Ölkənin sosial həyatında inqilabi addımlar davamlı xarakter daşıyır

Son bir il ərzində bütün sahələrdə olduğu kimi, uğurlu sosial islahatlar da həyata keçirilir. "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından, başqa illərdən fərqlənən il olacaqdır" deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri Onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində, cari ilin ötən dövründə, ciddi addımların atılması ilə real təsdiqini tapıb. Bu dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi, məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli surətdə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam Prezident İlham Əliyevin siyasi fəaliyyətində, məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir.
Bu gün ölkəmizdə iqtisadi sabitləşmənin nəticəsi olaraq, sosial sahədə ciddi dəyişikliklər baş verir. İqtisadi sferada islahatlar prosesi dərinləşdikcə, dövlət vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı üzərinə yeni-yeni öhdəliklər götürür, sosialyönümlü siyasətin miqyasını daha da genişləndirir. Təkcə bu ilin ötən dövründə, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi vətəndaşların rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verib. Dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam və 4 Fərman sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və başqa koteqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb və bu tədbirlər sosial sahədə inqilabi dəyişikliklərin başladığını xarakterizə edir. Prezident İlham Əliyevin sosial islahatlar paketinin uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən artırılaraq, 180 manata çatdırılması oldu. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım, eyni zamanda, qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına müsbət təsirini göstərir. 19 fevral 2019-cu il tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu. Beləliklə, ötən dövr ərzində, Prezident İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi.
Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən, 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq, bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.
Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2019-cu il iyunun 18-də imzaladığı Sərəncam respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması sahəsində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq, 180 manatdan 250 manata çatdırılacaq. Bununla da, ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.
Minimum əməkhaqqının artımı birbaşa olaraq, 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Həmin artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.
Məlumdur ki, sosial paket elan edilərkən, Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində, artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.
Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...