zamanı Azərbaycana məxsus onlarla tarixi abidəni, məscid və mədəni irs nümunələrini yer üzündən siliblər. Bəzi nümunə kimi saxladıqları məscidlərdə isə donuz və mal-qara saxlayıblar. Misal olaraq Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan cümə məscidlərində mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilməsini, Şuşa şəhərindəki Aşağı və Yuxarı Gövhərağa, Köçərli, Mərdinli məscidlərinin dağıdılmasını göstərmək olar. Bu kimi ürək ağrıdıcı faktlar ümumilikdə müsəlman dünyasına, dini dəyərlərə hörmətsizlikdir.

Müvafiq dövlət qurumlarından aldığımız məlumata görə, işğal altındakı Azərbaycan torpaqlarında 403 tarixi-dini abidələr olub ki, onlardan da 67-si məscid (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8), 144-ü məbəd, 192-si ziyarətgahdır. İşğal ərazisində yerləşmiş 67 məscidin 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yaşı 300-350 min olan ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları vandallığa məruz qalıb. Həmçinin, qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli, dini, tarixi dəyərlərimiz məhv edilib. Bütün bunlar “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının tələblərinin erməni vəhşiləri tərəfindən kobud şəkildə pozulması deməkdir. Ermənistanın 30 il ərzində Azərbaycanın işğal edilən ərazilərində törətdiyi vəhşiliklərə sentyabrın 27-dən sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü və qüdrətli Azərbaycan ordusu son qoydu və bununla da qaranlığa bürünən torpaqlarımıza günəş doğdu.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Cəbrayıl, Füzuli, Ağdam şəhərlərinə və özündə min illik tarix yaşadan Xudafərin körpüsünü ziyarət etmələri milli varlığımıza qürurlu anlar yaşatdı. Ağdam şəhərində olan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yerin nəmli və soyuq olmasına baxmayaraq, ayaqyalın məscidə daxil olmaları onların milli dəyərlərimizə böyük dəyər verdiklərini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev Ağdam məscidinə Məkkədən gətirdiyi "Qurani-Kərim"i bağışlayaraq demişdir: "Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan xahiş edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib. Biz gücümüzü səfərbər edərək, bax, bu tarixi günləri yaşayırıq. Bu, həqiqətən də tarixi günlərdir. Bəlkə də çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Biz bunu birliyimiz sayəsində qazanmışıq, gücümüz sayəsində qazanmışıq. Heç kim bizə kömək etməyib. Əksinə, ancaq maneçilik törədib. Gün gələcək bu barədə də ətraflı danışacağam".

Bəli, Prezidentimizin və xalqımızın dualarını Ulu Tanrı eşitdi və erməni barbarlarından torpaqlarımız azad olundu. Biz artıq Cəbrayıldayıq, Füzulidəyik, Zəngilandayıq, Qubadlıdayıq, Şuşadayıq, Ağdamdayıq, Kəlbəcərdəyik, bir sözlə, biz Qarabağdayıq. Əminəm ki, dünya birliyi erməni vəhşiliyindən və vandallığından kifayət qədər məlumatlıdır. Bu baxımdan, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan dünya birliyi, demokratik düşüncəli dünya xalqları erməni vandallarının ciddi şəkildə cəzalandırılması üçün öz səslərini qaldıracaqlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə