ADA Universitetində Qara Yanvar şəhidlərinin xatirəsi anılıb

ADA Universitetinin Tələbə Cəmiyyəti bu ali təhsil ocağında Qara Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunan ədəbi-bədii gecə təşkil edib.

Universitetdən bildirilib ki, tədbirdə ictimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayev tarixi hadisələrin siyasi baxımdan təhlilini verib. Vurğulanıb ki, Azərbaycanda o müdhiş gecədə dinc əhaliyə qarşı xüsusi qəddarlıq və hədsiz zorakılığın istifadə olunması diktatura rejiminin son günlərindən xəbər verirdi. A.Babayev gənc nəsli bu faciəvi, lakin şanlı tariximizdən düzgün nəticə çıxarmağa, müstəqilliyimizin qorunub möhkəmlənməsi üçün əllərindən gələni etməyə çağırıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Rafiq Savalan 20 Yanvar hadisələri ilə bağlı xatirələrini danışıb. O qeyd edib ki, sovet əsgərləri hakimiyyətin ictimaiyyətlə əlaqəsini kəsmək məqsədilə o dövrdə yeganə telekanal olan Azərbaycan Televiziyasının enerji blokunu partladıblar. Hadisələrdən dərhal sonra Azərbaycan Ali Sovetində gərgin müzakirələr keçirilib. Ölkə ziyalıları dünya mediası ilə əlaqə yaratmağa cəhd göstəriblər.

ADA Universitetinin tələbələri Ülkər Əkbərova və Çinar Sahlikbəyli gecədə “Çırpınırdı Qara dəniz”, “Cənab leytenant” mahnılarını, vətənpərvərlik, milli azadlıq mövzusunda musiqi parçalarını ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə