Dini radikalizm, ekstremizm və terror YARANMA SƏBƏBLƏRİ VƏ ONLARLA MÜBARİZƏ

Din insan mənəviyyatının əsasında durmaqla, sosial münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır. Mahiyyətinə nəzər saldıqda dinin insanlara xoşbəxtlik gətirdiyi, ədaləti, digərlərinin hüquqlarına hörməti və hər kəsin haqqının təmin olunmasını təbliğ etdiyi açıq-aydın özünü büruzə verir. Lakin real həyatda din pərdəsi altında qeyri-humanist ideyaların tətbiqi də müşahidə olunur.

Din adından həyata keçirilən hər hansı subyektiv fəaliyyət dinin naqisliyindən qaynaqlanmır. Burada söhbət dini hökmlərin tətbiqində qeyri-obyektiv mövqe nümayiş etdirilməsindən, dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaqdan gedir.

Radikalizm nədir?

“Radikal” ifadəsi latın dilindən “radix” (radiks)” sözündən yaranıb. Mənası “kök” deməkdir. Radikal hərəkatlar cəmiyyətdə köklü dəyişiklik etmək istədikləri üçün bu adla adlandırılıb. İlk dəfə bu termini 1797-ci ildə İngiltərədə parlament üzvü Çarls Ceyms Fox (Charles James Fox ) seçki sistemi ilə əlaqəli “radikal reform” ifadəsini dilə gətirərkən işlədib. Daha sonra elmi ədəbiyyatda siyasətdən incəsənətə, ədəbiyyatdan dinə qədər köklü dəyişikliklərin tərəfdarı olan qruplar üçün “radikal” terminindən istifadə olunub.

Dini radikalizm

Dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə, Yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib.

Radikallar xalq arasında yayılmış ənənəvi, İslam xaricində olan inanclara qarşı çıxırlar, elm və texnologiyanın, qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd edirlər, yalnız öz inanclarının doğruluğunu müdafiə edir, öz “həqiqətlərini” isbatlamaq üçün Qurandan və sünnədən iqtibaslar gətirir, ayələri, hədisləri öz məqsədlərinə uyğun şərh edirlər.

Dini radikalizmin yaranma səbəbləri

Savadsızlıq – xüsusilə də dini savadsızlıq. Cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Deyə bilərsiz ki, xurafatla dini radikalizmin nə əlaqəsi var? Əslində, dini radikalizmin kökündə xurafat elementlərinə rast gəlinir. Bizim məişət müstəvisində dəyərləndirdiyimiz xurafat dini radikalizmin özəyini təşkil edir. Odur ki, dində əsli olmayan düşüncələr mövhumat və xurafatı , bunlar isə öz növbəsində cəhalət ilə üsyanları doğurur. Bunların arxasında isə insanların inanclarını istismar edərək böyük gücə çevrilməyə çalışan qanuntanımaz adamlar dayanır.

Bu cür mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətləri getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı da burada öz sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya bu yöndə təhsil almış kadrların düzgün istiqamətləndirilməməsi də dini düzgün anlamama və anlatmamağa gətirib çıxarır.

Psixoloji problemlər. Ailədə, məktəbdə, universitetdə, yaxud iş yerində laqeydlik və diqqətsizliklə üzləşən, təzyiqlərə məruz qalan insanlar, xüsusilə də psixoloji cəhətdən hələ tam formalaşmamış gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda mənəvi yoxsulluq doğurur, empatiya, yəni özünü başqalarının yerinə qoya bilmə duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayırlar.

Dünyaya inteqrasiya proseslərində zəif iştirak. Müsəlmanların çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi – patriarxal həyat tərzi sürür. Bu faktor radikal sektalar üçün çox əlverişlidir, çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub.

Sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacariqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir.

İşsizlik və yoxsulluq radikal qrupların təbliğatına mənfi tərəfdən öz qatqısını əlavə edir. Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz aləti kimi istifadə edirlər. Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”a çatmaq kimi ekstremist ideyalar da bu zaman onlar üçün dünyəvi məhrumiyyətləri kompensasiya edən rolunu oynayır.

Təşkilati struktur, eləcə də məqsədyönlü təbliğat və maliyyələşdirmə dini radikalizmin yayılmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, nəsil dəyişmə prosesinin də rolu burada az deyil. Bu proses, xüsusilə MDB ölkələrində kommunizm ideologiyasının hökm sürdüyü SSRİ dövründə doğulan nəslin sayının çoxalmasında müşahidə olunur. Belə ki, gənclərin dini savadının az olmasından istifadə edənlər bu boşluğu müxtəlif radikal inanclar və xurafatla doldururlar. Xüsusilə, sosial ziddiyyətin və iqtisadi problemlərin kəskin olduğu regionlarda bu proses daha intensiv cərəyan edir.

Ekstremizm

Günümüzdə radikalizmin ən təhlükəli forması dini ekstremizmdir. “Radikalizm” və “ekstremizm” sozləri sinonim kimi işlədilsə də, onlar arasında terminoloji cəhətdən fərqlər mövcuddur. Ekstremist fəaliyyət hakimiyyəti dəyişdirməyə və ya ələ keçirməyə, hər hansı dövlətin suveren hüquqlarını pozmağa, qanunsuz silahlı birləşmələr yaratmağa, dini – etnik nifrət zəminində təxribata əl atmağa səsləyən ideologiya və fəaliyyətləri özündə əks etdirir. Bu dini radikalizmin ən təhlükəli formasıdır. “İŞİD”, “əl- Qaidə”, “Boko Haram” kimi terror təşkilatları sözügedən radikalizm formasının bariz nümunələridir .

Dini-siyasi motivli ekstremist və terroristlərin əsas hədəf kütləsi, inandırmağa çalışdıqları əsasən 20- 40 yaşlarında, kişi cinsinə mənsub, orta savada malik, dini bilgiləri az olan yaxud heç olmayan, işsiz və ya az məvaciblə çalışan, himayəsində bir neçə nəfər olan şəxslərdir. Belə demək mümkündür ki, qadınlar dini radikal-ekstremist tipli cərəyanlarla adətən əsas yox, köməkçi rolunu oynayırlar. Bunun səbəblərini daha çox dindar cəmiyyətlərin patriarxal əsasda formalaşması ilə izah etmək mümkündür. Yuxarıda qeyd edilmiş özəlliklərə məxsus insanlarla daha çox işlənilməsinin səbəbi ondan ibarətdir ki, digərləri ilə müqayisədə daha çox təbliğata meyl göstərmələri mümkündür . Həmçinin müəyyən maddi çətinlikləri olan şəxs də digərlərindən daha asan olaraq cərəyanın işinə cəlb edilə bilər. Belə ki, maddi çətinliklərini həll edən insana qarşı hər şəxs müəyyən borc və minnət duyğusu daşıyır və onun apardığı fəaliyyətə yardımçı olmağı da özündə mənəvi bir yük kimi görür.

Dini ekstremist təşkilatlar isə dini ekstremist fəaliyyətin həyata keçirilməsi məqsədilə yaradılan və ya məqsədlərinə nail olmaq üçün belə fəaliyyəti həyata keçirən təşkilatdır. Müasir dövrdə ekstremist qruplaşmaların əsas təbliğat məkanı sosial şəbəkələrdir. Onlar əsasən “YouTube” və “Facebook” kimi sosial şəbəkələrdə yerləşdirdikləri postlar vasitəsilə öz ideyalarını qlobal miqyasda yayır, habelə onlardan öz sıralarına yeni davamçılar cəlb etmək məqsədilə istifadə edirlər. Bu

qruplaşmalar milli-mənəvi dəyərlərin gözdən salınmasına çalışır, birbaşa, yaxud dolayı yolla zorakılığa çağırırlar. Belə bir təbliğatın təsiri altında formalaşmış gənclər ümumi dəyərlərdən imtina edir, təhsil və özünü təkmilləşdirmədən uzaqlaşırlar .

Təbliğatçılar bundan əlavə tərəfdarlarına geyimlə və zahiri görkəmlə seçilməyi də təlqin edirlər. Lakin qeyd etmək lazımdır ki, heç də bütün ekstremizmə meyilli insanlar bu detala diqqətlə yanaşmır. Onların bir çoxu görünüşə görə digərlərindən çox da fərqlənməməkdədir ki, bu da öz növbəsində onları seçmək işində müəyyən qədər problem yaradır.

Bəşəri kabus – terror

Terrorizm radikalizm və ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, digərlərindən onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri hüquqaziddir.

Terrorizm siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsi üçün ideoloji motivli təxribat, qətlə yetirmə, girov götürmə və ya başqa ictimai təhlükə yaradan zorakı, qəddar metodlardan (terror aktı) istifadə edilməsidir. Terrorçu – hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs; terror qrupu – terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə iki və daha artıq şəxsin birləşməsi; terror təşkiları – terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün sayan təşkilat deməkdir.

Terrorizmin dini, irqi, vətəni yoxdur. Bu isbata ehtiyacı olmayan aşkar bir həqiqətdir.

Terrorizm müasir dünya üçün ən təhlükəli bir bəladır və onun yaranması çox müxtəlif səbəblərlə əlaqələndirilir. Onun etnik, milli, dini, irqi və s. formaları mövcuddur.

2001-ci il 11 sentyabr hadisələrindən sonra dünyada terrorizmlə mübarizə qlobal xarakter alıb. Bir çox dünya ölkələri terrorizmlə mübarizə sahəsində bir sıra beynəlxalq razılaşmalara qoşulmuş, hüquq-mühafizə və milli təhlükəsizlik orqanlarına terrorizmlə mübarizədə əlavə səlahiyyət verən qanunlar qəbul edilib. Azərbaycan da terrorun bütün forma və təzahürlərini pisləyir, onun səbəb və nəticələrinin aradan qaldırılmasında beynəlxalq təşkilatlarla müntəzəm əməkdaşlıq edir.

Bu gün bəzi qüvvələr dinlərdən terrorizmə və radikalizmə təhrik vasitəsi kimi istifadə edirlər. Bu kimi halların qarşısının alınması üçün cəmiyyətin bütün təbəqələri, xüsusilə siyasətçilər, alimlər, dindarlar və din xadimləri bütün səylərini ortaya qoymalıdırlar. Terroru aradan qaldırmağın əsas yolu insanlar arasında sevgi, xoşgörü, tolerantlıq, sülh kimi anlayışların təbliğ edilməsidir. Allah-Təalanın Öz elçiləri vasitəsilə göndərdiyi bütün haqq dinlər bu istiqamətdə əsas yolvericidirlər. İstər Qurani-Kərimdə, istərsə də Tövrat və İncildə terror səmavi dinlər tərəfindən qadağan olunub, lənətlənib.

Yazı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin "Radikal dini cərəyanlarla mübarizədə maarifçilik işinin təşkili" layihəsi çərçivəsində dərc edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə