Güclü Azərbaycan və yoxsul Ermənistan: real iqtisadi inkişafla qələbəyə doğru

Avqustun 28-də Beyləqan rayonunda Azərbaycan Prezidenti İlham Əliyev yerli sakinlər ilə görüşündə Ermənistanın özünun artıq xarici yardım olmadan yaşaya, iqtisadi inkişafa nail ola və hətta öz təhlükəsizliyini qoruya bilmədiyini etiraf etdiyini bəyan etdi. Cənab Prezident dedi ki, bu, əslində erməni dövlətinin iflası deməkdir. "Ermənistanın işğalçı siyasəti imkan vermədi ki, erməni xalqı da əsl müstəqilliyə qovuşsun. İndi asılı vəziyyətdə, aciz durumda xarici yardım, ianə olmadan yaşaya bilmir". Cənab Prezident bəyan etmişdir ki, biz hələ çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. "Ancaq öz ardıcıl siyasətimizi aparırıq, Ermənistanı bütün layihələrdən təcrid etmişik, orada çox böyük böhran yaşanır, həm iqtisadi, həm siyasi, həm hərbi böhran və eyni zamanda, getdikcə əhalinin sayı azalır. Bizdə artır, orada azalır və tarixin gedişatı ona gətirib çıxaracaq ki, bir neçə ildən sonra bu fərq, bu uçurum o həddə çatacaq ki, bu, özü-özlüyündə danışıqlar prosesində müsbət rol oynayacaq. Biz isə ordumuzu gücləndirməklə, iqtisadi gücümüzü artırmaqla, regionları inkişaf etdirməklə və beynəlxalq arenadakı mövqelərimizi möhkəmləndirməklə güclənirik. Hər gün biz güclənirik, hər gün Ermənistan zəifləyir".

Azərbaycan Prezidentinin regiondakı vəziyyət, xüsusən də inkişaf edən Azərbaycan kölgəsində zəifləyən Ermənistan ilə bağlı bəyanatı münaqişənin həllində ölkəmizin mövqeyinin ciddi şəkildə güclənməsindən xəbər verir. Bu bir daha təsdiq edir ki, regional layihələrdə düşmən qonşumuzun sıxışdırılması ilə bağlı Azərbaycanın apardığı strateji-gepolitik siyasət artıq öz töhvələrini göstərməkdədir. Azərbaycan və bizimlə əməkdaşlıq edən Gürcüstan inkişaf edir, Ermənistan isə hələ də iqtisadi böhran bataqlığında çapalayır. Ermənistan hökumətinin həyata keçirdiyi separatçı siyasət nəinki regionda təhlükəsizliyin formalaşmasına maeə olur, eyni zamanda bu ölkəni də yoxsulluq girdabında saxlamaqda davam edir.

Bir müddət öncə, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının yaydığı hesabatda qeyd edilir ki, iqtisadi inkişaf münaqişələrin həllində artıq əsas vasitəyə çevrilir. Müharibələrin xalqların iqtisadi inkişafına mənfi təsir etdiyini bir daha təsdiq edən təşkilat ekspertlərinin rəyinə əsasən, münaqişə zonalarındakı inkişaf probleminin həlli üçün əsas baza rolunu oynaya bilər. Bu əslində, bir daha təsdiq edir ki, işğalçı siyasəti davam edənədək Ermənistanın sıxışdırılması siyasəti strateji əsaslandırılmış bir yanaşma idi.

İttifaq dövründə uzun müddət Moskvanın maliyyə dəstəyindən faydalanan Ermənistanda iqtisadi-sosial durum keçmiş SSRİ dağılan zaman Azərbaycandan heç də ciddi fərqlənmirdi. O zaman müharibəyə iqtisadi baxımdan üstün mövqe ilə başlayan düşmən qonşumuz 22 il sonra məhz öz işğalçı siyasətinin nəticəsində regional inkişafdan geri qaldı.

Yoxsul Ermənistan Güclü Azərbaycanla üz-üzə

İstər bizim, istərsə də düşmən qonşumuzun rəsmi rəqəmlərinin müqayisəsi göstərir ki, ölkəmizin xüsusən də son 10 ildə keçdiyi iqtisadi inkişaf yolu regionda iki fərqli dövlət formalaşıb: güclu Azərbaycan və yoxsul Ermənistan. Nəinki beynəlxalq təşkilatların, hətta Ermənistanın dövlət qurumlarının rəqəmləri də təsdiq edir ki, mənfur qonşumuz yalnız yoxsulluq içərsində yaşamır, eyni zamanda iqtisadi baxımdan ölkəmiz ilə hətta müqayisəyə belə gələ bilmir.

Sadəcə rəsmi rəqəmlərə istinad göstərir ki, Azərbaycanın dövlət gəlirləri düşmən qonşumuzun qazancından nə az-nə çox 10 dəfə çoxdur. Dövlət büdcəmizin gəlirləri 25 milyard dollar çatdığı halda bu göstərici Ermənistanda cəmi 2.5 milyard dollardır.

Kiçik büdcəyə malik olan Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir. İllik 2.1 milyard dollar müdafiə xərcinə malik olan Azərbaycan bu kateqoriya üzrə düşmən ölkəni 5 dəfəyə yaxın üstəliyir. Digər tərəfdən, Ermənistan ümumi büdcə xərclərini 20 faizini hərbi sektora ayırmaqla Avropa Birliyinin bu xərclərinin büdcədəki payı ilə bağlı standartlarına məhəl qoymasa da Azərbaycan müdafiə xərclərinin dəyər ifadəsində çox olmasına baxmayaraq bu xərc maddəsinin ümumi büdcə xərclərində payı 8 faizə yaxındır. Bu baxımdan, hərbi xərclərinin dəyər ifadəsində Azərbaycana kəskin uduzan Ermənistan əslində hərbi xərclər ilə bağlı Avropa faiz kvotasına məhəl qoymasa da reallıq bundan ibarətdir ki, ölkəmizin müdafiə xərcləri təxminən düşmən qonşumuzun ümümi büdcəsi həcmindədir.

Təbii ki, düşmən qonşumuzu bütün makro-iqtisadi göstəricilərə görə Azərbaycandan dəfələrlə geri qalır. Cəmi 10 milyard dollar Ümumi Daxili Məhsula malik olan Ermənistanda iqtisadiyyatın formalaşmasına lobbi yardımlar və ianələr xüsusi rol oynadığı üçün bu düşmən ölkənin iqtisadi inkişafı üçün dayanıqlı zəmin yaratmır. 74 milyard dollar ÜDM-ə malik olan ölkəmizin iqtisadi potensialı düşmən ölkə ilə müqayisədə 7.4 dəfə çoxdur. Praktik olaraq, dövlət gəlirlərində ciddi müqayisəli üstünlüyə malik olan Azərbaycan iqtsiadiyyatı miqyasına görə də düşmən ölkəni kəskin üstələyir.

Göründüyü kimi, ölkələrinin iqtisadi güclərini müqayisə etmək hətta çətindir. Kiçik ÜDM-ə malik olan Ermənistan eyni zamanda gözünü daha çox xarici yardımlara, daha doğrusu başqalarının əlinə tikib. Bu isə, düşmən qonşumuzda bir növ "dilənçilk sindiromu" formalaşdırıb.

İqtisadi artım: pozitiv Azərbaycan və neqativ Ermənistan

Ermənistan iqtisadiyyatı ilə bağlı digər diqqəti çəkən məqam iqtisadi artımın real olmamasıdır. Belə ki, ötən ilin yekunlarında 3.5 faiz iqtisadi artıma malik olan işğalçı ölkədə infliyasiya səviyyəsi 5.9 faiz olub. Bu isə o deməkdir ki, inflyasiya iqtisadi artımı 60 faiz istəliyib və bu da artım real deyil nominal olmasına gətirib çıxarıb. Qeyd edək ki, 2013-cü ildə ölkəmizdə iqtisadi artım 5.8, inflyasiya səviyyəsi isə 2.4 faiz olub. Artımın reallığı baxımdan da Azərbaycan Ermənistanı kəskin üstələyir. Ölkəmizdə iqtisadi artım inflyasiya səviyyəsindən 2.5 dəfə çoxdur. Bu isə Ermənistandan fərqli olaraq Azərbaycanda artımın real olduğunu göstərir.

Göründüyü kimi, Azərbaycan pozitiv real iqtisadi artıma malik olduğu halda düşmən qonşumuz neqativ artıma malikdir. Bu isə o deməkdir ki, inflyasiya nəzərə alınanda Ermənistanda artım deyil, əslində geriləmə müşahidə edilməkdədir.

Ermənistan yoxsulluq səviyyəsinə görə, MDB ölkələri arasında ən pis göstəriciyə malik olan dövlətlərdəndir. Bu ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 32.4 faizi yoxsulluq həddində yaşayır. Mərkəzi Bankının hesablamalarına görə isə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 32.4 faizinin yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərindən 1-nin yoxsul həddə yaşadığını göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir.

Azərbaycan Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə yoxsulluq səviyyəsi 5.7 faizdir. Praktik olaraq, ölkəmizdə son dekadada yoxsulluq səviyyəsi 49 faizdən 5.7 faizədək azalmışdır. Bu isə ondan xəbər verir ki, yoxsulluq səviyyəsinə görə, ölkəmizdə vəziyyət mənfur qonuşumuz ilə müqayisədə ən azı 7 dəfə yaxşıdır.

Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi 17.9 faizdir. Beynəlxalq hesabatlarda isə bu göstərivi 36 faizə yaxın göstərirlir. Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Müqayisə üçün qeyd edək ki, ölkəmizdə işsizlik səviyyəsi cəmi 5.2 faizdir.

Neqativ Ermənistanın neqativ təbii artımı

Yoxsulluq əhalinin Ermənistanı tərk etməsinə və eləcə də təbii artımın səviyyəsinin neqativ olmasına gətirib çıxarıb. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ölkədə təbii artım mənfi 6 faizdir. Deməli, əhalidə artım deyil, azalma və qocalma müşahidə edilir. Qeyd edək ki, ölkəmizdə təbii artım 13 faizdir. Praktik olaraq ölkəmizdə təbii artım səviyyəsinə görə, dünyada lider ölkələrdən hesab edilir.

Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3.5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb. Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir. Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir. Belə ki, bu göstərici Azərbaycanda 8.2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyı malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14.1 faiz) qabaqlayır. Ermənistan isə MDB-də ən pis göstəriciyə malik ölkələrdən hesab edilir. Qeyd edək ki, Azərbaycanda dövlət rezervlərinin məbləği xarici borcları 9 dəfəyə yaxın üstələyib.

Beləliklə, iqtisadi və sosial göstəricilərin müqayisəsi göstərir ki, Azərbaycan iqtisadi inkişafı ilə qələbəyə hər an yaxınlaşır. İqtisadi inkişaf ölkəmizin mövqelərinin güclənməsinə imkan yaradır. Məhz belə mövqemiz tezliklə işğal altında olan topraqlarımızın azad olunacağına ciddi inam formalaşdırıb. Cənab Prezidenti eyni zamanda bəyan etmişdir ki, "torpaqlarımız hələ ki, işğal altındadır. Ancaq özləri də bilirlər ki, bu, müvəqqəti bir vəziyyətdir". Azərbaycanın artan iqtisadi gücü işğal altında qalan torpaqlarımıza tezliklə qayıdacağımızdan xəbər verir.

Bütün xəbərlər Facebook səhifəmizdə