Suraxanı rayonunda "Mənəviyyat tariximizin örnəyi" adlı tədbir keçirilib

Tədbir görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyinə həsr olunub

Bu gün Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illik yubileyinə həsr edilmiş "Mənəviyyat tariximizin örnəyi" adlı tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Sonra Zərifə xanım Əliyevanın həyatından bəhs edən video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adının Azərbaycanda böyük fəxrlə, sonsuz qürur hissi ilə səsləndiyini, ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, nurlu həkimliyin müqəddəsliyi Onun adı ilə əbədiləşdiyini söyləyib. V.Seyidov, Zərifə xanımın tibb elminin zirvəsində parlayan əbədiyyət günəşi olduğunu, yaşadığı ömür kitabının vərəqlədikcə bitib-tükənmədiyini, xeyirxah əməllərinin daim xatırlandığını, Onun həyat yolunun gələcək nəsillərə örnək, nümunə olduğunu qeyd edib.

V.Seyidov Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrünün, keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi, Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsi olduğunu vurğulayıb.

Tədbirdə, millət vəkili Ağacan Abıyev, tibb elmləri doktoru, professor, şair Paşa Qəlbinur, YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Zəkiyyə Musayeva, 12 saylı Birləşmiş şəhər Xəstəxanası Bəhlul Məmmədov 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının həkimi Mehriban Hüseynova çıxış edərək, Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan fəxrlə danışıblar.

Bildirilib ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyətin - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin anasıdır. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində, ölkəmizin tibbi salnaməsində dünya şöhrətli alim, nümunəvi qayğıkeş pedaqoq, şəfaverici şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş kimi, eləcə də məğrur Azərbaycan qadını, nur çöhrəli Azərbaycan anası kimi daim yaşayacaqdır.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə