Naxçıvan Muxtar Respublikasının konstitusiya statusu

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi

Naxçıvanın muxtariyyəti milli əhəmiyyət kəsb etmədiyindən, yalnız regionun beynəlxalq, hərbi, iqtisadi, geosiyasi vəziyyətin nəticəsi olaraq qədim Azərbaycan torpaqlarının xilası məqsədi güdən çox məqsədyönlü və ağıllı bir addım olmuşdur. Lakin bu muxtariyyət heç də rahat və asan yaranıb inkişaf etməmiş, yarandığı gündən erməni şovinistlərinin göz dağına çevirməklə daim iştahlarını qabartmışdır. Bununla belə Moskva və Qars müqavilələrinin müddətlə məhdudlaşmayan hüqüqi qüvvəsi və Naxçıvan əhalisinin və rəhbərlərinin comərdliyi bu diyarın yaşamasının qarantı olmuşdur və olacaqdar.

Naxçıvanın spesfik tarixi, beynəlxalq statusu və geosiyasi mövqeyi onun dövlətcilik tarixində və müasir dövlətçilik intitutlarının formalaşmasında özünə məxsusluğu, idarəçilik ənənlərini əks etdirmişdi. 1918-1924-cü illərdə bu ərazidə cərəyan edən regiondaxili, eləcə də Azərbaycanın mərkəzi hakimiyyəti ilə olan münasibətlər və Rusiya Türkiyə arsında cərəyan edən hərbi-siyasi münasibətlər, regionun geosiyasi mövqeyi Moskva və Qars beynəlxalq müqavilələrin sayəsində Naxçıvanın beynəlxalq hüquqi status qazanması ilə şərtlənmişdir.

Azərbaycan Respublikası 1995-ci il Konstitusiyası Vlll fəsli bütövlükdə Naxçıvanın statusunu nəzərdə tutur və qeyd edir ki, "Naxçıvan MR Azərbaycan Respublikası tərkibində muxtar dövlətdir. Naxçıvan MR statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan MR Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir". Lakin bu heç də Azərbaycanın unitarlığına zərər gətirmir, əksinə Azərbaycanın əsas hissəsindən aralı düşən, düşmən əhatəsində eksklav halında mövcudiyyətini sürdürən Naxçıvan MR-da Azərbaycanın vahid dövlətçilik siyasətinin istənilən istiqamətinin ümumi qaydada aparılmasını həm Azərbaycan Respublikasının Konstitusiyası, həm də Naxçıvan MR Konstitusiyası da qəti müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiyası normativ hüquqi aktların Naxçıvan MR-də birbaşa hüquqi qüvvəsini göstərməklə Azərbaycan Respublikasının unitarlığını pozmadan və həmçinin bu unitarlıq fonunda Naxçıvanın tarixi nailiyyəti, ağır sınaqların bəhrəsi olan muxtariyyətini çox dəqiq və konkret hüquqi ifadəsi verərək qeyd edir ki, "Azərbaycan Respublikası Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan MR ərazisində məcburidir. Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi Naxçıvan MR Konstitusiya qanunları müvafiq olaraq Azərbaycan Respublika Konstitusiyasına və qanunlarına; Naxçıvan MR Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının Prezidentinin Fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır". Bu hökm tamamilə Azərbaycan Respublikası Konstitusiyasının "Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır" müddəasına müvafiqdir. Çünki digər bir halda isə Azərbaycan Respublikasının Konstitusiyası göstərir ki, "Naxçıvan MR-in Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir". Bu müddəa bir daha təsdiq edir ki, Naxçıvan MR-in Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyası Qanunu olmaq etibarə ilə Azərbaycan qanunvericilik sistemində daha üstün hüquqi qüvvəyə malik olmaqla heç bir qanun və daha alt normativ hüquqi akt ona zidd ola bilməz.

Naxçıvanın muxtariyyəti Azərbaycanın unitar dövlətçiliyində uğurlu addımdır. Unitarlığı bəyan edən Konstitusiyada Naxçıvan MR statusunun üzvi surətdə vəhdəti öz əksini "Konstitusiya Qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir", "Naxçıvan MR qanunvericilik sistemi Azərbaycan Respublikası qanunvericilik sisteminə uyğun olmalıdır", Naxçıvan MR Konstitusiyası ilə isə "Naxçıvan MR Azərbaycan Respublikası və Naxçıvan MR Konstitusiyaları ilə onun səlahiyyətlərinə aid olan məsələlərin həllində belə Azərbaycan Respublikasının ümumi mənafeyi ilə bağlıdır", "Naxçıvan MR Konstitusiyası Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edilməlidir" kimi müddəalarında tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyası özündə birbaşa Naxçıvan MR-in səlahiyyət və hüquqlarını təsbit edən müddəaları ehtiva edərək, Naxçıvan MR-in Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı xüsusi, tarixi rolunu anlayaraq, qiymət verərək Naxçıvan MR-ə qanunvericilik hakimiyyəti olan Naxçıvan MR Ali Məclisinin şəxsində Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası əlavə olaraq Naxçıvan MR-ə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin şəxsində sorğu vermək hüququ verir. Bu da adi qanunlarda və Azərbaycan Respublikası Konstitusiyası müddəaları ilə Naxçıvan MR-nın konstitusion səlahiyyətlərini azaltmağa yönələn hərəkətlərin qarşısını almağa xidmət etmək kimi ali bir məqsəd daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyası birbaşa və qəti olaraq hakimiyyətlərin bölgüsü prinsipindən çıxış edərək göstərir ki, "Naxçıvan MR qanunvericilik hakimiyyətini Naxçıvan MR Ali Məclisi, İcra hakimiyyətini Naxçıvan MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan MR-nın məhkəmələri həyata keçirir".

1990-cı ildə təşkil edilən və Naxçıvan MR dövlətçilik tarixində özünə xüsusi yer tutan, dövlətçilik atributuna çevrilən ali vəzifəli şəxs institutu da konstitusiyon status qazanmışdır. Naxçıvan MR-da dövlətçiliyin varisliyini təmin etmək hüququ da konstitusion hüquqlarla ali vəzifəli şəxsin səlahiyyətləri sırasına daxil edilərək onun üzərinə çox məsul və tarixi vəzifə qoymuşdur. Bu vəzifənin icraçısı kimi Naxçıvan MR Ali Məclisinin Sədri göstərilmişdir. Muxtar respublikada hakimiyyət qanadlarının kordinasiya edilməsi istiqamətində səalhiyyətləri həyata keçirməklə ali vəzifəli şəxs muxtar respublikada siyasi-inzibati sabitliyi təmin etməklə onun qarantı olmaqdadır. Buna görə də muxtar respiblikada təyinatlar zamanı muxtar republikanın mənafeyinin qoruyucusu kimi onun rəyinin alınması qanunvericilik səviyyəsində də, Azərbaycan Respublikasının bir çox normativ hüquqi aktı ilə təsbit edilməkdədir. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında ƏSASNAMƏ" də göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsinə uyğun olaraq, Naxçıvan MR-də yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Naxçıvan MR Ali Məclisi üzvlərinin sayı, vəkalət müddəti və təşkilati quruluşu da birbaşa Azərbaycan Konstitusiyası ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyası Naxçıvan MR Ali Məclisinin müəyyən etdiyi ümumi qaydaların və həll etdiyi məsələlərin dairəsini qəti şəkildə müəyyən edir.

Naxçıvan MR Nazirlər Kabinetinin təşkili, statusu, təşkilati məsələlərin təsbiti də Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapmışdır.

Qeyd etmək vacibdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan MR Konstitusiyasının Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi və onu Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verdiyi göstərilir. Qanunvericilik praktikasında isə bu bir qədər başqa şəkildə həyata keçirilmişdir. Belə ki, Naxçıvan MR-nın Konstitusiyasını hazırlayan komissiyanın 23 aprel 1998-ci il tarixli iclasında layihə son dəfə müzakirə edilərək, qəbul edilmək üçün Naxçıvan MR Ali Məclisinin deputatlarının müzakirəsinə təqdim etmək barədə qərar qəbul edilmişdir. 28 aprel 1998-ci ildə Konstitusiya komissiyası tərəfindən təqdim olunan Konstitusiya layihəsi Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul edilərək, Azərbaycan Respublikası Milli Məclisinə qanunvericilik təşəbbüsü hüququnda təqdim edilmək üçün Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Konstitusiyasını hazırlayan komissiyaya təqdim edilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən Naxçıvan MR Ali Məclisinin özünün də qanunvericilik hüququ vardır. Lakin Naxçıvan MR Ali Məclisi bu hüquqdan istifadə etməyərək qəbul etdiyi Naxçıvan MR Konstitusiyasını Azərbaycan Respublikası Prezidentinə təqdim etmişdir. Keçid müddəalarında isə Naxçıvan MR Konstitusiyasının Milli Məclisə qanunvericilik təşəbbüsünə malik hansı subyektin təqdim edəcəyi barədə birbaşa göstəriş olmamıdır. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 24 avqust 2002-ci ildə keçirilmiş ümumxalq səsverməsində (referendumunda) "Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikasının prezidenti tərəfindən təqdim edilir və Konstitusiya Qanunu ilə təsdiq edilir" müddəası daxil edilmişdir ki, bu da mövcud hüquqi praktikanın konstitusyon əsasını müəyyən etmək məqsədi daşımışdır.

Bizə görə bu bir tərəfdən Azərbaycan Respublikasının o zamankı Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Konstitusiyasını hazırlayan komissiyanın sədri olmasından doğursa, bir tərəfdən də Konstitusiya daha ali instansiyadan təqdiminin səmərəliliyindən doğur. Digər bir məsələ isə məsələnin tarixi, ənənəvi və praktik səbəbləridir ki, bu da 03 sentyabr 1991-ci ildən Naxçıvan MR Ali Məclisinə sədrlik Heydər Əliyevin Naxçıvanda demokratikləşmə prosesinin ardıcıl həyata keçirilməsində, o cümlədən möhkəm və yeni qanunvericilik bazasının təşkilində, Muxtar Respublikanın iqtisadiyyatının, sərhədlərinin, regional təhlükəsizliyinin möhkəmləndirilməsində bir sözlə Muxtar Respublikanın yaşamasında müstəsna xidmətləri ilə bağlıdır.

Naxçıvan MR Konstitusiyası preambula ilə başlayaraq Naxçıvan muxtariyyatının həm beynəlxalq hüquqla, həm də daxili hüquqla tənzimlənən aktlarını sadalamaqla Naxçıvanın məxsus olduğu zəngin dövlətçilik və muxtariyyat tarixinə qısa nəzər salınır və qeyd edlir ki, :"Naxçıvan muxtariyyatının əsasları hazırda qüvvədə olan 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilədə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir dəhə bəyan edilərək Naxçıvanın ərazi hüdudları dəqiqləşdirilmişdir". Moskva müqaviləsinin III maddəsində göstərilir ki, "... Sazişə girən hər iki tərəf razıdır ki, Naxçıvan vilayəti mövcud müqavilənin bir (C) əlavəsində göstərilmiş sərhədlərdə, Azərbaycanın protektoratlığı altında muxtar ərazi təşkil edir, bir şərtlə ki, Azərbaycan bu prottektoratı heç bir üçüncü dövlətə verilməyəcəkdir". Qars müqaviləsi isə göstərir ki, "Türkiyə, Ermənistan və Azərbaycan hökümətləri Naxçıvan vilayətlərinin bu müqavilərin 3-cü əlavəsində göstərilən sərhədlər daxilində Azərbaycan himayəsi altında muxtar ərazi təşkil etmələrinə razıdırlar". Preambulada daha sonra "Naxçıvan MR-nın bu Konstitusiyasının əsasını Azərbaycan Resrpublikasının 1995-ci il 12 noyabrda ümümxalq səsverməsində-referendumda qəbul edilən Konstitusiyası təşkil edir" müddəaları qeyd olunmaqla Konstitusiyanın ali hüquqi əsası göstərilir. Bu da bir daha Azərbaycanın unitarlığının göstəricisi olmaqla Naxçıvanın Azarbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu bir daha sübut edir.

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində olmaqla demokratik, hüquqi, dünyəvi Muxtar Dövlət olduğu elan olunur. Azərbaycanın ayrılmız təkib hissəsi olan Naxçıvan MR-da dövlət idarəçiliyi "hakimiyyətlərin bölgüsü" prinsipi əsasında həyata keçirilsə də yerli şərait nəzərə alınanaq Azərbaycan və eləcə də dünya praktikasında nadir bir forma-prezidentli unitar respublikada parlamentli Muxtar Respublika forması təsis edilişdir.

Konstitusiya "Naxçıvan MR Azərbaycan Respublikası Konstitusiyası ilə onun səlahiyətlərinə aid edilən məsələlərin həllində müstəqildir" müddəasını təsbit edir. Unitarlıq prinsipini pozmamaq və eyni zamanda milli dövlətçiliyi inkişaf etdirmək məqsədi ilə Naxçıvan MR Konstitusiyası birbaşa göstərir ki,: "Naxçıvan MR-nın mənafeləri ilə bağlı olan bütün digər məsələlər Naxçıvan MR tərəfindən həll edilir, o şərtlə ki, bu məsələlərin həlli Azərbaycan Respublikasının dövlət orqanlarının səlahiyyətlərinə aid edilməyib. Naxçıvan MR-in səlahiyyətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi mənafeləri ilə bağlıdır".

Konstitusiyanın 4-cü maddəsi Azərbaycan Konstitusiyasının "hakimiyyəti mənbəyi" adlı I maddəsindən irəli gələn "Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır" müddəasından çıxış edərək göstərir ki,: "Naxçıvan MR-da vətəndəşların heç bir hissəsi sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətlərini mənimsəyə bilməz. Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir".

Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan MR vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində Konstitusiyada təsbit olunmuş səlahiyyətləri həyata keçirir və Naxçıvan MR-nın dövlət hakimiyyəti orqanlarının qarşılıqlı fəaliyyətini təmin edir. Naxçıvan MR-nin geosiyasi mövqeyi nəzərə alınaraq "Naxçıvan MR-nın ali vəzifəli şəxsi Naxçıvan MR-nın mənafeləri ilə bağlı iqtisadi və mədəni məsələlərdə, Naxçıvan MR-nın Konstitusiyası ilə müəyyən olunmuş həddə və Azərbaycan Respublikası qanunları ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Beynəlxalq münasibətlərində Naxçıvan MR təmsil edir".

Naxçıvan MR-da vətəndaşlıq təsis edilmədiyindən əsas insan və vətəndaş hüquq azadlıqları Azərbaycan Konstitusiyasında təsbit edilmiş çərçivədə Muxtar Respublika ərazisində qorunmalı və gözlənilməlidir. Passiv seçki hüququ da Azərbaycan Konstitusiyasında müəyyən olunmuş qaydada təsbit edilir. Aktiv seçki hüqüqi isə Naxçıvan MR Ali Məclisinin deputatlığına namizədlərə aid tələblərdə 25 yaş və muxtar respublika ərazisində daimi yaşamaq senzi ilə məhdudlaşdırılıb.

Konstitusiyanın qanunverici hakimiyyətin fəaliyyətini də tənzimləyir. Naxçıvan MR-da Konstitusiya məhkəməsi institutu olmadığından Konstitusiyaya əsasən onun səlahiyyətlərinə aid olan seçkilərin nəticələrinin düzgünlüyü qanunla müəyyən edilmiş qaydada Naxçıvan MR Ali Məhkəməsi tərəfindən yoxlanılır və təsdiq edilir. Belə ki, Konstitusiyada birbaşa göstərilir ki, "Naxçıvan MR Ali Məhkəməsi Naxçıvan MR-də Konstitusiya nəzarətini təmin edir. O, Naxçıvan MR ali vəzifəli şəxsinin, Naxçıvan MR Ali Məclisinin, Naxçıvan MR Nazirlər Kabinetinin, Naxçıvan MR Ali Məhkəməsinin

sədrinin və Naxçıvan MRProkurorluğunun sorğusu əsasında konkret siyahısı müəyyən edilmiş məsələləri həll edir.

Konstitusiya Naxçıvan MR Ali Məclisində qanunverici təşəbbüsü hüququnu-qanun layihələrini və başqa məsələləri Naxçıvan MR Ali Məclisinin müzakirəsinə verilməsi hüququnu da təsbit edərək bu hüquqa malik subyektləri-Ali Məclisin deputatlarını, Baş naziri, Ali Məhkəməni bu hüquqa malik yeganə subyekt kimi təsbit edir.

Konstitusiyanın İcra hakimiyyəti adlanan fəslində Nazirlər Kabinetinin dəqiq statusunu, tərkibi və səlahiyyətləri müəyyən edilir.

Konstitusiya məhkəmə hakimiyyətinin həyata keçirilməsi qaydasını və Naxçıvan MR-da Məhkəmə hakimiyyətinin sistemini göstərir. Naxçıvan MR-da məhkəmə hakimiyyətini həyata keçirən Naxçıvan MR Ali Məhkəməsi, İqtisadi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin axırıncı (kasassiya) məhkəmə instansiyası kimi qəbul edilməsi, məhkəmə icraatının Azərbaycan Respublikası qanunları əsasında aparılması, Naxçıvan MR Prokurorluğunun Azərbaycan Respublikası Prokurorluğunun tərkib hissəsi olması barədə Konstitusiya müddəaları Naxçıvanın məhz Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmaqla Muxtar Dövlət olduğunu sübutdur. Əlavə olaraq onu da qeyd edək ki, Azərbaycan Respublikasının "Məhkəmələr və hakimlər haqqında" Qanununa əsasən Naxçıvan MR məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan MR Ali Məclisinin sədri də iştirak edir.

Naxçıvan MR idarəçiliyi muxtar status daşıdığından onun özünəməxsus qanunvericilik sistemi var. Bu isə bu Konstitusiya ilə birbaşa tənzimlənir. 49-cu maddə ilə Naxçıvan MR-nın normativ hüquqi aktlarının yuridik qüvvəsi, hüquqi təsir dairəsi və hüquqi kolliziyası göstərilib. Konstitusiyanın Naxçıvan MR-nın digər normativ hüquqi aktları arasında ən yüksək hüquqi qüvvəyə malikliliyini göstərməklə bərabər, onun birbaşa hüquqi qüvvəsinin olduğu da qəti göstərilir.

Fikrimi Möhtərəm Heydər Əliyevin bir sözü ilə tamamlamaq istəyirəm: "Naxçıvan muxtariyyatı tarixi nailiyyətdir, biz onu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əlindən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq". Çünki Şərqin Qapısındakı Naxçıvan türk ellərinin qovuşduğu, dövlətçiliyimiz tarixində özünəməxsus izi olan "kiçik Azərbaycandır".

Bütün xəbərlər Facebook səhifəmizdə