Oyunların saatı niyə dəyişdirilib? - PFL-dən açıqlama

Futbol üzrə Topaz Premyer Liqanın 6-cı turunda keçiriləcək "Neftçi" - "Səbail" və "Sabah" - "Qarabağ" oyunlarının fərqli saatda başlamasının səbəbini bəlli olub. Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşı Elgiz Abbasovun Qol.az-a verdiyi məlumata görə, dəyişiklik həftəsonu oyunların sıx qrafiki ilə bağlıdır:

"Bildiyiniz kimi, Topaz Premyer Liqasının yayım hüququna malik "CBC Sport", eyni zamanda, bir sıra Avropa ölkələrinin də çempionatlarını tamaşaçılara təqdim edir. Futbol üçün isə şənbə-bazar sıx qrafikdir. Burada hər dəqiqə qızıla bərabərdir. Nəzərdə tutulan oyunların hər birinin tamaşaçıya tam göstərilməsi üçün bir neçə dəqiqəlik kiçik dəyişikliklərə gedilib".

Qeyd edək ki, sentyabrın 29-da keçiriləcək “Neftçi” – “Səbail" oyunu 18:55-də, “Sabah” – “Qarabağ” görüşü isə 20:50-də start götürəcək. Xatırladaq ki, bu mövsüm eyni gündə olan oyunlar adətən 18:30 və 20:30-da başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə