Təcili tibbi yardım: həkim xəstəyə niyə çata bilmir? – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı

Son vaxtlar Bakıda təcili yardımla bağlı narazılıqlar artıb. Təcili yardım maşınları çox gec gəlir, yaxşı xidmət göstərmir. Vaxtından gec gəldiyi üçün ölüm hallarına da rast gəlinir. Bunun obyektiv və subyektiv səbəbləri var. Şəhərdə fasiləsiz tıxacların olması bir yana, bir çox yeni yaşayış sahələrində küçələrin adı, binaların nömrəsi yoxdur. Qeydiyyatda olmayan qanunsuz tikililər var. Təcili yardım gələndə bilmir hansı binaya daxil olsun. Bunlar obyektiv səbəblərdir.

Subyektiv səbəblər təcili yardım maşınlarının, briqadaların sayının az olmasıdır. 3 milyon əhalisi olan paytaxt üçün təxminən 150 tibbi yardım maşını var ki, bu da çox azdır. Bu say azı 3 dəfə artırılmalıdır. Bu günlərdə sosial şəbəkədə paylaşılan videoda görünürdü ki, onlarla təzə təcili yardım maşını parkda yatızdırılır, amma istifadəyə buraxılmır.

Bundan başqa, təcili yardım həkim briqadalarının sayı və onların dərman təchizatı artırılmalıdır. Xəstə bir çox hallarda kritik vəziyyətdən çıxarıla bilmir. Çünki bir çox dərmanlar təcili yarım həkimlərində olmur.

Daha bir problem isə ondan ibarətdir ki, təcili yardım maşınları ərazilərə görə bölünməlidir, stansiyada dayanmalı deyil. Əvvəllər belə edirdilər, lakin son vaxtlar bu qayda götürülb. Yaxşı olardı ki, yenidən bərpa olunsun. Uzaq məsafəyə tıxac olduğu üçün çağırışa gedib çatmaq çətin olur. Bu da bəzi hallarda faciə ilə nəticələnir. Yaxın ərazidə maşının olması isə, bu sahədə ən yaxşı çıxış yoludur.

Hər il dövlət büdcəsindən səhiyyə üçün ayrılan büdcə artırılır. Hər birimiz maaşımızdan icbari tibbi sığorta üçün pul ödəyirik. Bu o deməkdir ki, bizim tibbi yardım almaq hüququmuz var. Və bu, təmin olunmalıdır.

Həkimlərin əməyini isə qiymətləndirmək lazımdır. Sayları az, işləri çoxdur. Fiziki və zehni olaraq yorulurlar. Bu da iş keyfiyyətini aşağı salır. Əmək haqqları da gördükləri işə görə azdır. Buna görə də çağırışa gedərkən bəziləri xəstədən pul götürürlər.

Ümumiyyətlə, bu kimi hallar vətəndaşların normal tibbi xidmət alması səviyyəsini aşağı salır. Bu səbəbdən bu sahədə mövcud problemlər həll edilməlidir. Bunun üçün həm maliyyə imkanları var, həm də kadr ehtiyatı kifayət qədərdir.

Qeyd etmək lazımdır ki, bir çox ölkələtə nisbətdə, bizdə təcili tibbi yardım xidməti daha yaxşı işləyir, lakin maddi-texniki bazanın, xüsusən də maşınların azlığı bu sahədə problemlər yaradır. Həm də təkcə paytaxtda yox, regionlarda da. Rayonlarda ərazi böyükdür, bir neçə təcili yardım maşını isə çağırışları çatdıra bilmir.

Bu məsələ hökumət səviyyəsində həll olunmalıdır. Səhiyyə ayrılan büdcədən yeni maşınların alınması üçün vəsait ayrılmalıdır. Ən əsası maşınların stansiyalarda yox, ərazilərdə növbədə dayanması təmin edilməlidir. Bu halda təcili tibbi yardım xidmətinin səviyyəsi və effektivliyi dəfələrlə artmış olar və bütün narazılıqlar aradan qalxar.

Bütün xəbərlər Facebook səhifəmizdə