“Terrorizmlə mübarizədə gənclərin gücü vacibdir”-AÇIQLAMA

"Terrorizmlə mübarizədə gənclərin gücü vacibdir". Bu sözləri BMT-nin Terrorla Mübarizə İdarəsinin Aparat rəhbəri Sevil Əlirzayeva V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar" mövzusundakı paneldə çıxışı zamanı deyib. O, əlavə edib ki, terrorizmə qarşı mübarizədə ənənəvi metodlar effektiv deyil: "Terrorizmlə mübarizədə nəticə əldə etmək üçün sülh daim olmalıdır. BMT Baş katibinin tapşırığına əsasən, terrorizmə qarşı mübarizədə gənclərin xidmətlərindən istifadə edilir. Gənclər terrorizmlə mübarizədə aparıcı qüvvədirlər".

O qeyd edib ki, gənclər terror təşkilatlarının təsiri altına tez düşə bilirlər.

Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov isə qeyd edib ki, Azərbaycan çox yaxın tarixdə terrordan əziyyət çəkib, ekstremizmlə üzləşib: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistan bizə təcavüz etdi. Digər tərəfdən, Azərbaycanda tolerantlıq çox ciddi dəyərdir. Dünyanın müxtəlif yerlərində dəhşətli hadisələr baş verir. Azərbaycanda isə həm dini, həm də etnik tolerantlıq hökm sürür".

F.Cəfərov panel iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda dövlət tərəfindən gənclərə böyük dəstək göstərilir: "Azərbaycan Gənclər Fondu 4000-dən çox gəncin layihəsinə dəstək verib. Onu da qeyd edim ki, Azərbaycan Gənclər Fondunun səlahiyyətləri artırılıb. Bu isə gənclərin xaricdə təhsillə bağlı layihələrinə dəstək verilməsinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə