Bu dünyada bir kişi yaşadı Nərçə Ağayev-80

(Portret cizgiləri)

Rauf Sadıxov: Deyirlər, “ağsaqqal Ulu Tanrının yer üzündə mizan-tərəzisidir”

Onlar Sumqayıtda dörd nəfər ən böyük kimya zavodlarının rəhbərləri idilər. Bir vaxtlar bu şəhərdə hamı onlardan danışırdı. Onların bacarığından, ağlından, təşkilatçılığından, dünyagörüşündən, insani keyfiyyətlərindən, işlədiyi müəssisələrin işçilərinə və Sumqayıt camaatına can yandırmalarından hamı böyük həvəslə, istəklə söz açırdı. Baxmayaraq ki, bu insanlar haqqında qəzetlərdə elə də çox yazılmırdı və Azərbaycan Dövlət Televiziyasında demək olar ki, heç nə göstərilmirdi, amma bu insanlar təkcə Sumqayıtda, Azərbaycanda yox, keçmiş Sovetlər Birliyində də tanınırdılar. Öz işlərinə və rəhbərlik etdikləri zavodları İttifaq miqyasında tanıtdıqlarına görə. Bu məşhur şəxsiyyətlər- Zamin Hüseynov, Nurəddin Babayev, Ucal Qasımzadə və Nərçə Ağayev idi. Zamin Hüseynov Sintezkauşuk, Nürəddin Babayev Üzvi Sintez, Ucal Qasımzadə Sumqayıt “Məişət kimyası” və Nərçə Ağayev isə Superfosfat zavodlarına rəhbərlik eləyirdilər. Bu, əsl el ağsaqqalları olan məşhur şəxsiyyətlərdən Nərçə Ağayev daha sadə, yumorlu, iti ağıllı, qılıqlı olduğuna və hər bir adamla daha tez dil tapdığına görə demək olar ki, hamı tərəfindən birmənalı şəkildə yüksək qarşılanırdı. Məşhur cərrah İzzər Sadıxov, Nərçə Ağayev və gənclik şəhərində ilk univermağın direktoru Zaman İsgəndərov həm də Sumqayıtda əsl dostluq simvolu idilər. Onlara hamı Sumqayıtın molla nəsrəddinləri, bəhlul danəndələri deyirdilər. Çünki bu insanlarla bağlı yüzlərlə lətifələr təkcə Sumqayıt camaatının yox, respublika əhalisinin də dilində məşhur idi.

Bu lətifələrin də çoxunu elə onların özləri fikirləşirdilər və məclislərdə, dostlar arasında aktyorsayağı, böyük həvəslə deyirdilər. Hətta şəhərin həmin vaxtkı rəhbərləri belə onlar tərəfindən lətifəyə çevrilməmək üçün bu insanlarla görüşəndə hər hərəkətlərinə ciddi fikir verirdilər. Onlar iştirak eləyən hər bir məclis həmişə şadyanalıqla keçirdi. Hətta şəhər rəhbərliyinin keçirdiyi çox ciddi, gərgin iclas, müşavirə vaxtı belə Nərçə Ağayevin dediyi bir lətifə hamının gülüşünə səbəb olur və həmin gərginliyi aradan götürürdü.

Bu üç dost “klubuna” Nərçə Ağayev rəhbərlik eləyirdi. Nərçə Bəhmən oğlu Ağayev çox keşməkeşli bir ömür yaşamışdı. O, Azərbaycanın dilbər guşələrindən biri Yardımlı rayonunun Çanaxbulaq kəndində 5 may 1939-cu ildə anadan olmuşdu. 1957-ci ildə Mirzə Fətəli Axundov adına Yardımlı qəsəbə orta məktəbini bitirəndən sonra taleyini Sumqayıtla bağlamışdı. İlk əvvəl Sumqayıt Ağac Emalı zavodunda əmək fəaliyyətinə başlamışdı. 1957-ci ildən Superfosfat zavodunda aparatçı kimi öz işini davam etdirib, qısa vaxtda sex rəisinin müavini vəzifəsinə yüksəlmişdi. Həmin vaxtı Nərçə Ağayev ali təhsil almağı da yaddan çıxarmamışdı. O, istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirmişdi. Artıq 1973-cü ildə Sumqayıt Superfosfat zavodunun direktor müavini təyin edilmişdi. Bir il sonra isə yekdilliklə zavodun direktorluğu vəzifəsinə təsdiq olumuşdu. Nərçə Ağayev 1990-cı ilə kimi böyük uğurla bu vəzifədə işləmişdi. Bu zavodu keçmiş Sovetlər İttifaqında yüksək səviyyədə tanıtmışdı. O, öz işini təkcə zavod direktorluğu ilə bitmiş hesab eləməmişdi. Özünü elm sahəsində də sınamışdı. “Tərkibində mikroelement birləşmələri olan sənaye tullantılarının iştirakı ilə modivikasıya edilmiş superfosfat gübrəsi alınması texnologiyasının işlənib hazırlanması” mövzusunda maraqlı elmi işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdı. Nərçə Bəhmən oğlu təkcə mineral gübrənin istehsalına aid 20-dən çox müəlliflik şəhadətnaməsi almışdı. Onun rəhbərliyilə 4 nəfər elmi iş müdafiə edərək, texnika elmləri namizədi, alimlik dərəcəsi adını almışdılar. O, Sumqayıt məktəblərini və respublikanın bir neçə məktəblərini sponsorluğa götürdüyünə görə Azərbaycan Təhsil Nazirliyi tərəfindən “Azərbaycanın maarif əlaçısı” fəxri adını almışdı. Nərçə Ağayev Respublikanın Əməkdar mühəndisi idi. "Qırmızı Əmək bayrağı" ordeni ilə təltif olunmuşdu. 19 texniki ixtiranın, 60-dan çox səmərələşdirici təklifin müəllifi idi. Nərçə Bəhmən oğlu Ağayev haqqında şair-dramaturq Camal Yusifzadə “Qəbul təxirə salınır” adlı çox maraqlı pyes yazmışdı. Bu pyes də Əməkdar incəsənət xadimi Oruc Qurbanov tərəfindən Sumqayır Dövlət Dram Teatrında böyük uğurla tamaşaya qoyulmuşdu. Nərçə Ağayevin rolunu isə istedadlı aktyor, Əməkdar artist Əli Nur ifa etmişdi.

Çox sevinirəm ki, həmin pyesin yazılmasında və böyük uğurla tamaşaya qoyulmasında mənim də xidmətlərim az olmamışdı.

Nərçə Ağayev 1990-cı ildə Respublika səviyyəli “Azərkimya” İstehsalat Birliyinin sədri təyin edilmişdi. Altı il bu vəzifədə çalışdığı müddətdə Zaqafqaziya respublikaları və Şimali Qafqazın kimya sənayesilə təchizatında onun xidmətləri əvəzsiz olmuşdu. Sonra Nərçə müəllim “Sintez” İstehsalat Servis və Kommersiya Assosiasiyasının baş direktoru, Sumqayıt “Məişət kimyası” zavodunun direktoru və “Azərikimya” Dövlət Şirkəti prezidentinin müşaviri vəzifələrində də işləmişdi. Nərçə Bəhmən oğlu Ağayev uzun illər şəkər xəstəliyindən əziyyət çəkdiyinə, həmişə zəhərli kimya müəssisəsində işlədiyinə görə 2008-ci ilin 26 iyul tarixində 69 yaşında dünyasını dəyişdi. Onun dəfni şəhər miqyasında bir izdihama çevrilmişdi. Bu dəfn mərasiminə Bakıdan, respublikanın çoxlu rayonlarından və hətta MDB məkanından da gələnlər vardı.

Tale elə gətirib ki, 1976-cı ildən mən Sumqayıta gəldiyim vaxtdan Nərçə müəllimlə təmasda olmuşam. 1977-ci ildə Sumqayıt Gənclərinin “Umid” Teatr-Studiyasını yaradan vaxtı və bu kolletivin 1979-cu ildən Sumqayıt Gənclərinin Xalq Teatrı olduğu vaxtlarda Nərçə Ağayevin rəhbərlik etdiyi Superfosfat zavodunun həmişə maliyyə dəstəyini görürdük. Tez-tez onun rəhbərlik etdiyi zavodun kollektivi qarşısında çıxış edirdik. Eləcə də artıq 1989-cu ildən Sumqayıt Dövlər Musiqili-Dram Teatrına rəhbərlik elədiyim vaxtlardan Nərçə Bəhmən oğlu Ağayev həmişə bizim teatra dəstək olub. Xalq şairi Sabir Rüstəmxanlının 50 illik yubileyinə həsr elədiyimiz, müəllifi mən olduğum “ Sabir Rüstəmxanlının portret cizgiləri” tamaşasının ərsəyə gəlməsində Nərçə müəllimin xidmətləri əvəzsiz olmuşdu. O, həmin çətin, xaos dövründə teatrda bütün tamaşalrın hazırlanmasında quruluş xərclərimizə təkcə özü yox və başqa zavod direktorlarını da təhrik etməklə böyük yardımçı olurdu. Mən Sumqayıt teatrına rəhbərlik etdiyim 1989-cu ildən o, teatrın bədii şurasının üzvü idi. Teatrın tamaşalarının qəbulunda özünün maraqlı təkliflərini verirdi. O, Sumqayıtda təhsilin, mədəniyyətin, idmanın inkişafında, şəhərin bütün işlərinin inkişaf etdririlməsində əsl mesenatlardan biri olmuşdu. Onun maliyyə dəstəyilə çoxlu tələbələr yüksək səviyyədə ali təhsil alıb, yaxşı mütəxəssislər olublar.

Nərçə Bəhmən oğlu Ağayev sözün bütün mənalarında əsl ağsaqqal idi. O, həmişə gənclərə dəstək olur, bacarıqlı gənclərin inkişaf etməsi üçün, onların bədxasiyyətli, xəbis adamlardan qorunması üçün də əlindən gələni edirdi. Çox mübariz insan idi Nərçə Bəhmən oğlu. Bu insanda qorxu deyilən şey yox idi. O, mümkün olmayanı mümkün eləmək gücünə qadir böyük şəxsiyyət kimi mənim və mənim kimi çoxlarının yaddaşında belə qalıb.

Nərçə Ağayevin 80 illik yubileyilə bağlı yazı işlədiyimi bilən və bu gün Sumqayıtın sayılıb-seçilən ziyalılarından və artıq ağsaqqallarından olan bir neçə insan da onların ürək sözlərini yazmağı məndən xahiş etdilər.

“Az.Termoizol” ASC-nin sədri, beynəlxalq “Sokrat” mükafatı laureatı, tikinti sahəsində xarici ölkələrin bir neçə Qızıl medalını almış, “Tərəqqli” medallı Şakir Həsənovun dediklərindən:

-Yadımdadır ki, biz həmin vaxtı rayonlardan Sumqayıta gələn gənclər idik. Arxamızda da heç bir tanınmış qohumlarımız, ağsaqqallarımız yox idi. Nərçə müəllim bizim bacarığımızı, savadımızı, təşkilatçılığımızı görüb, bizə arxa-dayaq oldu. Özünün ağıllı məsləhətləri, səbri və ən əsası da bizə arxa-dayaq durması ilə inkişafımıza çox köməklik elədi. Hansımızın bir problemi olurdusa həmin dəqidə ona müraciət eləyirdik və Nərçə müəllim də bizim həmin problemimizi müsbət həll eləyirdi. O, həmin vaxtı həqiqət də bu şəhərin sayılıb-seçilən ağsaqqallarından biri idi. Sumqayıta həmin illərdə rəhbərlik eləyənlər də, güc strukturları da onunla hesablaşırdılar. Biz hamımız həmin vaxtı ona oxşamağa çalışırdıq. Çünki Nərçə Bəhmən oğlu Ağayev həmin dövrün müsbət qəhrəman olan əsl idealı insanı idi.

Tibb üzrə fəlsəfə doktoru, Respublikanın Əməkdar həkimi, “Tərəqqi” medallı Cəbrayıl Əlinağıyevin dediklərindən:

-Mən uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə rəhbərlik eləmişəm. Bu xəstəxananın da baş həkimi məşhur cərrah İzzət Sadıxov idi. O, Nərçə Ağayevlə çox yaxın dost idi. Nərçə müəllimin rəhbərlik elədiyi Superfosfat zavodunda hansısa bir hadisə olanda, kimsə xəsarət alanda Nərçə Ağayev özü həmin dəqiqə xəstəxanaya gəlir və onun işçisinə yüksək dərəcədə tibbi xidmət olunmasına çalışır və həmin xəstənin də bütün problemlərini məhz özü həll eləyirdi. O, sözün həqiq mənasında bütün işçiləri üçün əsl mənəvi ata idi. Təkcə öz işçiləri üçün yox, tanıdığı bütün insanlara da əsl atalıq qayğısı göstərirdi. Hər biri ayrı bölgədən olan və üç dost- Nərçə Ağayevdə, İzzət Sadıxovda, Zaman İsgəndərovda yerlibazlıq, qohumbazlıq, tayfabazlıq adlı iyrənc məfhumun heç biri yox idi. Onlar Sumqayıtda bütün xeyir-şər məclislərdə olur və həmin adamlara da lazım olan bütün maliyyə köməkliklərini təmənnasız edirdilər.

Tibb üzrə fəlsəfə doktoru, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinin aparıcı həkimi Arif Mirzəyevin dediklərindən:

-Mən ali təhsilli həkim kimi Sumqayıta işləməyə gələndə eşitmişdim ki, Nərçə Ağayev kimi əsl el ağsaqqalı, savadlı cavanların əsl təəssüfkeşi olan bir kişi var. Xəstəxanada təzə işləyən vaxt onunla tanış oldum. Superfosfat zavodunda xəsarət almış bir neçə xəstəni travmatalogiya şöbəsinə gətirmişdilər. Onların müalicə həkimi mən oldum. Çalışdım ki, həmin adamlar tezliklə sağalsınlar. Elə həmin vaxtlardan da Nərçə müəllim mənə bir övlad kimi böyük hörmət elədi. Məni xəstəxananın baş həkimi, dəyərli ziyalı, gözəl həkim İzzət Sadıxova tapşırdı. Eşidəndə ki, mən elmi iş yazıram, mənə ürək-dirək verdi. Mən elmi işimi müdafiə eləyib, alimlik dərəcəsini alanda o, məndən çox sevinirdi. Tale elə qismət elədi ki, mən onunla bir neçə dəfə yol yoldaşı da oldum. O, yol boyu maraqlı söhbətlər eləyir, çoxlu lətifələr danışırdı. Nərçə müəllim əsl sinəfdəftər insan idi. Hamı onun yaddaşına, yüzlərlə lətifələr, el məsələləri bilməsinə heyran olurdu. O, bütün elmlərdən xəbərdar müdrik insan idi.

Tibb üzrə fəlsəfə doktoru, “Tərəqqi” medallı, Respublikanın Əməkdar həkimi, bir neçə beynəlxalq tibbi simpozium və konqreslərın iştirakçısı, “Hippokrat” Elm-İstehsalat Tibb Müəssisəsinin təsisçisi Mayılxan Tağıyevin dediklərindən:

-Sumqayıtda Rühi Əsəb Dispanserini 1970-ci illərdə mən yaratmışam və uzun illər də bu dispanserin baş həkimi işləmişəm. Bu dispanserin yaranmasında və təşəkkül tapmasında Sumqayıtın bir neçə müəssisə rəhbərləri kimi Nərçə Ağayevin də xidmətləri çox olub. Mən Nərçə müəllimin xeyirxah əməllərilə bağlı saatlarla danışa bilərəm. Amma bir əsas məsələni vurğulamaq istəyirəm ki, o, dövrünün əsl istehsalat qəhrəmanı idi. Azərbaycanı böyük vurğunluqla sevirdi. O, təkcə Sumqayıt üçün yox, respublikanın bir neçə rayonları, o cümlədən Zəngəzur mahalının Sisyan rayonunda xeyirxah işlər görmüş və doğulduğu Yardımlı rayonu üçün də çox iş görmüşdü. Yardımlı rayonundan və eləcə də Azərbaycanın Cənub, Şimal bölgələrindən Sumqayıta gələn yüzlərlə gənclər Nərçə Ağayevi deyib, bu şəhərə gəlirdilər və onların işlə təmin olunmasında, yataqxanalarda yerləşdirilməsində, sonrada ev almalarında, ailə həyatı qurmalarında bu el ağsaqqalının xidmətləri əvəzsiz olurdu. Eləcə də Qarabağdan Sumqayıta pənah gətirən minlərlə qaçqın, köçkün insanlara da Nərçə müəllim əlindən gələn köməklikləri edirdi. Həmin vaxtı Nərçə Ağayevin himayəsilə Sumqayıtda məskunlaşan, işlə təmin olunan insanların çoxu bu gün Sumqayıt şəhərində sayılıb-seçilən müəssisə rəhbərləri, vəzifə pillələrində uğurlar əldə edən insanlardır. Hətta onlardan bəziləri təkcə Sumqayıtda yox, Bakıda da daha yüksək vəzifələrdə işləyirlər. Ona görə də Nərçə Bəhmən oğlu Ağayev kimi xeyirxah ağsaqqallar həmişə əbədi yaşayacaq.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi, məşhur cərrah Rauf Sadıxovun dediklərindən:

-Atam İzzət Sadıxovla, əmi kimi özümə qəbul etdiyim Zaman İsgəndərovla, Nərçə Ağayevlə mənim xatirələrim həddindən artıq çoxdur. Hətta bir vaxtlar məşhur jurnalist Feyzi Mustafayevin Nərçə Ağayevə həsr elədiyi “Ürəyinə borcu adam”, Hilal Əliyevin “Yada düşər xatirələr” kitabları, Hafiz Nəzərlinin ssenarisi əsasında çəkilən “Alovda yanmış adam” televiziya filmi, Əməkdar jurnalist Eyruz Məmmədov, Aygün Hacıyevanın “Sumqayıtım mənim”, Qalib Əhmədov və Beydulla Vəziroğlunun “Sumqayı və sumqayıtlılar” kitablarında onlarla bağlı maraqlı oşerklər də var. Eləcə də sizin həm atam və həm də əmilərim Nərçə Ağayev, Zaman İsgəndərovla bağlı çoxlu yazılarınız, elegiyalarınız, sənədli hekayələriniz var. Buna görə hamınız sağ olun ki, onların əbədi yaşaması üçün bu xeyirxah işləri görübsünüz. Qardaşoğlu əmi haqqında nə deyə bilər? Əlbəttə, onun haqqında mənim çoxlu maraqlı xatirələrim var. O xatirələri danışsam böyük bir kitabın mövzusu olar. Onlar hər üçü Fərman Kərimzadənin “Axırıncı aşırım” əsərindəki Kərbəlayi İsmayıl və Abbasqulu bəy Şadlinskinin vurğunu idilər. Çünki özləri də elə yüksək səviyyəli kişilər idilər. Bir xatirəni isə istəyirəm ki, deyəm. Atam çox ağır xəstə idi. Bilirdik ki, tezliklə dünyasını dəyişəcək. Nərçə əmi onu yoluxmağa gəlmişdi. Söhbət əsnasında atam dedi ki, “Şabran rayonunun Dəhnə kəndinin yaxınlığında deyirlər ki, müalicəvi isti su çıxır. Min bir dərdin dərmanıdı”. Nərçə əmi dedi ki, “hazırlaş sabah səni ora aparacam”. Onlar üç dost- atam, Zaman əmi və Nərçə əmi ümumiyyətlə təbiət vurğunu idilər. Azərbaycanın elə bir yeri yox idi ki, orada olmasınlar. Amma Şabrandakı həmin isti su çıxan yerdə olmamışdılar. Səhəri gün maşını mən sürməklə “Niva” maşını ilə Şabrana getdik. Dəhnə kəndinə gedən yollar çox pis idi. Nərçə əmi atama ürək-dirək verirdi. Yol boyu zarafatlar eləyirdi ki, o, xəstəliyini unutsun. Gedib həmin yerə çıxdıq. Doğrudan da cənnətməkan yer idi. Üç gün orada yaxşı istirahət elədik. Nərçə əmi, Zaman əmi atamın hər sözünü diqqətlə dinləyirdilər. Çünki bilirdilər ki, Ulu Tanrı bu üç dostu bir-birindən ayıracaq. Atam oradan qayıdandan sonra vəziyyəti yaxşılaşdı. Ondan sonra bir müddət də yaşadı. Artıq atam, Nərçə əmi haqq dünyalarına qovuşublar. Allah Zaman əmiyə can sağlığı versin. Biz, atamın da, Nərçə əminin də iyini ondan alırıq. Mən o kişilərdən çox şey öyrənmişəm. O kişilər həqiqət də əsl el ağsaqqalları, kasıb, arxasız adamların arxası, dayağı idilər. Onlar yalnız yaxşılıq, xeyirxahlıq üçün doğulmuşdular. Deyirlər ki, “ağsaqqal Ulu Tanrının yer üzündə əsl mizan-tərəzisidi”. Çünki Ulu Tanrı sevdiyi insanları ağsaqqal pilləsinə yüksəltməklə, ağsaqqallar vasitəsilə də yer üzünə sülh-əmin amanlıq gətirir. Bu gün Azərbaycanın mənim tanıdığım həmin ağsaqqallar kimi ağsaqqallara çox böyük ehtiyacı var. O ağsaqqallardan biz əsl həyat dərsini, insanlara necə təmənnasız kömək etməyi öyrənmişik. Allah onlara qəni-qəni rəhmət eləsin. Qəbirləri nurla dolsun. Mən çox sevinərəm və qürur duyaram ki, onlar kimi ağsaqqal olum.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...