“Cənab Morninqstar, “Quantanamo”nu göz önünə gətirin…”

Deyirəm, "demokratiya" və "insan hüquqları"anlayışını hər kim icad eləyibsə, böyük ehtimalla əməlli- başlı savab, alqış, rəhmət yiyəsi olub. Niyə? Çünki, adamın ağlına belə gəlməzdi ki, on illər, yüz illər keçəcək və bir gün dünyanı bölüşdürmək istəyində olan fövqəldövlətlər həmin anlayışları öz dədə malı kimi istismar edəcəklər. Ağına və bozuna baxmadan. Sağını və solunu görmədən. Üstəgəl, bu "anası ölmüş" demokratiyanın üzərindəki ən xırda problemləri, qüsurları, ziddiyyətləri çözmədən…

Daha sonra isə biləcəydik ki, "demokratiya" və "insan hüquqları" demə həm də vətəndaş qırğını imiş, dövlət çevrilişi imiş, hakimiyyət istilası imiş…Və ya haqqında danışdığım anlayışlar bir də pambıqla baş kəsmək imiş, göz çıxarmaq imiş, köz dağlamaq imiş. Səddam Hüseyni milyonların gözü qarşısında diri-diri asmaq, Qəzzafini günün-günorta çağı qanına qəltan eləmək imiş. "Maydan"dakı insanları bir ambisiya uğruna qarışqa kimi qırdırmaq, Liviya adında dövləti bir an içində cəhənnəmə döndərmək imiş. Hə..,bir də Rusiyadan ordusuna, İrandan bombasına, Şimali Koreya diktatorundan isə elə hər zadına görə qorxmaq imiş…

Bax, budur dünyanın təbliğ etdiyi və üstəgəl hamıdan israrla tələb etdiyi demokratiya!

Həmin bu "demokratiya", eyni zamanda "insan hüquqları" harda bitir, nə cür toxumdur, hansı formada əkilir, biçilir? – Bu haqqda tam təfsilatlı məlumatım yoxdur. Amma bildiyim qədər əlahəzrət fövqəldövlətlərdən savayı hər yerdə "parnik"ləri var. Bostançı rolunda da əsasən səfirlər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri çıxış edir. Düzdür, heç də hər dəfə əkilən toxumlar, daha doğrusu beyinlər altına basdırılan ştillər bəhrə vermir, məhsul bolluğu olmur. Amma deyim ki, tutanda tutur. Məsələn, 2005-də Ukrayna və Gürcüstanda tutduğu kimi. Və elə məqamındaca bir haşiyə çıxıb qeyd etmək istəyirəm: yəqin həmin torpaqların məhsuldarlıq səbəbindən idi ki, dırnaqarası demokratiya təmsilçilərinin ağzında şirə qaldı və eyni adlı dövlətlərdə növbəti bar yığımına başladılar. Bir tərəfdə Saakaşvili devrildi, digər tərəfdə isə Yanukoviç…

Dayanmaq söhbəti isə yoxdur. Hər tərəfə bir qarmaq atırlar. Qarmaq alınmayanda isə cırmaq. Və bir daha xatırlatmaq istəyirəm: Bütün hadisələr, gedişatlar, hərəki realizələr də sırf demokratiya və insan hüquqları şablonu altnda baş verir. Mövzu qıtlığı isə yoxdur: Quş qripindən tumuş Avrointeqrasiyaya qədər, politologiyadan tutmuş qinekologiyaya qədər və nəhayət - Xədicə İsmayıldan tutmuş Rauf Mirqədirova qədər - hər sey haqqında danışırlar. Və bir tək danışmırlar, həm də özlərinə sərf edən formada təftiş eləyirlər, müzakirə açırlar, analiz verirlər… Xüsusi adları isə təsadüfən çəkmədim. Ələlxüsus da Rauf bəyin timsalında. Belə ki o, məlumunuz olduğu kimi bir müddət öncə Türkiyədən deportasiya olundu və hazırda istintaq orqanlarının nəzarəti altındadır. Yəni üzərində konkret cinayət təqibi var. Üstəgəl, hələ adamın yaxınları, doğmaları, qohumları, hətta vəkilləri belə qalıb bir kənarda, fikir söyləmirlər….amma beynəlxalq təşkilatlar, qış yuxusundan yeniəcə oyanan müxalifətimiz və nəhayət harda aş - orda baş "səfirimiz" Morninqstar artıq ortalıqda meydan sulayır, özünə əl qatıb.

Və, niyə səfirimiz dedim? – Çünki, son zamanlar bəlli deyil: Bu adam Amerikanımı Azərbaycanda təmsil edir, yoxsa Azərbaycanımı Amerikada?. Cənab Morninqstar jurnalistin həbsindən narahat olduqlarını bəyan edib. Təbii, səfirlik adından. Və deyim ki elə prosesin gedişatında ən maraqlı məqam da budur. Və ya adam 1 milyon qaçqının taleynidən, üstəgəl özlərinin də üzvü olduğu ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, ya da tutaq Qarabağ münaqişəsinin dalana dirənməsindən və nəhayət ümümən Azərbaycanın taleyüklü məsələlərindən narahat deyil, amma bir jurnalistin həbsindən narahatdır. Oysa, cənab səfirin bilməsi gərəkən bir sıra məqamlar var: Əvvəla, narahat olmağa heç bir əsas yoxdur. Ürəyinizi buz kimi saxlayın. Ələlxüsus da bu cür xırda-para məsələlərdə. Yox əgər narahat olmağa illah ki qərarlısınızsa o zaman gedin təyinatınıza və səlahiyyətinizə aid məsələlərdən narahat olun! Azərbaycan dövlətinin daxili işlərini və ya hüquq-mühafizə orqanlarının fəaliyyətini təftiş eləmək ən azından sizlərə düşməz! İkincisi, Rauf Mirqədirov siyasətçi deyil, jurnalistdir. Odur ki, məsələni siyasiləşdirməyin də inanın, heç bir perspektivi olmayacaq. Hər nə qədər buna cəhd və mövzu üzərində blef etmək istəyiniz olsa belə! Ortalıqda deportasiya faktı var, istintaq orqanlarının gəldiyi qənaət var, araşdırma pridmeti var. Eyni zamanda bu ölkə Amerikanın deyil, Azərbaycanın qanunları ilə idarə olunur. Belə olan halda isə necə deyərlər: "Məsləhətinizə bir quş". Və ya gedin o məsləhəti elə birilərinə verin ki, həmin məsləhət keçərli olsun. Ya da ən pis halda hörmətsiz olmasın! Və nəhayət…demokratiyadan, üstəgəl insan hüquqlarından danışarkən heç uzağa getmirəm, elə ancaq "Quantanamo" həbsxanasını göz önünə gətirin və sonra danışın. Yox əgər israrla "bizim də demokratiyamız budur"- söyləyirsinizsə, o zaman qüsura baxmayın: Biz sizin qədər ola bilmirik. Biz sizin qədər deyilik….

Bütün xəbərlər Facebook səhifəmizdə