SƏYAVUŞ SÜLEYMANLI,

AYB və AJB-nin üzvü, “Qızıl qələm” media mükafatı laureatı

"Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ithaf edirəm)

O, əlindəki Fərmanı imzalayıb qovluğa qoydu. Düyməni basıb köməkçisini çağırdı. İçəri daxil olan köməkçi:

- Eşidirəm, cənab Prezident.

- Sabaha nəzərdə tutduğumuz bir sıra məsələlər bir gün təxirə salınır. Səbəbini bilirsən.

- Bəli, cənab Prezident. Əvvəlki illərdə olduğu kimi, ənənəvi olaraq idman mərkəzində böyük şənlikdə olacaq, sonra da uşaq evinə gedəcəksiniz.

- Bir şeyi də qeyd et dəftərçənə: nəvələrimlə şəhərdə gəzinti keçirəcəyik. Axı onlar da uşaqdırlar.

- Hər şey qaydasında olacaq, cənab Prezident.

- Gedə bilərsən.

Köməkçi gedəndən sonra Prezident evə zəng etdi. Telefonda gəlini Mehriban xanım idi. Salamlaşdılar. -Uşaqlar necədir?

- Bağçada oynayırlar.

- Havalar istiləşib. Heydəri qalın geyindirmə. Biz o yaşda olanda ayaqyalın gəzərdik. Ona nazik paltar geyindir.

- Baş üstə. Nahar etmisiniz?

- Sən bilirsən ki, mən işin çoxluğundan çox zaman nahar etmirəm. Qulaq as. Sabah 1 iyun uşaqların Beynəlxalq müdafiə günüdür. Hamınızı şəhərə gəzintiyə aparacam Hazırlaşın. Hə, nə deyirsən?

- Çox gözəl oldu! Uşaqlar çox sevinəcəklər. Xeyli vaxtdır şəhəri görmürlər.

- Mən evə gec gələcəm, işim çoxdur. İlham narahat olmasın. Uşaqlar da məni gözləməsinlər, yatsınlar. Sağ ol!

Telefonun dəstəyini yerinə qoydu Prezident, daha sonra dəstəkdən səs eşidildi: dud…dud…dud…

Prezident fikirləşdi: “Sabahkı tədbirçün yaxşı hazırlıq görülüb. Uşaqlar əylənib sevinəcəklər. Ancaq təkcə mənim ürəyim sakit olmur. Ölkədə müharibənin vurduğu yaralar nə qədər körpələri, uşaqları ata-anasız qoyub. Onlara nə qədər dövlət qayğısı göstərilsə də, boyunları bənövşə çiçəyi kimi bükülüdür. Bu, məni gecə də, gündüz də narahat edir. Niyə bunu bəzi qüvvələr görmür. Axı bu uşaqların günahı nədir? Onlar da atalı-analı böyümək istəyirlər. onlar da nəvazişə ehtiyac hiss edirlər”.

Prezident uşaqları çox sevirdi. Uşaqlar onun həyatı idi. Hər il keçirtdiyi böyük şənliklərdə onun uşaqlarla görüşlərindən qəzetlər çox yazardılar. Bayram günlərində hər yerdə bu görüşlərin uşaqlarda oyatdığı təəssüratdan danışırdılar. Valideynlərini itirmiş uşaqlar Prezidenti öz babaları kimi sevirdilər və yenə də səbirsizliklə onun yolunu gözləyirdilər.

Ertəsi gün Prezident ilk görüşünü Uşaq evindən başladı. Onu ilk qarşılayan Uşaq evinin müdiri oldu. Bu, saçları ağarmış, uşaqlara ikinci ana olmuş Mərziyə xanım idi.

Prezident hal-əhval tutdu. İşlərində çətinliklərin olub-olmaması ilə maraqlandı. Bir azdan uşaqlar onu dövrəyə aldılar. Şeir deyənlər, rəqs edənlər, mahnı oxuyanlar bir-birini əvəz edirdi. Uşaqlar dahi insanın gülümsər çöhrəsindən başa düşürdülər ki, onların şənliyi Prezidentin xoşuna gəlib.

Prezident uşaqları yaxına çağırdı.

- Hə, əziz balalar, necə dolanırsınız? Oxumağınız necədi?

- Çox yaxşı yaşayır və oxuyuruq, Heydər baba. Çətinliyimiz yoxdur-deyib, uşaqlar yerbəyerdən dilləndilər.

Bu zaman 4-5 yaşlarında qıvrımsaç bir oğlan Prezidentin əlindən tutub şirin bir dillə dedi:

- Heydər baba, mən qaqaşımla biy yeydə oluyuq. Oduy ey tay çalıy. Mən də yəqs ediyəm. Baba, bax, belə.

Qıvrımsaç oğlan bunları deyib oynamağa başladı. Necə də gözəl oynayırdı. Elə bil lap rəqqas idi. Prezident onu seyr etdikdən sonra qucaqlayıb bağrına basdı; dönə-dönə öpdü onu. Gözləri yaşarıncaya qədər güldü. Ancaq bu gülüş əslində içərisindəki niskilini boğmaq üçündü. Bu balaca, qıvrımsaç oğlan hər iki valideynini Qarabağ müharibəsində itirmişdi, təkcə qardaşı onunla birlikdə salamat qalmışdı.

-Çox yaxşı rəqs edirsən, bala, əhsən!-dedi Prezident.-Qaqaşın da tarda yaxşı çalır. Sizin hamınız gözəl balalarsınız. Mən sizə hədiyyələr gətirmişəm, uşaqlar.

Prezident ətrafına boylandı. Dərhal böyük salona hədiyyələr gətirildi. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Uşaqlar hədiyyələri alıb təşəkkür edir, xoşbəxtcəsinə gülüşür, sevinclərindən Prezidentin üz-gözündən öpür, onu əzizləyirdilər.

Şənlik qurtarana yaxın Prezident gözləri ilə elə bil ki, kimi isə axtarırmış kimi o tərəfə-bu tərəfə boylanmağa başladı. Sonra Mərziyə xanıma tərəf çevrilib dedi:

- Mərziyə xanım, ötən il bu günkü gündə, bax, elə bu salonda mənim hüzurumda nərmənazik, lakin çox gözəl, fəqət bir qədər qəmgin görünən bir qız şeir söylədi. Özü yazmışdı şeiri. Çox məzmunlu, həm də çox kövrək şeirdi. O zaman şeir mənim xoşuma gəlmişdi. Nədənsə, bu gün o qız gözümə dəymir. Ya da böyüyüb, bəlkə də tanıya bilmirəm. Elə isə çıxsın qabağa, yenə də təzə yazdığı şeirlərini söyləsin. Səhv etmirəmsə, adı da Bənövşə olmalıdı. Elədir ki, var, Bənövşə idi adı.

Bir anda musiqi də kəsildi, uşaqların üzlərindəki sevinc də çəkildi, başlar bənövşə çiçəyi kimi aşağı əyildi.

Prezident uşaqların bu qəfil halını duymağa çalışdı.

Mərziyə xanım Prezidentə yaxınlaşıb pıçıltı ilə uşaqların bayram şənliyini pozmamaqçün çox ehtiyatla dedi:

-Cənab Prezident, biz Bənövşəni qoruyub saxlaya bilmədik. Onu xiffət aramızdan apardı. Erməni faşistləri onun gözləri qarşısında ata və anasını qətlə yetirmişdilər. Özünü də ölümcül yaralamışdılar, amma təsadüfən salamat qalmışdı uşaq. Heç kəsi qalmamışdı Bənövşənin. Odur ki, olub-keçənlər yadına düşəndə həmişə sarsıntı keçirərdi. Onu bu bəladan qurtarmaqçün həkimlər əllərindən gələni əsirgəmədilər. Amma…-göz yaşlarını sildi Mərziyə xanım…

Prezidentin gözləri doldu. Çox kövrəldi. Boğazını qübar tutdu. Danışmağa söz tapmadı. Kədərini gizlətməkçün kreslodan qalxıb bir neçə uşağı qucaqladı, öpdü onları. “Ay Allah, bu nə dərddir mənə göstərirsən?!”.

Ürəyində dediyi bu sözlərlə üsyan etdi Prezident. Sanki bir vulkan püskürdü köksündə. Fəqət, çalışdı ki, keçirdiyi ağrıları uşaqlara bildirməsin. Tədbirin pozulacağından ehtiyat etdi. Ətrafdakı qonaqlar bunu duymamış deyildilər. O, qübarlı-qübarlı özünü bir daha ələ alıb sözünə belə başladı:

- Əziz övladlarım! Bu gün sizin bayramınızdı. Bu gün bütün dünyada uşaqların beynəlxalq müdafiə günüdür. Uşaqları qorumaq, düzgün tərbiyə etmək bizim bütün dünya xalqlarının ən müqəddəs borcu və vəzifəsidi. Fəqət, bəzən bu müqəddəs vəzifələr unudulur. Allahın xofunu hiss eləməyənlər onun əmrini pozmaqla bizim şirin-şəkər balalarımızın da dinc həyatını pozurlar. Bu da müharibənin fəsadlarıdı. Müharibə yaşadığımız dünya üçün həmişə fəlakətlər törədib. Dinc həyatımızı pozub. Dünyada torpaq üstündə dava edən o qədər səltənət sahibləri olub ki, onların aqibətini hamı bilir. Alman faşistləri ədalətsiz müharibələrə görə şöhrət tapmadılar, əksinə, tarixdə həmişə lənətlənirlər. Erməni faşistləri də bu yolla gedirlər. Onlar da işğalçı adlanırlar. Dünya belələrini sevmir, uşaqlar. Gec-tez onlar da cəzalarını alacaqlar! Çünki körpə balaların heç bir günahı yoxdur. Onların sevincini, xoşbəxtliyini heç bir qüvvə əllərindən ala bilməz! Erməni işğalçıları tarix səhifələrində öz iyrənc əməllərini heç bir zaman ört-basdır eləyə bilməyəcəklər! Mən sizə söz verirəm, əziz nəvələrim, biz, öz torpaqlarımızı müharibə yolu ilə yox, SÜLH yolu ilə, beynəlxalq qüvvələrin əli ilə geri qaytaracağıq. Buna əmin ola bilərsiz. Əziz nəvələrim, mən sizin hamınızı təbrik edirəm! Sizi bağrıma basıb, dönə-dönə öpürəm, mənim əzizlərim! Sağ olun!

Uşaqlar Prezidenti yenidən dövrəyə aldılar, onu rəqsə dəvət etdilər, əllərindən tutub onunla xeyli rəqs etdilər, yadigar olaraq onunla foto-şəkil də çəkdirdilər, əzizlədilər onu, sevdilər və dönə-dönə öpdülər əziz Prezidentlərini…

Bir azdan Prezident avtomobilinə əyləşib pəncərədən binaya tərəf boylananda, yaraşıqlı ikimərtəbəli binanın açılmış pəncərələrindən yüzlərlə uşağın-kövrək bənövşələrin ona əl etdiklərini gördü. Elə bil ki, onların hamısı Prezidentin ötən il gördüyü, şeirini dinlədiyi o zərif qızcığaza - Bənövşəyə oxşayırdılar.

Prezident köksünü ötürdü. Doluxsundu. Qəlbi ağrıdı. İxtiyarsız olaraq iki damla göz yaşı yanaqlarını islatdı… Amma bu göz yaşları onun daxilində böyük bir təlatüm yaradırdı. Bu göz yaşları onu torpaqları geri almaqçün böyük bir mübarizəyə hazırlayırdı…

Bu, Prezidentin ölkə həyatında ən böyük dərdi, niskili idi…

Lənkəran, Liman şəhəri

18.04.2004

Bütün xəbərlər Facebook səhifəmizdə