"Xalqa xidmətdə keçən ömür"

Suraxanıda Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə Suraxanı rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə "Xalqa xidmətdə keçən ömür" adlı tədbir keçirilib.
Tədbir Yeni Suraxanı qəsəbəsində "14 İyul" küçəsində Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə Kompleksinə baxış keçirməklə başlanıb. Hər il rayon ictimaiyyətinin nümayəndələrinin 14 iyul tarixində Xatirə Kompleksini ziyarət etməsi bir ənənə halını alıb.
YAP Suraxanı rayon təşkilatının akt zalında Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ulu Öndər haqqında film nümayiş olunub. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, 1969-cu il 14 iyulun Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var: "Həmin gün Ulu Öndər Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib. Məhz həmin tarixdən başlayaraq, respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. O zamandan başlayan böyük tarixi mərhələdə Ümummilli Lider Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün Onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır".
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd edib ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. O, bildirib ki, Ulu Öndər Heydər Əliyev və Onun ən layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı bugünkü nailiyyətlərə addım-addım gətirmişlər. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. Bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdan Azərbaycan regionun davamlı inkişaf edən, müasirləşən dövlətinə çevrilib.
Tədbirdə çıxış edən YAP-ın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Ulu Öndər Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub.
YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev qeyd edib ki, XX yüzilliyin 60-cı illərinin sonunda Ulu Öndər Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Azərbaycanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi, tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan xilas edib, dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...