Qafqaz müridi Şeyx Şamilə layiq pyes

(S.Murtuzayev və A.İdrisoğlunun “İmam Şamil” kitabı haqqında düşüncələrim)

Müxtəlif məlum nüsxələrdən, arxiv materiallardan, ədəbi mənbələrdən yaradıcı şəkildə yararlanıb, uğurlu priyom, zəngin ədəbi dil üslubu ilə zənginləşdirməklə, tarixi salnamələrin düzülüşünü və quruluşunu ardıcıl qaydada göstərməklə Qafqazda 30 ildən artıq cihad elan edib vuruşaraq, 25 il Dağıstanın, Çeçenistanın İmamı olmuş, azadlıq və zülmə qarşı mücahidlik etmiş Şeyx Şamil şəxsiyyətinə müsbət mənada müraciət edən “İmam Şamil” pyesinin hər iki müəllifini belə maraqlı kitaba görə alqışlamaq olar.

Bu nurani, pirani ağsaqqalı, cəsur insanı, din xadimini 74 yaşda imam Əlidən sonra ilk dəfə Kəbənin üstünə qədəm qoyan əfsanəvi bir pak müsəlmanı Məkkədə, Mədinədə böyük təntənə, hörmət-izzətlə, sayı- hesabı bilinməyən ziyarətçilər və əhali tərəfindən adını eşidcək ayağa qalxıb, təzimlə, fasiləsiz xoş səs-küylü nidalarla, sevgidən gələn göz yaşları ilə təkrarolunmaz igidliklər və şücaətlər göstərmiş sərkərdə Şeyx Şamili ehtiramla qarşılayıblar. Bütün bunları, kitabın baş qəhrəmanının həyat və mübarizə yolunu qələmə alıb pyes şəklində oxucuya və tamaşaçıya təqdim etmək müəlliflərin böyük uğuru və artıq ötən bir neçə ayda qazanılmış oxucu rəğbətinin ifadəsi deyilmi?

Bu müqəddəs şeyxin Yaradanına qəlbən bağlılığı, eşqi, məhəbbəti, imanı və əməli Allah-Təala qarşısında borcunu vermək qüdrəti ilə nizamlanan, əqidəsi və məsləkindən qidalanan vurğunluq amalı uğrunda cihadla möhkəmlənib. Ailə üzvlərinə, doğma övladlarına, naiblərinə, məsləkdaşlarına belə bu müqəddəs xidmətdə tələbkar və amansız olan, düşmənə əyilməyən, etiqadından dönməyən, təslimçiliyi qəbul etməyən bir şəxsiyyət məhz insanlara belə nəsihət verə bilərdi:“Əyilən başlı olmaqdansa, başsız olmaq şərəflidir”.

Müəlliflərin oxuculara təqdim etdiyi “İmam Şamil” kitabının elə üz qabığındakı döyüş gedişi və yuxarıda İmamın cazibədar portret şəkli, ilk səhifədə açıq pərdəli səhnə görünüşü, 57- 64-cü səhifələrdə İmam Şamilin portret şəkilləri, oğlanları, rus generalları, Şamilin döyüş səhnələri (rəsm əsərləri əsasında), imamın naiblərinin, Qafqazın məşhur sərkərdəsi və tanınmış ruhanilərinin, Şeyx Şamilin, Qazi Məhəmmədin, Həmzət bəyin, imamların təsviri şəkilləri diqqəti özünə çəkir. Həmçinin rus imperatoru I Nikolayın portreti, II Aleksandrla Şamilin Sankt-Peterburqdakı şəkil lövhəsi blok şəklində yerləşdirilmişdir. Hacı Muradın müxtəlif portret rəsmi və s., kitabın bədii və dizayn işləmələri də nəfis və xoşagələn tərtibatdan xəbər verir.

Müqəddəs ziyarətgahlarda izdlhamla, böyük rəğbət və xoş heyrətlə qarşılanan milyonlarla insanın alqışını və səsini saymaq mümkün olmamasına rəğmən atalar sözündə deyildiyi “Səsi saymırlar, götür qoy edirlər” kəlməsi ilə qiymət vermək dəyəri kifayət edər.

Dahi yazıçı Lev Tolstoyun “Hacı Murad” povestini, Azərbaycanın görkəmli dövlət xadimi olmuş, alim və ağsaqqal İmam Mustafayev və Sadıq Murtuzayevin “İmam Şamil” romanını, Məhəmməd Tahirin “Üç imam” kitabını, Azərbaycanın dostu, əslən qafqazlı, vaxtilə Bakıda təhsil almış Rudolf İvanoviç İvanovun tərtib etdiyi “Hacı Murad” yazısını, (Yeri gəlmişkən, bu müəlliflə Xalq yazıçısı Elmira Axundovanın müşayiətilə tədqiqatçı alimin, yazıçının həyat yoldaşı ilə Masallıda şəxsən görüşmüşəm. 3- 4 saat süfrə arxasında istefada olan polis generalı, rayonumuzun keçmiş icra başçısı Oqtay Əliyevlə birgə bu söhbətlərdə olmuşuq. Rudolf İvanov yenicə çapdan çıxmış Naxçıvanski şəcərəsinin generallarından sonuncusu olmuş Cəmşid Naxçıvanski haqqında yazılmış geniş həcmli kitabını avtoqraf şəklində mənə bağışlamışdır.) dərindən öyrənərək, əlavə toplanmış sənədlər əsasında Şeyx Şamil haqqında pyes yazmaq kimi müqəddəs, xeyirxah bir missiya kimi məsuliyyətli və şərəfli vəzifəni öhdəsinə götürən müəlliflərin sərf etdikləri əmək və zəhmətlərini qədərincə qiymətləndirmək lazımdır. Mən bu qənaətimi yazımın əvvəlində göstərsəm də təkrar yenicə oxuyub- qurtarıb, təəssüratlarımı beynimdə cəmləyib həmin fikrimi özümdən asılı olmadan necə deyərlər, isti izlərlə bir yazar, oxucu kimi qələmə almağa başladım.

Diqqətimi ilk səhifələrdən cəlb edən proloqdakı “Hürriyyət və istiqlal” adlı xorla ifa olunan mahnının səslənməsi anında ağsaqqalın səhnədə döyüş və mübarizədə böyük məhrumiyyətlərə düçar olunmuş günahsız Qafqazı müstəmləkədə saxlamaq siyasətini qətiyyətlə pislənməsi, Molla Məhəmmədin dili ilə müəlliflərin başlanğıcda çox yerində işlətdikləri “Qara qartala qələbə çalan Prometey sağalır. Sonra da əsarət zəncirini qırır. Biz də əsarət zəncirini qırmalıyıq” sözü oxucunu, tamaşaçını keçmiş tarixi vərəqləməklə pyesin oxunuşu, yaxud tamaşanın gedişində Qafqazın başına gətirilən müsibətləri xatırlamağa imkan verir. Müasir dünyamızda baş verən olaylara qiymət verməyə vadar edir. Əlbəttə, pyesi oxumağa davam etdikcə, Şeyx Şamilin istər rus çarları və generalları, istərsə də əfsanəvi sərkərdə Hacı Murad kimi şəxsiyyətin peşmançılıq çəkib Şamilə qibtə və beyət eləməsi, Molla Məhəmməd, İlisu sultanı Danyal bəylə, Şamilin naibi, mürid Surxayla, Aslan xanla görüşləri və söhbət epizodları inandırıcı priyomlarla və səhnələrlə oxucunun həyəcan çəkməkdə tələsməmək, gedişatı gözləməkdə sonun nə ilə qurtaracağını axıradək səbirsizliklə özləməklə dözüm dərəcəsini yoxlayır.

Pyesdə Qafqazda baş verən uzun müddətli siyasi və hərbi çəkişmələr, xalqın etiraz səsləri ilə müşayiət olunan üsyanları xronologiya ilə tarixi faktları sadalamaqla oxucunu və tamaşaçını bunları öyrənməyə və yadda saxlamağa, unutmamağa səsləyir. Axı indinin özündə də imperiya və ağalıq etmək siyasətindən, ayrı- ayrı dövlətlərin birmənalı siyasətlərindən irəli gələn parçalayıb hökmranlıq etmə, nifaq salmaq, çevrilişlər törətmə, xalqların müstəqillik şəraitində yaşamaq hüququna dair BMT tərəfindən təsdiqini tapmış sənədlər və qətnamələrə hörmətlə yanaşmamaq, vətəndaşların bu hüquqlarının pozulmasına dair pyesdə işarələr çoxdur.

Qaldı ki, mərdlik, cəsarət, ölüm, sürgün, işgəncə və qeyri- bərabər qüvvələrlə illər boyu vuruşlar nəticəsində xalqın viran edilmiş doğma yurdlarında sülh şəraitində dinc yaşamaq hüququndan məhrum edilməsi, qaniçənlik, vəhşilik və vandalizm törədənlərə ibrət dərsi vermək şücaəti Şeyx Şamilin, onun müridlərinin, cihadçıların, müqəddəs andına sədaqətli olanların mübarizəsi, demək olar ki, bu səhnələr, epizodlar pyesdə geniş yer tutur. Pyes ayrı- ayrılıqda böyük din xadimi, filosof, qorxmaz sərkərdə Şeyx Şamilin müxtəlif səpkili görüşlərində, ibadət zamanı dialoqları, işğalçılara qarşı müdafiə taktikaları və s. səhnələrlə onun necə nüfuzlu, tələbkar və sərt olmasını, aqilliyini xarakterizə edən cəhətləri əyani, canlı, inandırıcı şəkildə oxucuya çatdırır. Bu da təcrübəli rejissor, səhnə mədəniyyətinin bilicisi, müəlliflərdən biri Ağalar İdrisoğlunun peşəkarlığından irəli gəlir.

Kitabın 77-ci səhifəsində obrazlardan biri - müxalif mövqedə dayanan Aslan xan Molla Məhəmmədi tutduğu din, əqidə yolundan sapındırmaq suallarına sonuncu belə cavab verir:”Allaha qovuşmaq vəcdilə nəfəs alan, bu amalla yaşayan insanlar heç vaxt kafirlərə tabe olub, onların qarşısında diz çökməzlər” sözlərinin qeybdən gələn səs kimi bir daha oxucunun, tamaşaçının yaddaşında möhkəmlənir. Burada böyük Mövlanənin (Rumi) ömrünün sonlarında Allah-Təalaya tez qovuşması gününü dönə- dönə arzuladığını, bunu səbirsizliklə gözləməsi sevincini, konkret desək, Şəbu-Ərus (toy gecəsi) kimi qəbul etməyə hazır olduğu əqidəni xatırladır.

Qazi Məhəmmədin başı daş yağışı altında rus əsgərləri tərəfindən süngü keçiriləndən sonra ölüm qabağı vəsiyyətinə görə onu Şeyx Şamil əvəz etməli idi. İmamın sözü bu oldu ki, bu şərəfli adı qəbul edirəm. Şərtim budur: “Dağıstan xalqlarını müstəqil dövlətdə - imamatda birləşməyi təklif edirəm. Qazi Məhəmmədin mənim kimi davamçısı var. Mən, müəllimimin bu işini bundan sonra da davam etdirməyə söz vermişəm.”

Burada böyük hökmdar Əmir Teymurun bir toplantısında baş vermiş söhbət, olay yada düşür. Hökmdar qayda qoymuşdu ki, kim onun toplantısına, yığıncağına geciksə, başı vurulacaq. Bu qayda- qanuna uzun müddət ciddi əməl olunardı. Lakin bir dəfə vəzir toplantıya gec gəlib çıxır. Əmir hirslənib onu da bu qaydada edam etməyi tapşırır. Vəzir təkcə bir söz istəmək üçün icazə verilməsi təkidindən sonra bildirir ki, hökmdar sağ olsun, mən vaxtından əvvəl çatacaqdım, ancaq ustadım, müəllimim məndən irəlidə getdiyindən onu ötərək, qabaqlamağa cürət etmədim. Bu səbəbdən gecikdim. Hə?- deyə hökmdar yumşalır və göstəriş verir ki, vəzirə bu nəcib hərəkətinə görə ənam verilsin. Yuxarıda göstərdiyim səhnədən oxucu belə oxşar nəsihətamiz bir nəticə çıxarır. Pyesin davamında Şamil onu görüşə dəvət edən I Nikolayın təklifini rədd edir, satqınlara inanmadığını bildirir. Lakin uzun sürən və usandırıcı döyüşlərdə ruslar oğlu Camaləddini əmanət götürürlər. Qısa qələbədən, bir müddətdən sonra məğlubiyyətin labüdlüyü yaranır.

İmam sonradan Çeçenistana qayıdır və orada onu böyük hörmətlə qarşılayırlar. Sonra güclü dəstə toplayaraq xeyli kəndi, aulları azad etməyə nail olur. Lakin Hacı Muradın, Rusiyada sarayın nəzarəti altında hərbi təhsil almış oğlu Camaləddinin öyüd- nəsihətilə məhz hərdənbir ağsaqqalın şeyxi yumşaltmaq istəyi və səyləri istiqamətində ona dediyi sözlərə, rus generallarının xəbərdarlıqlarına imam sərt və barışmaz mövqe nümayiş etdirir.

O, monoloqunda qəzəblə bildirir ki, əlahəzrət Nikolay, məni diz çökdürə bilməzsən. Heç vaxt... Sənin və ulu baban I Pyotrun da arzularını ürəyində qoyan yeni Şamillər, Camaləddinlər doğulacaq. Əsərin baş qəhrəmanı qalanın mühasirəsindən xüsusi igidliklə çıxdıqdan sonra təəccüblənən general Qurko ilə söhbətdə əqidəsinə, məsləkinə uyğun hərəkət edən Şeyx tarixi bir söz işlədir:”Sizə və çarınıza hər şeyi versəm də, Vətənin hürriyyət və şərəfini əsla vermərəm. Allah hətta güclülərin bacarmadığını bir acizə verməyə qadirdir.”

Rəhbərin belə əzmkarlıq, qorxmazlıq, cəsurluq amallarının müridlərilə birlikdə bir neçə səhnədə səsləndirməsi əsəri məntiqli, güclü, oxucuda müqəddəs mübarizədə gec-tez haqqın tərəfində qələbəsinə möhkəm inam yaradır.

Hacı Murad kimi tanınmış şəxsiyyətlə söhbətdə onun satqınçılığını, aldadıldığını, nahaq qan tökərək günah işlətməsini, xeyli olmuş- keçmiş barədə işğalçıların əməliyyatlarından xəbər tutduğunu göstərən Şamilin ağlına bir daha heyranlığını bildirir. Onu qardaşı hesab etdiyindən birgə vuruşacaqlarını bəyan edir.

Bir səhnədə Qafqaz canişini Voronsovla çar I Nikolayın dialoqu yer alır. Rus çarı ermənilərin sadiq qul olduğunu xatırladır. Qafqazlılara qarşı spirtli içki, erməni qadınlarına hərisliklə, bicliklə onları ələ almaq varianlarını təklif edir.

Müəlliflərin əksər epizodlarda mürəkkəb situasiyalarda ağsaqqal sözünün və məsləhətlərinin təsir gücünü diktə etmək priyomu yerindədir. Məsələn: Hacı Muradı səhvlərinə, bir neçə başqa yanlış mövqeyinə görə qəbul etməyən Şeyx Şamilə üz tutaraq ağsaqqal əsərin XV epizodunda deyir: -Böyük imam! Onu çağır, barış, bağışlamağı bacarmaq yalnız geniş ürəkli insanlara nəsib olur... İmam Əmirəlimömin deyib ki, qəzəblənməyin, çünki qəzəbin əvvəli dəlilik, sonu isə peşmançılıqdır.

Yaranmış məqamlardan ustalıqla istifadə edən Qafqaz canişini Vorontsov, naiblər tərəfindən öldürəcəyini düşünən Hacı Muradı özünə tərəf çəkməyi bacarır. O, istəməsə də, ruslar tərəfinə keçir. Aldanılaraq ölüm hökmü ilə qorxutmaqla Hacı Muradın xəyanət yolunu seçməsi imam Şamili çox sarsıdır. Lakin epizod görüntüsündə yenə də Hacı Murad peşmançılığını etiraf edir. İnanır ki, Qafqaz xalqlarının xilası yolunda Şamilə köməkdən başqa heç bir yolu yoxdur. Birazdan atışma səhnəsi ilə Hacı Muradın öldürüldüyü yayımlanır.

Şamil isə: - Sənin qanın yerdə qalmayacaq. Ölümün bizi yeni qələbələrə ruhlandırır, istəkli qardaşım,- deyir.

Sonrakı epizodlarda Şamilin oğlu rus zabiti Camaləddinin geri qaytarılmasından sonra onunla, habelə Danyal bəylə söhbətlər, hadisələr xalqın igid oğlu, din xadimi Şeyx Şamil barədə qəhrəmanlıq dastanı kimi ustalıqla işlənib ərsəyə gətirilən pyesdə kulminasiya nöqtəsinə yaxınlaşmaq rolunu oynayır.

Burada vaxtilə təklif olunan türklərin himayəsi ilə Qafqaz xalqlarının birləşib müstəqil müsəlman dövləti yaratmaq fikri də xatırlanır. Şamilin səhvləri sadalanır. Onun naiblərinin dedi-qodusuna inanaraq, Hacı Muradla münasibətlərini əbəs yerə kəskinləşdirməsi, Camaləddini eşitməməsi etirafları səsləndirilir.

Şamil vəziyyəti dəyərləndirməyib bəzi sərt addımlarına görə səhvlərini artıq başa düşür. Bu vaxt yenə də ağsaqqal və müridlər səhnəyə daxil olurlar. Ağsaqqal dillənir:

-Bizi eşit, imam! Hər şeyimiz qurtarıb. Dini biz də sənin qədər bilirik. Mənasız yerə qocaları, qadınları və uşaqları, xəstələri boş yerə qurban verməyə mənəvi haqqın yoxdur. Hərbçilər bizə sərbəst çıxıb getmək imkanını təklif edir. İndiki şəraitdə bu fürsəti əldən vermək olmaz. Nəhayət, müridlərin də bu təklifə fətva verdikləri təsdiqlənir.

Şeyx Şamil, təki təslimçilik olmasın deyə oğlu Qazi Məhəmmədi təklikdə saxlamaqla qadın və uşaqların düşmən əlinə keçməməsi üçün boyunlarını vurmağı ona əmr edir.

İmam Şamilin qızı Nəfisət irəli cumub tələb edirlər ki, qoy onların boyunlarını vursunlar. Şamil göz yaşlarını gizlədərək bərkdən oğlu Qazı Məhəmmədə qışqırır:

-Əl saxla! Bu can-ciyərlərimi qurban verməməkçün özümü təslim etməyə, rüsvayçılığa dözməyə qərar verirəm.

Ağsaqqalı yanına çağırıb:

-Get, knyaz Baryatinskiyə de ki, Şamil təslim olmağa hazırlaşır.

Övladları atalarının təslim olmasına qəti etiraz edir. Bu məqamda ağsaqqal yenidən dillənir:

-O, təslim olmur. Yalnız barışıq təklifini qəbul edir. İstəmir ki, boş yerə qan tökülsün...

Pyesin sonuncu XX və XXI epizodlarında general Vrangellə Şamilin dialoqu əksini tapır. General Şamilin igidliyini, rus çarının ona heyranlığını bildirir.

-Bu sözlər artıqdır. Şərtlərimi qəbul edirsinizmi? –Şamil bir-bir sadalayır və üç gün möhlət istəyir.

Baryatinski imamla görüşdə vaxtilə Şamilin onu saymadığını, indi isə təkliflərinin qəbul edilməyəcəyini çatdırır və deyir ki, Əlahəzrət II Aleksandrın I Nikolay kimi sizə hörməti çoxdur.

Növbəti şəkildə Şamil səhnədə tək qalır və gözünü diqqətlə zala zilləyir və deyir:

-Otuz illik müharibəyə son qoymaqla, görəsən düz hərəkət eləyirəmmi? Görəsən gələcək nəsillər bu hərəkətimə görə, mənə nifrət eləməyəcəklər ki? Məni qorxaqlıqda, satqınlıqda ittiham eləməyəcəklər ki?..

O, bir müddət dərin fikirlərə qərq olaraq, Allaha güvəndiyini bildirərək, vəsiyyət edir:

-Vətənin bir gün hürriyyət və istiqlala qovuşacağına etiqadınızı, inamınızı itirməyin... Azadlığı yalvarışla almaq mümkün deyil. Onu zorla, güclə almalıyıq... Məhv olsun səfil əsarət, yaşasın Vətənin istiqlalı yolunda şanlı, şərəfli ölüm!-deyə başına toplaşanlara səslənir.

P.S. Yazını bitirdikdən sonra fikirləşdim ki, psixoloji durumlu bu sonluqla – güclü düşmən qarşısında razılaşmaq nə dərəcədə doğrudur. Güman ki, buna pis ad vermək insafsızlıqdır. Qınamaq da çətindir. Ona görə ki, qəhrəmanlıqlarla dolu mübarizə, azadlıq və istiqlal yolunda verilmiş böyük itkilər, şəhidlər? Ancaq dərindən düşünərək:

Gənclərə imamın vəsiyyəti, gələcək birləşməyə, quruculuğa səslənən marş xarakterli mübariz çağırışlar, gələcək qələbələrə ümid vermirmi? Fikri üzərində dərin xəyallara dalıram.

Elə bilirəm ki, böyük hörmət qıldığım, bu cür mübarizə ruhlu əsərə görə mənə sonda dünənin, bu günün, sabahın Qafqaz xalqlarına həmin çağırışlar ilə rövnəq verilən pyesin müəllifləri Sadıq Murtuzayev və Ağalar İdrisoğluna oxucu rəğbətini çatdırmaq qalır.

Pyes, həqiqətən də Qafqaz müridi Şeyx Şamilin adına çox layiqdir. Biz inanırıq ki, bu pyes tamaşaya hazırlansa tamaşaçılar tərəfindən də böyük maraqla və uğurla qarşılanacaq. Azərbaycanlıları da Qarabağ torpağını düşməndən azad etməyə yüksək səviyyədə səfərbər edəcək.

Ələşrəf NİFTİYEV,

AYB və AJB-nin üzvü, yazıçı-publisist

Bütün xəbərlər Facebook səhifəmizdə