İnsidenti təxribata çevirmək cəhdləri əbəsdir TƏHLİL

Rusiyada azərbaycanlılarla çeçenlər arasında baş verən qarşıdurmanı, sonda silaha əl atılmasını hər iki tərəf qətiyyətlə pisləyir və bu da təsdiq edir ki, tarix boyu dinc və dostluq şəraitində yaşayan xalqlarımız məişət zəminində baş verən hadisəyə görə münasibətlərinə xələl gətirmək niyyətində deyillər. Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarovun bu insidentlə bağlı fikirlərinə biz də şərikik və həqiqətən də hər hansı bir cinayət hadisəsini, xuliqanlığı sosial şəbəkələrdə hansı formada şərh edilməsindən asılı olmayaraq yaymaq istəyənlər çeçen və Azərbaycan xalqlarının yüzilliklərə söykənən əlaqələrini, dostluq və qardaşlıq münasibətlərini poza bilməz.

Təbii ki, baş vermiş insidentə, bu toqquşmaya təsadüfi, sıradan bir hadisə kimi də baxmaq olmaz və bunun arxasında məkirli niyyətlər də görünür. Çeçenistanın mətbuat və informasiya nazirinin özünin də öz fikirlərində buna ehyam vurması, bu insidenti yaymaq istəyənlər xalqlarımız arasında münasibətləri poza bilməz deməsi təsdiq edir ki, çeçenlər özləri də üçüncü bir qüvvənin, məkirli niyyətlilərin varlığını qəbul edirlər. Əks haldda əsirlər boyu dostluq və qardaşlıq şəraitində yaşayan iki müsaəlman xalqın bir-birinə qarşı qoyulması nə nəzəri nə də praktik olaraq mümkünsüzdür.

Hər iki tərəfin rəsmiləri bu insidentin xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinə xələl gətirməyəcəyi qənaətindədirlər

Sevindirici haldır ki, Moskvada baş verən kriminal insident böyümədən sakitləşdi. Rəsmilərin müdaxiləsi, eyni zamanda münasibət bildirməsi də sözsüz ki, məsələnin qızışdırılmasının qarşısının alınmasında xüsusi rol oynadı və Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun hadisəyə dərhal reaksiya verməsi xüsusilə yerində və zamanında atılan doğru addım oldu. Azərbaycan hökumətinin insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirməsi, eyni zamanda belə halların Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməyəcəyi fikri insidentin böyüməməsini, sakitləşməsini sürətləndirdi.

Çeçenistan tərəfi də mətbuat və informasiya naziri Cambulat Umarovun şəxsində Əli Həsənovun bəyanatına dəstək verdi və baş verənlərdən təəssüfləndiklərini qeyd etdi. Bəlli oldu ki, məişət zəminində baş verən hadisədən kimlərinsə iki xalqın dostluğuna xələl gətirmək üçün istifadə edə biləcəyi təhlükəsini hər iki tərəf gözəl başa düşür və qəbul edir. Moskvadakı Azərbaycan və çeçen icmalarının nümayəndələrinin hadisədən dərhal sonra bir araya gəlməsi, problemin zamanındaca həll olunması heç də təsadüfi deyildi və bütün bunlar münasibətlər barədə deyilənləri təsdiq edir.

Baş verən insidentlə əlaqədar hər iki tərəfin rəsmilərinin, tanınmışlarının bir çox fikirləri, xalqlarımız arasında dostluq-qardaşlıq əlaqələrinin qırılmazlığı, sarsılmazlığı barədə ifadələri xüsusi önəm daşıyır və bu baxımdan diqqət mərkəzindədir. Bir sözlə, hər iki tərəfin rəsmiləri bu insidentin xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinə xələl gətirməyəcəyi qənaətindədirlər.

Çeçenistan İctimai Palatasının sədr müavini, Rusiya Jurnalistlər İttifaqının üzvü İslam Saydayev də Moskvada baş verən insidentin azərbaycanlılarla çeçenlər arasında münasibətlərə təsir etməyəcəyini düşünür. Qarabağ qazisi, 20 yanvar əlili, Çeçenistanın Milli Qəhrəmanı və paytaxt Qroznının ilk fəxri vətəndaşı adını alan hər iki ölkənin fəxri, igid döyüşçü Arif Məhərrəmov Moskvada soydaşlarımızla çeçenlər arasında baş verən davadan təəssüfləndiyini, həmçinin xalqlarımızın qardaş olduğunu, heç zaman da ayrılmayacağını dilə gətirib. Çeçenistan İctimai Palatasının sədr müavini, Rusiya Jurnalistlər İttifaqının üzvü İslam Saydayev isə bildirib ki, məişət zəminində baş verən insident hər zaman bir-birini dəstəkləyən dostluq və qarşılıqlı anlaşma mühitində yaşayan azərbaycanlı və çeçenlər arasında münasibətlərə ziyan vurmayacaq.

Fevralın 16-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, polis general-mayoru Əkbər Yusifovun baş vermiş insidentlə əlaqədar olaraq Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı Oleq Baranovla görüşü də təsadüfi deyil. Görüşdə yaranmış vəziyyətlə bağlı fikir mübadiləsinin aparılması, münaqişənin eskalasiyasının qarşısının alınması üzrə tədbirlərin müzakirə edilməsi xüsusilə vacib mələslədir. Polis general-leytenantı Oleq Baranovun vəziyyətin tam nəzarətə götürülməsi və bütün zəruri tədbirlərin görüləcəyi barədə Polad Bülbüloğlunu əmin etməsi də təsdiq edir ki, hətta Rusiya tərəfi də insidentin ən tez zamanda sakitləşdirilməsinə çalışır və bu məişət zəminində olan dava-dalaşın xalqlar arasındakı münasibətlərə xələl gətirəcəyi ağıla belə sığışan deyil.

İnsident kimi dəyərləndirilən hadisədən dərhal sonra Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun öz “İnstagram” səhifəsində məşhur azərbaycanlı bloger Hüseyn Həsənovla fotoşəklini paylaşması da bir çox məqamlara aydınlıq gətirir. Əslində bu paylaşma Çeçenistan liderinin zamanında və layiqli bir reaksiyasıdır. Bu fotoşəklin Moskvadakı insidentdən dərhal sonra paylaşılması Ramzan Kadırovun çeçenlərlə azərbaycanlılar arasında baş vermiş münaqişə fonunda Azərbaycan xalqı ilə mehriban münasibətlərə nümunə göstərmək arzusu kimi qiymətləndirilır. Bu mehriban münasibətlər eyni zamanda səmimiyyət və dostluq rəmzi kimi də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi dostluq münasibətləri və onların ötən ilin sonunda baş tutmuş görüşlərində bildirdikləri fikirlər bu səmimiyyətin, bu dostluğun bariz nümunəsidir.

Proseslərin analizi azərbaycanlı-çeçen insidentində ən çox ermənilərin maraqlı olduğunu təsdiqləyir

Tarix boyu mövcud olan dostluq münasibətlərinin fonunda baş verən insidentdə əsas məqam kimi azərbaycanlılarla çeçenlər arasında toqquşmaların yaşanmasında kimlərin maraqlı olması sualını önə çıxarır. Göründüyü kimi hadisə məişət zəminində baş verib və sonda anlaşılmazlıq öz həllini də tapıb. Belə olan halda yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələrin kimliyi diqqəti cəlb etməyə bilməz. Azərbaycan-çeçen qarşıdurmasında kimlər maraqlı ola bilər sualı hər kəsi düşündürür.

Özünü çeçen xalqının lideri kimi təqdim edən Qoca Mansur ləqəbli şəxsin çağırışı diqqət çəkməyə bilməz. Məsələ burasındadır ki, bir qrup çeçenin azərbaycanlılara silahlı hücumu da bu çağırışdan sonra həyata keçirildi və ən düşündürücü də budur ki, Qoca Mansurun "azərbaycanlıları öldürün” çağırışı sosial şəbəkələrdə daha çox ermənilər tərəfindən tirajlanır. Erməni istifadəçi Alen Gulyanın bu videonu "azərbaycanlılara ölüm!” şüarı ilə yayımlaması, digər erməni istifadəçilərin onun şüarına dəstək verməsi də təsadüfi ola bilməz. Rusiyanın erməniyönümlü saytlarının azərbaycanlılarla çeçenlər arasında münasibətləri kəskinləşdirəcək xəbərlər verməsi, azərbaycanlıların çeçenləri təhqir etdiyini, buna görə də cavabsız qalmamalı olduğunu” təbliğ etmələri məsələnin nə yerdə olduğunu tam şəkildə aydınlaşdırır.

Ermənilər sosial şəbəkələrdə də Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidenti gərginləşdirməyə səsləyirlər. Erməni sosial şəbəkə istifadəçiləri eyni zamanda həmyerlilərini "maksimum dərəcədə" bu vəziyyətdən faydalanmağa çağırırlar. Arman Abovyan adlı istifadəçi yazır: "Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş qarışıqlıqdan danışıram. Bununla əlaqədar qarşımızda hansı vəzifələr var? İlk öncə, münaqişənin sosial şəbəkələrdə daha da alovlnması üçün əlimizdən gələni edirik, ancaq bunun üçün erməni adlarından istifadə etmirik ki, bizi vəziyyətin gərginləşdirilməsində heç kəs ittiham edə bilməsin. Qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazın. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq. Yeni qarşıdurma bizim üçün uğur olacaq, ancaq istənilən halda bizim ən əsas vəzifəmiz nifrət və nifaq toxumlarını əkməkdir".

Proseslərin analizi azərbaycanlı-çeçen insidentində ən çox ermənilərin maraqlı olduğunu təsdiqləyir. Ermənilərin azərbaycanlı-çeçen insidentində maraqlı olmasının bir sıra ciddi səbəbləri də danılmazdır. Əvvəla, Rusiyada azərbaycanlı icması tədricən güclənir və bu, Azərbaycanın da mövqelərinin güclənməsi deməkdir ki, bu mənzərə Ermənistanın Rusiyadakı maraqlarına tamamilə uyğun deyil. Digər tərəfdən, nəzərə alsaq ki, Moskvada çeçen icması erməniləri sevmir və zaman-zaman onlarla qarşıdurma yaşanır, belə olan halda azərbaycanlıların Rusiyada digər millətlərlə, o cümlədən çeçenlərlə dostluq münasibətləri də ermənilər üçün arzuolunmaz mənzərədir.

Hadisələrin gedişi, yaşanmış saysız-hesabsız təcrübələr təsdiq edir ki, ermənilər hər cür fitnə törədərək azərbaycanlılara qarşı nifrət yaratmağa, digər xalqlarla münasibətlərini pozmağa çalışırlar. Doğrudur, çeçenlərlə azərbaycanlıların münasibətlərini pozmağa heç cür nail ola bilmədilər və hər iki tərəf məişət zəminində olan problemin xalqlar arasında olan problem müstəvisinə daşımaqda kimlərin maraqlı olduğunu, daha dəqiq desək erməni əlininin olduğunu bilir. Lakin, nəzərə almaq lazımdır ki, erməni planlar, erməni fitnəsi bununla bitən deyil və hər zaman öz erməni xislətlərinə uyğun olaraq belə fitnə yaratmağa maraqlı olacaqlar. Bütün bunları nəzərə alaraq həm ölkəmizdə, həm də digər ölkələrdə yaşayan azərbaycanlılar olaraq bundan sonra daha həssas olmalıyıq.

Çeçenistan üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında əməkdaşlıq ildən-ilə genişlənir və möhkəmlənir

Qafqazın müsəlman xalqlarını, o cümlədən çeçenləri və azərbaycanlıları uzun əsrlik ümumi tarixi-mədəni ənənələr bağlayır. Xalqlarımız həm çətin gündə bir-birinin yanında olub, həm də yaşadığımız müharibələr dönəmində bir-birinə pənah aparıb və dəstək olublar. Həm çeçenlər, həm də azərbaycanlılar zamanında deportasiyaya məruz qalıblar. Lakin tarixin bu sınaqları xalqlarımızın əzmini, iradəsini sarsıtmayıb. Azərbaycanla Çeçenistan arasında mövcud olan Qafqaz sıra dağları ölkələrimizi ayıran deyil, əksinə, birləşdirən coğrafiya olub.

Çeçenlər sayca az olmasına baxmayaraq, dünya xalqları arasında qəhrəmancasına türklərlə yanaşı addımlayan toplumlardan biridir. Çeçenlərlə bizi bir sıra ortaq cəhətlər birləşdirir. Əvvəla çeçenlər əsrlərdir türklərlə, azərbaycanlılarla yanaşı İslam dininə sitayiş edirlər. Bizimlə bərabər eyni müqəddəs kitaba, eyni peyğəmbərə iman gətiriblər. Digər tərəfdən, Çeçenlər də azərbaycanlılar kimi eyni regionun, ümumi Qafqazın tarixi və əbədi sakinləridir.

Onu da nəzərə almaq lazımdır ki, çeçenlər əsasən sufi nəqşibəndi təriqətinə mənsubdurlar. Bu təriqət isə onlara əsasən Azərbaycanın Şirvan bölgəsindən yayılıb. Çeçenlərin və bütün Dağıstan xalqlarının vaxtilə tabe olduğu və qürur duyduğu böyük şəxsiyyət Şeyx Şamilin mürşidi belə İsmayıl Siracəddin Şirvani olub. Çeçenlər Turkiyə ilə də çox yaxındırlar və vaxtılə Osmanlının təbəəsi də olublar. Hiyləgər xislətlilər dərk etməlidirlər ki, bu bağlığı inkan etmək mümkün olmadığı kimi erməni hiyləsinin də nəticəsi ola bilməz.

Sovetlər dönəmində də xalqlarımız arasında bağlılıq özünü göstərib. Vaxtı ilə çeçen əsilli SSRİ xalq artisti Mahmud Esenbayev haqqında "Mən rəqs edəcəyəm” filmini məhz azərbaycanlı rejissor Tofiq Tağızadə çəkib. 1980-ci ildə isə ilk çeçen bədii filmi olan "Dağ novellası”nda əsas baş rollardan birində Azərbaycanın məşhur aktyoru Rasim Balayev çəkilib. Bu gün ictimaiyyətimizin, cəmiyyətimizin müzakirə edəcəyi, bölüşəcəyi çoxlu belə mədəni əlaqələr nümunələri var. Hətta idman yarışlarında belə azərbaycanlılar və çeçenlər arasında mübarizə simvolik xarakter daşıyır və qarşılıqlı hörmətlə müşahidə olunur.

Çeçenistan Respublikası üçün Azərbaycanla münasibətlər strateji xarakter daşıyır və ölkələrimiz arasında əməkdaşlıq ildən-ilə genişlənir və möhkəmlənir. Bu münasibətlər bütün sahələrdə, o cümlədən ticari-iqtisadi sahədə, siyasət və mədəniyyət istiqamətlərində özünü göstərir. Xüsusilə, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər çox uğurla inkişaf edir.

Məişət hadisəsinin şişirdilərək münaqişə kimi təqdim edilməsi yalnız təxribat məqsədi daşıya bilər. Ölkələrimizin mövqelərinin güclənməsi bəzi qüvvələri narahat etməyə bilməz və heç şübhəsiz ki, onlar xalqlarımız arasında düşmənçilik toxumu səpərək öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Erməni lobbisi həmin hadisəni öz mənafeyi naminə şişirtməkdə və ona siyasi rəng verməkdə maraqlıdır. Xüsusilə qeyd etmək lazımdır ki, bu təxribat onların Azərbaycan ilə Rusiya və xüsusən də Çeçenistan arasındakı strateji tərəfdaşlıq münasibətlərini pozmaq istəyindən irəli gəlir. Moskvada baş verən insidentin bu cür əks-səda doğurması da məhz həmin istəyin, həmin təsirin nəticəsidir. Lakin bu cəhdlər, yəni insidenti təxribata çevirmək cəhdləri göründüyü kimi əbəsdir və təsdiq olundu ki, heç bir qüvvə Azərbaycan və çeçen xalqları arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirə bilməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə