Deputat: "Prezidentin Qərb rayonlarına səfəri bölgələrə göstərilən diqqətin nəticəsidir" MÜNASİBƏT

Prezident İlham Əliyevin ardıcıl olaraq bir neçə rayona səfər etməsi əslində səfərə qədər görülən böyük işlərə yekun vurulmasıdır. Cənab Prezidentin regionlarda görülən işlərə diqqət və qayğısı var. Belə ki, regionlara ayrılan vəsaitlər, sahibkarlığın inkişafına verilən dəstək, regionların xüsusiyyətinə uyğun olaraq iqtisadi sahələrin seçilməsi Azərbaycan Prezidentinin gündəlik nəzarətində və diqqətində olan məsələlərdir”. Bunu SİA-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin bölgələrə səfərinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın bütün regionlarının tarixdən gələn iqtisadi inkişaf xüsusiyyətinə, eləcə də ölkənin ümumi inkişaf tempinə uyğun olaraq inkişaf etməsi Ölkə başçısının bölgələrə göstərdiyi diqqətinə nəticəsidir: “Son iki gün ərzində Dövlət başçısının 4 rayona səfəri zamanı nəinki rayonun, eləcə də Azərbaycan miqyasında çox böyük əhəmiyyətə malik olan sənaye obyektlərinin açılması, ölkəmizin inkişaf sürətini göstərir. Həmçinin həmin o obyektlər çoxsaylı iş yerləri yaratmaqla, insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir”.

A.Mirzəzadə söyləyib ki, dünyada baş verən maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir etsə də, ölkəmiz bu zərbəni minimallaşdıra və ümumən yenidən inkişaf xəttinə çıxa bilib: “Prezident İlham Əliyevin bölgələrə səfəri zamanı açılan yeni obyektlər, infrastrukturun yenilənməsi ilə bağlı görülən işlər, həmçinin perspektivə işlənən layihələr Azərbaycanın özünün inkişaf modelini tapdığını göstərir. Eyni zamanda ölkə başçısının səfəri zamanı əhalinin sosial problemləri ilə ciddi maraqlanması, görülən işlərlə bağlı hesabatları qəbul etməsi də iqtisadi inkişafın və sosial məsələlərin həlli ilə yaxından maraqlandığını bir daha sübut edir”.

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin səfəri zamanı ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi ilə bağlı layihələrin də açılışında iştirak etməsi və bu məsələlərə diqqət etməsi də, Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad etməsi üçün ciddi işlər gördüyünü sübut edir: “Prezident İlham Əliyevin son iki gündə Azərbaycanın Qərb zonasına səfəri ictimaiyyətdə böyük maraq doğurdu. Ölkənin bütün kütləvi informasiya vasitələri ilə yanaşı sosial şəbəkələrdə də bu informasiyalar yayıldı. Bu, Azərbaycan dövlətinin özünün imkanlarına söykənərək, həmçinin düzgün strateji xəttini seçərək inkişaf tempini yüksəltdiyinə və bundan sonra da həm regionun, həm də dünyanın yüksək sürətlə inkişaf edən ölkələrdən biri olacağına dəlalət edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə