Sənət sevgili, Sumqayıt eşqli İNSAN (Esse)

Ağəddin Mansurzadə. Özü cismən aramızda olmasa da, imzası hələ də onu tanıyanların qəlbində, yaddaşındadır. Oğlu Elxanla bir sinifdə oxumuşam. Uşaq yaşlarımdan tanıdığım bu yazıçı-jurnalist mənim üçün böyük hörmətə layiq idi. Sonralar onu daha yaxından tanıdıqca, əsərləri ilə tanış olduqca, ünsiyyət qurduqca məndə bu insana ehtiram daha da artdı. Uşaqlıqda oxunan kitab uzun müddət xatırlanır. Əgər yaxşı kitabdırsa, xəyalına hakim kəsilən, fikrində təzə düşüncələr oyadan əsərdirsə yaddan heç vaxt çıxmır. Mənim ömür yollarımda hardasa, - uşaqlıqla yeniyetməlik sərhəddində, - oxuduğum kitablar içərisində Ağəddin Mansurzadənin də əsərləri vardı. Oxucu zehnini düşündürən əsl kitablar belə olur: yazıçını şöhrətə gətirir. Bəli, cəmiyyətdə insanın mövqe tutmasının birinci amili onun öz sənətini ürəkdən sevməsidir. Həyatda asan və ya çətin sənət yoxdur. Sənət o zaman çətinləşir ki, sən onu sevmirsən, bu işi görmək məcburiyyəti qarşısında qalırsan. Belə olan halda sənin seçdiyin sənət zövq deyil, əzab verir, iş gününü sona çatdıranda elə bilirsən ki, çiyinlərindən dağ götürülür. Amma sənətini sevəndə ondan ayrılmaq istəmirsən, o sənə təkcə rahatlıq deyil, həm də şöhrət gətirir. Əlbəttə, mənim tanıdığım Ağəddin Mansurzadə də məhz sənətini ürəkdən sevən şəxs olub və sənəti də onu lazımi şöhrətə nəsib edib. Sənətini doğru seçməsi də onun cəmiyyətdəki mövqeyini möhkəm edib.

Ömrünün xeyli hissəsini Sumqayıtla bağlayan Ağəddin müəllim çoxşaxəli yaradıcılıq yolu keçib. Xalqın həyatını, dilini, məişətini dərindən bilən bu yazıçı xüsusi istedada malik idi. O, müşahidə etdiyi hadisələri xalqın sadə dilində oxucusuna məharətlə çatdırırdı. Onun əsərlərini oxuyanda Vətənini ürəkdən sevməklə yanaşı, xalqının keçmişinə, bu gününə və gələcəyinə daha da bağlanırsan.

Ağəddin Mansurzadənin tanınmış yazıçı-jurnalist kimi yetişməyində ömür yolunun, zəngin həyat təcrübəsinin xüsusi rolu olmuşdur. Məhsuldar çalışırdı. Maraq dolu, düşündürən hekayələrində həyatın adi məsələlərindən bir söhbət başlayır, sonra ciddi məsələlərə elə ehtiyatla keçilirdi ki, oxucu bunu hiss etmirdi. Əsərlərində insan psixologiyasının mürəkkəb qatları, xüsusiyyətləri ustalıqla bəhs edilir. Bir sözlə, Ağəddin Mansurzadə ədəbiyyatımızda dərin iz buraxmış sənətkarlardandır. Onun əsərləri bu gün də oxucuların sevə-sevə oxuduğu ən gözəl kitablarla bir sırada dayanır. Əxlaq, mənəviyyat məsələləri Ağəddin Mansurzadənin bütün varlığını çulğalayırdı.O, yazılarında bir nəticəyə gəlirdi ki, insan şüurlu surətdə xeyrə can atmalı və Tanrı varlığına tapınmalıdır. Məsuliyyət və tələbkarlıq hissi ilə qələmə alınan hekayə və povestləri bu gün də gənc nəslə bədii zövq və tərbiyəvi duyğular aşılayır.

Ağəddin müəllim Sumqayıtımızı çox sevirdi. Burada baş verən bütün ictimai-siyasi, məişət hadisələrinə həssaslıqla yanaşırdı. Ağsaqqal öyüd-nəsihətini gənclərdən əsirgəmirdi. Sumqayıt şəhidlərinə aid yazıları, tənqidi məqalələri cəmiyyətə ürəkağrısı təqdim edirdi. Sumqayıtda hamı onu çox sevirdi. Heç kəsin xətrinə dəyməzdi. Ömrü boyu haqq tərəfdarı idi. O, Vətənimizə layiqli övladlar böyüdüb, tərbiyə edib. O indi aramızda olmasa da, ruhu həmişə ətrafımızda dolaşır.

Hacı Ağəddin Mansurzadənin xatirəsi qəlbimizdə daim əzizdir və ona Allahdan qəni-qəni rəhmət diləyirik. Qəbri nurla dolsun!

Bir sumqayıtlı kimi, Sumqayıtımızın 70 illik yubileyi ərəfəsində bu sənət sevgili, Sumqayıt eşqli insanı xatırlamağı özümə mənəvi borc sandım!

İlhamə MƏHƏMMƏDQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...