"Molla Pənah Vaqif" biblioqrafiyası Yeni nəşrlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" 2017-ci il 15 yanvar tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Kitabxanası "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Molla Pənah Vaqif" adlı 438 səhifədən ibarət biblioqrafiya hazırlayaraq çap etmişdir. M.P.Vaqifin adının YUNESKO-nun 2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı"na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustadının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür.

XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair, mütəfəkkir, ictimai-siyasi xadim M.P.Vaqif haqqında hazırlanmış bu göstərici, şair haqqında işıq üzü görən ilk biblioqrafiyadır. Biblioqrafik göstərici şairin ədəbi və ictimai fəaliyyətini əks etdirən 1856-2017-ci illərdə dərc olunmuş materiallar əsasında tərtib edilmişdir.

"Molla Pənah Vaqif" biblioqrafiyası" 5 hissədən - "Əsərləri". "Həyat və yaradıcılığı haqqında", "Rus dilində", "Digər dillərdə" və "Köməkçi göstərici"dən ibarətdir.

Vəsaitdə yer alan bölmələrdə və yarımbölmələrdə materiallar xronoloji ardıcıllıqla, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılmışdır. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər tərtib edilmişdir.

"Molla Pənah Vaqif" biblioqrafiyasını tərtib edənlər Milli Kitabxananın əməkdaşları Mədinə Vəliyeva, Mətanət İbrahimova və Gülbahar Misirova, elmi redaktoru professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirov, redaktoru əməkdar mədəniyyət işçisi Gülbəniz Səfərəliyevadır. "Molla Pənah Vaqif" biblioqrafiyası hazırlanarkən arxiv materiallarından və Milli Kitabxananın zəngin fondundan istifadə edilmişdir.

Biblioqrafiyada ön söz əvəzi akademik Nizami Cəfərovun "Xalqın böyük şairi" məqaləsi çap olunmuşdur. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar tərtib edərək çap etdirdiyi bu biblioqrafiya şairə və bütövlükdə, Azərbaycan mədəniyyətinə ən layiqli ərmağandır.

Ədilə Qocayeva,

AJB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...