Gəncədə 9 Noyabr - Dövlət Bayraq Gününə həsr edilən konfrans keçirilib

YAP Gəncə şəhər təşkilatının qərargahında YAP-ın Gəncə şəhər, YAP Binəqədi və Pirallahı rayon təşkilatları 9 Noyabr - Dövlət Bayraq Gününə həsr edilən konfrans keçirib.
Tədbirdə çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev siyasi həmfikirlərinin Qədim Gəncə şəhərində, Şeyx Nizaminin yurdunda görməkdən məmnun olduğunu bildirib. Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyətinin cəmiyyət tərəfindən daim yüksək dəyərləndirildiyini vurğulayan Naqif Həmzəyev paytaxtda və regionda fəaliyyət göstərən partiya fəallarının əlamətdar bir günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtında birlikdə qeyd etmələrinin alqışalayiq hal olduğunu qeyd edib.
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək, Azərbaycan xalqının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilən üçrəngli bayrağımıza müqəddəs atribut kimi yanaşıldığını və bu günün qeyd edilməsinin hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıb.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxışında bildirib ki, Dövlət Bayraq Gününün bayram kimi qeyd edilməsi Prezident İlham Əliyevin və ölkə vətəndaşlarının öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə, müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür.
Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev çıxış edərək, milli bayrağın xalqımızın milli mövcudluğunun rəmzi olduğunu bildirib, Azərbaycan vətəndaşının, xüsusən, gənc nəslin bayrağa olan məhəbbətindən danışıb.
«Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün müasir Azərbaycanın müstəqillik rəmzinə çevrilib» deyə millət vəkili Pərvin Kərimzadə bildirib:«O bayraq ki, onun uğrunda qan tökülüb, can verilib, mübarizə aparılıb. O bayraq ki, onun kölgəsi düşən hər bir qarış torpağı özümüzə Vətən bilmişik. Bu gün ölkəmizin bütün bölgələrində dalğalanan bayraqlar, sanki sıralanaraq durna qatarı kimi Qarabağa, Şuşaya, işğal edilən digər torpaqlara sarı qanadlanır. Əminik ki, Prezident İlham Əliyevin qüdrətli siyasəti sayəsində tezliklə torpaqlarımız işğaldan azad ediləcək və üçrəngli bayrağımız Dağlıq Qarabağda dalğalanacaq».
Tədbirdə YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin sədri Rüfət Əhmədov, YAP-ın Binəqədi rayon təşkilatının gənclər birliyinin şura üzvü Kubra Əliyarlı çıxış edərək, öz fikirlərini bölüşüblər.
Sonda qonaqlar Heydər Əliyev Mərkəzini, Nizami Gəncəvi Məqbərəsini, Xan Bağını, Cümhuriyyət Muzeyini, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyini ziyarət edib, ADAU-nun müasir standartlara cavab verən tələbə yataqxanası ilə yaxından tanış olublar, eyni zamanda, səfər iştirakçıları Heydər Əliyev Mərkəzinin parkında xatirə olaraq ağac əkiblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...