Piter Teys: "Naxçıvan Avropanın ən gözəl yerlərindən birinə çevrilib"

Amerikalı jurnalist və tədqiqatçı Piter Teysin fevralın 20-də Amerika Birləşmiş Ştatlarında nəşr olunan “Eurasia Review” və Avropanın nüfuzlu qəzetlərindən olan “Moderndiplomacy” qəzetlərində “Heydərabaddan Əlincəqalaya səyahət” sərlövhəli məqaləsi işıq üzü görüb.

Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə əldə olunan nailiyyətləri əks etdirən məqalədə qeyd edilir ki, muxtar respublikanın rəhbəri Vasif Talıbov Naxçıvanın regionlarının inkişafı, turizm infrastrukturunun yenilənməsi və meşə zolaqlarının salınması layihəsini həyata keçirməklə iqlim dəyişikliyi təhlükəsinə qarşı ölkəsinin dünya qarşısındakı mövqeyini möhkəmləndirib. Paris müqaviləsinin memarları və beynəlxalq ictimaiyyət Azərbaycanın qərbində yerləşən Naxçıvanı Qərbi Avropa ölkəsi kimi inkişaf etdirən Ali Məclisin Sədrinin həyata keçirdiyi layihələrə daha çox diqqət yetirməlidir.

Son on il ərzində Ali Məclisin Sədri Naxçıvanın yenilənən enerji resurslarını köklü şəkildə dəyişib. Naxçıvan Muxtar Respublikası ərazi nisbəti baxımından dünyanın ən çox hidroelektrik stansiyasına sahibdir. Burada beş hidroelektrik, bir ədəd günəş enerjisi və bir ədəd qaz-turbin stansiyası tikilib istifadəyə verilib.

Piter Teys vurğulayır ki, Ermənistanla sərhəddən yalnız bir neçə metr məsafədə və tərk edilmiş təhlükəli bir erməni kəndindən yüz metr aralıda yerləşən nümunəvi Heydərabad qəsəbəsində tikilmiş yeni yol, orta məktəb, xəstəxana və şəhər mərkəzinin infrastrukturu cazibədar bir turizm marşrutudur. Bundan əlavə, xarici ölkələrdən gələn qonaqlar Azərbaycan tərəfdə olan firavan şəhərin bütün şəraitini yüksək qiymətləndirdikləri bir vaxtda Ermənistan tərəfdə çiy kərpic, yaxud palçıqdan tikilmiş evlərdə yaşayan kifayət qədər yoxsul bir cəmiyyət var. Həmin kənd Yerevan faşist rejimi tərəfindən bu vəziyyətə salınıb.

Müəllif yazır: “2017-ci il noyabrın 23-də Şərur rayonuna səfər edərkən mən yolun hər iki tərəfində Naxçıvan muxtar dövləti tərəfindən meşə zolaqlarının salınması ilə bağlı başladılan kampaniyanı müşahidə etdim. Meşə zolaqlarının salınması kampaniyasına vətəndaş cəmiyyətləri cəlb olunmuşdu. Ali Məclis Sədrinin ideya və yüksək rəhbərlik bacarığı Azərbaycan Respublikasının iqtisadiyyatı üçün mühüm əhəmiyyətə malik olan turizm infrastrukturunu da əhatə edir. Tarixi-mədəni və arxeoloji abidələrin təmiri muxtar respublikanın dünyada təbliği üçün mühüm əhəmiyyətə malikdir. Tarixi abidələrin bərpa edilməsi və turizm infrastrukturunun dəstəklənməsi sahəsindəki praktiki liderlik təşəbbüsü Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində mühüm rol oynayıb”.

Peter Tase onu da diqqətə çatdırır ki, Naxçıvan şəhərindən təxminən birsaatlıq məsafədə yerləşən Əlincəqala Ali Məclis Sədrinin ideyasının şah əsəridir. Bura əsas turistik ərazidir, VI əsrdə dağın üzərində tikilmiş tarixi abidə və mükəmməl mühəndislik ixtirasıdır. Müdafiə sistemini qüvvətləndirən istehkamlar 1800 metr yüksəklikdədir. Azərbaycanda yüksək hündürlükdə tikilmiş digər qalalar da var, lakin onlar Əlincəqala ilə müqayisə edilə bilməz. Təbii maneələr və istehkam birləşmələri bu qalanı alınmaz edib. Dağın üzərində 50-yə yaxın bina: anbarlar, hamam, təndirlər, zərbxana, silah anbarı və hökmdar sarayı yerləşib. Bir çox hökmdarlar bu qalada öz xəzinələrini saxlamışdır; Azərbaycan Atabəyləri, Eldənizlər, Hülakülər və Cəlairilər.

O zaman Əlincəqaladan daha təhlükəsiz bir yer tapmaq çətin idi. Əlincəqala saxlancına qoyulan xəzinələrin miqdarı o qədər idi ki, Çobani sülaləsindən olan Məlik Əşrəfə həmin sərvəti daşımaq üçün 1000 dəvə və 400 ədəd qatır lazım olmuşdu.

Məqalədə qeyd edilir ki, qartalların yuva qurduğu qalaya yalnız iki yol var. Qalanın şərq yamacında dar cığır var ki, oradan yalnız iki nəfər qalxa bilər, lakin həmin yol 3 divarla bağlanıb. Hər bir divarın hündürlüyü 9 metrdir və kiçik kərpicdən deyil, böyük daşlardan inşa edilib. Divarları orta əsr topları ilə dağıtmaq belə, mümkünsüz idi. Bundan əlavə, qalaya gedən yollarda inşa edilmiş nəzarət binaları və xəbərdarlıq məntəqələri ilə yamaclar arasında, bir-birindən 20-25 addım məsafədə iki və ya üç balaca sığınacaq var. Ümumiyyətlə, Əlincəqalada hər bir santimetr ərazinin alınması hücum edənlərin həyatı bahasına başa gəlirdi. Əlincəqala dik dağın başında yerləşir və zirehli geyimli hər bir döyüşçünün qalaya qalxması onun gücünün tükənməsinə gətirib çıxara bilərdi. Buna görə də qalaya qalxmaq istəyənlər 600-dən çox qala müdafiəçisinin oxlarına asan bir hədəf olurdu.

Dünya tarixinə Naxçıvan Muxtar Respublikasının bəxş etdiyi bu tarixi abidə və digər orta əsr abidələri Naxçıvanda dəqiqliklə bərpa edildiyini vurğulayan Peter Tase qeyd edir ki, həmin abidələri ziyarət edib baxmaq çox asandır. Ali Məclis Sədri Vasif Talıbov Naxçıvanı Avropanın ən gözəl yerlərindən birinə çevirib. Əlincəqalada bərpa işləri onun təşəbbüsü ilə həyata keçirilib.

Oxucular məqalə ilə daha ətraflı burada tanış ola bilərlər.

https://www.eurasiareview.com/20022018-a-journey-from-heydarabad-to-alinjagala-fortress-oped/

https://moderndiplomacy.eu/2018/02/20/journey-heydarabad-alinjagala-fortress/

Bütün xəbərlər Facebook səhifəmizdə