84 yaşlı el ağsaqqalının keşməkeşli ömür yolu

Noyabr ayının 18-də Beynəlxaq Mətbuat Mərkəzində tanınmış nasir, şair, publisist Qənbər Şəmşiroğlunun 84 yaşının tamam olması münasibətilə onun “Kəlbəcər: ömrüm, günüm” 2 cildlik kitabının təqdimat mərasimi keçirildi.

Bu tarixi görüşdə respublikanın tanınmış ziyalıları, elm adamları, millət vəkilləri, yazıçılar, jurnalistlər və başqa sənət adamları iştirak edirdi.

Tanınmış şəxsiyyətlərdən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziyası və Radio Yayımları Şurasının sədri, AMEA-nın həqiqi üzvü, akademik Muxtar İmanov, filologiya elmləri doktoru, professor Şirindil Alışarlı, professor Kamran Əliyev, Xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri Aqil Abbas və Jalə Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar jurnalist Adil Cəmil, professor Şahlar Əsgərov və başqaları çıxış edərək Qənbər Şəmşiroğlu ilə bağlı öz fikirlərini və kitabla bağlı təəssüratlarını bölüşdülər. Həmin tədbirdə mən də çıxış etdim. Amma hamıya cəmi 5 dəqiqə vaxt verildiyinə görə çıxış eləyənlərin çoxu öz fikirlərini tam deyə bilmədilər. Mən də öz fikirlərimin yalnız bir neçəsini deyə bildim. Ona görə də belə qərara gəldim ki, Qənbər Şəmşiroğlu ilə bağlı fikirlərimi bu yazı vasitəsilə çoxminli oxuculara çatdırım.

İlk öncə bir daha Qənbər Şəmşiroğlunu 84 yaşının tamam olması münasibətilə təbrik edirəm və ona həyatda can sağlığı, böyük yaradıcılıq uğurları, xoş günlər arzulayıram. Həmin tədbirdə mən iki nəfərin adından iştirak edirdim. Dostum, istedadlı şair və publisist Nəriman Ocaqlının və öz adımdan. Nəriman Ocaqlının çox vacib işi olduğuna görə həmin tədbirə gələ bilməmişdi. Ona görə də xahiş etdi ki, onun fikirlərini də mən deyim. İlk öncə Nəriman Ocaqlının Qənbər Şəmşiroğlunun keşməkeşli ömür yoluna həsr etdiyi və nəzmlə yazdığı “İl var bir günə dəyməz, gün var min ayə dəyər” kitabında yazdığı ön sözdən bu fikirləri diqqətinizə çatdırıram: “Hörmətli Qənbər müəllim, sizin əsərlərinizi oxuduqca sizdə olan rəhbərlik qabiliyyətinə, dözümə, prinsipiallığa, ədalətli qərar verməyinizə, insanlara, Vətənə olan sevginizə adam heyran olur. Bu zaman adam sizi sevə-sevə, sizin zərrənizə çevrilir və elə bilir ki, o hadisələrin içində o da olub. Onda sizin necə böyük inam, səmimi insan sevgisi sahibi olduğunuzu anlayır.

Sizi həmişə nəsildən, qandan gələn bir həqq, həqiqət yolçusu, eşqdən doğulan ilahi nur kimi həmişə insanlar önündə görmüşəm. Orda bir xalq sevgisinin şahidi olmuşam.

Tanrıya qovuşmaq eşqiylə yanan,
Tamahı özündən kənar saxlayan.
Maddi dünyada hər şeyi unudan,
Tanrıya öz vücudu ilə bağlanan,
Allaha qəlbində sevgi yaradan,
Varlığı yeganə həqiqət sayan.
Sevgini əxlaqın zirvəsi sanan.
İlahi varlıq tək tanıdım sizi,
Dünyanı dərk edib anladım sizi.

Bu zaman ilahi bir Şeyxin müridi olduğumu dərk etdim və qəlbimdəki bu sözləri də nəzmə çəkdim.

Savablarım suçlarımdan çox oldu,
Tanrıya bağlandım, gözüm tox oldu.
Mənim də qəlbimdə açdı gül-çiçək,
Ocağa bağlandım, qəlbimdə istək!

“İl var bir günə dəyməz, gün var min ayə dəyər” kitabındakı ön sözdə yazdığı qəlbindəki istəklə Nəriman Ocaqlı çox maraqlı bir kitab yazıb. Keçən il çap olunan həmin kitab hamının sevə-sevə oxuduğu kitabdır.
Noyabr ayının 16-da tanınmış yazıçı, şair, publisist Qənbər Şəmşiroğlunun 84 yaşı tamam oldu. Bu tarixi gün münasibətilə də Nəriman Ocaqlı “Görəydim” adlı bir şeir yazıb. Həmin şeiri də Qənbər müəllimin anadan olmasının 84 illiyinə həsr edib. Bu şeiri də sizin diqqətinizə çatdırıram.

Kaş məndə çataydım yüz yaş həddinə,
Bir qeyrət gələydi dizim qəddinə.
Yolum uzanaydı dogma kəndimə,
Ömür yollarımı vərəqləyəydim.

Bir baxın könlümdən keçir gör nələr,
Tay- tuşum olaydı şirin nəvələr.
Yanımdan keçəndə türfə gözəllər,
Keçmiş günlərimi hədələyəydim.

Geriyə dönəydi uşaqlıq çağım,
Uşaqlarla çilik ağac oynayım.
Düşünəydim ayağımı yormayım,
Mən də çubuq atı çapıb gedəydim.

Dağ yamacı, çökək bulaq, daş bulaq,
Daim gördüm gözlərini yaş bulaq.
Əl uzadıb lilparına kaş bulaq,
Diz qatlayıb qurtum-qurtum içərdim.

Üz tutaydım təpələrə, dağlara,
Qayıdaydım itirdiyim çağlara.
İlxıdan bir yəhərsiz at seçəydim,
Zirvələrdən bulud kimi keçəydim!

Quzuları çıxaraydım örüşə,
Üz tutaydım qayalarla görüşə.
Başlayaydım sapand ilə döyüşə,
Duman gələ yamaclarda itəydim.

Vətən torpağını bir də görəydim,
Yollarında çinar kimi bitəydim.
Sönəndə də günəş kimi sönəydim,
El yolunda ziyarətə dönəydim!
El yolunda ziyarətə dönəydim!

Mənimsə Qənbər Şəmşiroğlu ilə tanışlığımın bu il otuz ili tamam oldu. Belə ki, Əbdürrəhim bəy Haverdiyev adına Ağdam Dövlət Dram Teatrına rəhbərlik etdiyim dövrdə - yəni, 1987-ci ilin may ayının əvvəlində biz Zəlimxan Yaqubun “Aşıq Ələsgər”, Loğman Rəşidzadənin “Toya bir gün qalmış” və Mirzəağa Atəşin “Şərəfin sandığı” tamaşaları ilə Kəlbəcər rayonuna qastrol səfərinə getmişdik. Mən və teatrın kollektivinin çoxu ilk dəfə idi ki, Kəlbəcərə gedirdik. Ona görə də bizimçün bu qastrol səfəri daha maraqlı idi. Çünki haqqında həmişə xoş sözlər eşitdiyimiz və xalqımızın iftixarı şair-aşıq Qurbanı, məşhur el aşığı Dədə Şəmşiri, çoxlu alimləri, şairləri, məşhur həkimləri yetişdirən, böyük ziyalılar yurdu bu cənnətməkan torpaqla tanış olacaqdıq. Həm də orada olan və dünyada analoqu olmayan məşhur İstusu Şəfa ocağına da gedəcəydik.

Ağdərədən keçəndə ermənilərin bizə qanlı-qanlı baxdığını demək olar ki, hər yerdə görürdük. Amma ağlımıza gəlmirdi ki, doqquz aydan sonra millətimizin başına böyük faciələr gətirən, bir milyondan çox həmvətənimizi öz doğma yurdundan didərgin salan Qarabağ müharibəsi başlayacaq. Hətta belə bir dəhşətli hadisə də baş verəcək ki, 1993-cü ilin aprel ayının 2-də bizim belə dilbər guşəmiz, torpağının altı və üstü böyük sərvət olan dədə-baba yurdumuz Kəlbəcər də həmin vaxtı respublikaya rəhbərlik edən səriştəsiz, burnunun ucundan uzağı görə bilməyən adamların “stul davasının” qurbanı olmaqla, ruslara, ermənilərə işləyən zabitlərimizin tez-tələsik ordunu geri çəkməsi nəticəsində ermənilər tərəfindən işğal olacaq. Kəlbəcərlilərin doğma yurdu azad etmək üçün özlərinin ciddi-cəhdinə baxmayaraq və bu gün də həmin yerlər gavurların ayağı altında inildəyəcək… Ermənilərə təslim olmamaq və bu rüsvayçılığı boynuna götürmək istəməyən, özlərini qayalardan dərəyə ataraq həlak olan mərd, kişi qeyrətli çoxlu qız-gəlinlərimizin bu gün də harayı səslənir həmin yerlərdə... Eləcə də ağlımıza gəlməzdi ki, ermənilər ikinci Xocalı faciəsini, hətta ondan da dəhşətlisini şair-aşıq Qurbanın, məşhur el aşığı Dədə Şəmşirin doğulduğu Ağdaban kənddə də törədəcəkdilər... Bu kəndi faşistlər Xatın kəndi yer üzündən sildikləri kimi erməni gavurları da yer üzündən siləcəkdilər.

... Kəlbəcər rayonuna daxil olduqca buranın əsrarəngiz təbiəti bizi valeh edirdi. Böyük Yaradan bu diyara elə bil ki, bütün gözəllikləri, sərvətləri bəxş etmişdi... Bu cənnətməkan yerlər də hamımızı valeh etməklə sehirləmişdi...

Mehmanxanada yerləşəndən sonra mən teatrımızın ədəbi işlər üzrə rəhbəri, dəyərli ziyalı rəhmətlik İsa Axundovla Kəlbəcər rayon partiya komitəsinin birinci katibi İnqilab Nadirovla və rayon İcraiyyə Komitəsinin sədri Qənbər Şəmşir oğlu Qurbanovla görüşə getdik. Sənəti jurnalist olan rəhmətlik İsa Axundov uzun illər Azərbaycan Radio və Televiziyasının Qarabağ üzrə müxbiri olmuşdu və onu Kəlbəcərdə də yaxşı tanıyırdılar. İsa Axundov məni onlara təqdim etdi. Həmin gün bizim onlarla çox maraqlı söhbətimiz oldu və qastrolu təşkil etmək üçün beş gün əvvəl Kəlbəcərə göndərdiyimiz, yüksək təşkilatçı insan, dostum, direktor müavini Fəxrəddin Hacıbəyli də demişdi ki, bir həftəlik qastrolumuz rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə təşkil olunub. Mən teatrın rəhbəri kimi bu xeyirxah işə görə İnqilab Nadirova və Qənbər Qurbanova öz təşəkkürümü də bildirdim. Qənbər müəllimin məşhur el aşığı Dədə Şəmşirin oğlu olduğunu bildiyimə görə ona məhəbbətim daha çox idi. Belə ki, mən Zəlimxan Yaqubun “Aşıq Ələsgər” pyesini tamaşaya hazırlayanda bizim Zəlimxanla şair-aşıq Qurban və onun oğlu, məşhur el aşığı Dədə Şəmşirlə bağlı çox söhbətlərimiz olurdu. Və hətta Səməd Vurğunla Dədə Şəmşirin Kəlbəcərdəki tarixi görüşlərini tez-tez yada salırdıq...

Beləliklə, bir həftəlik qastrolumuz Kəlbəcərdə çox yüksək səviyyədə keçdi. Rayon camaatı tamaşalarımıza böyük həvəslə baxırdılar. Kəlbəgər isə çox gözəl və yaraşıqlı bir diyar kimi mənim yaddaşıma əbədilik hopmuşdu. Bu rayonda insanların güzəranı da çox yüksək idi. Ən çox da xoşuma gələn kəlbəcərlilərin zəhmətsevərliliyi, qonaqpərvərliyi və istiqanlılığı olmuşdu. Bizi çıxış etdiyimiz kəndlərdə çox yüksək səviyyədə qarşılayır və tamaşadan sonra böyük ziyafət məclisləri təşkil edirdilər.

Qastroldan sonra mənim fikrim Dədə Şəmşirin həyatı və yaradıcılığı ilə bağlı, ya da Səməd Vurğun və Aşıq Şəmşir dastanı əsasında bir tamaşa hazırlamaq idi. Onun qoşmalarından, şeirlərindən və bütövlükdə yaradıcılığından seçmələr də edirdim. Amma həmin vaxtı, yəni 1988-ci ilin fevral ayının 22-də Qarabağ müharibəsi başladı. Daha tamaşa hazırlamağa imkan olmadı. 1989-ci ilin yanvar ayından da mən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlər Musiqili-Dram Teatrına rəhbərlik etməyə başladım. Ən çətin xaos dövrlərində bu teatra rəhbərlik etdiyim vaxtı da çox yığcam həcmli pyeslər və əsasən də məktəblilər üçün tamaşalar hazırlayırdıq. Aşıq Şəmşirlə bağlı həmin nisgil də ürəyimdə qaldı... Doğrudur, Dədə Şəmşirlə bağlı bir neçə yazılar yazıb, qəzetlərdə çap etdirdim. Kəlbəcərlə bağlı “7 gün Kəlbəcərdə” adlı yazı işlədim. Bu yazını hətta “Sərhədsiz dünyamız” adlı kitabıma da daxil etdim…

Bu ilin avqust ayında çox istedadlı şair dostum, maraqlı publisist, dəyərli ziyalı, yüksək peşəkar həkim Nəriman Ocaqlı söhbət əsnasında mənə Qənbər Şəmşiroğlunun bir neçə kitabını verdi və dedi: “Bu kitablar Qənbər Şəmşiroğlunun kitablarının yalnız bir neçəsidi. Onun artıq şair, nasir və publisist kimi 30-dan çox kitabı çap olunub”. “Nə danışırsız?” - deyə mən Nəriman Ocaqlıya maraqla baxdım. Qənbər müəllimin şeirlər, qoşmalar, nəsr əsərləri yazdığını 1987-ci ildən bilirəm. Hətta Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğundan da xəbərim var, amma onun heç bir kitabını oxumamışam. Bunlar mənimçün böyük hədiyyədi”, - dedim.

Beləliklə, biz sentyabr ayının 2-də Qənbər müəllimlə otuz ildən sonra yenidən görüşdük. Bu görüşün də səbəbkarı Nəriman Ocaqlı oldu. Mən Qənbər Şəmşiroğlunun “Caninin etirafı” romanını oxudum. Çox xoşuma gəldi. Gördüm ki, bu roman əsasında pyes yazmaq olar. Beləliklə, biz Nəriman Ocaqlı ilə bu romanı səhlələşdiridik. Fikrimiz bu pyes əsasında tamaşa hazırlamaq və televiziya filmi çəkməkdir. Nəriman Ocaqlı ilə birlikdə artıq Qənbər Şəmşiroğlunun iki povestini - “Bir gözəlin taleyi” və “Bütövləşmək istədim” əsərlərini də səhnələşdirməyi planlaşdırmışıq. Sonra isə bu üç pyesi bir kitab kimi gələn il Qənbər Şəmşiroğlunun 85 illik yubileyinə töhfə etmək istəyirik. Eləcə də gələn il Dədə Şəmşirin anadan olmasının 125 illiyi tamam olur. Nəriman Ocaqlı ilə fikrimiz var ki, “Səməd Vurğun və Aşıq Şəmşir” dastanını da səhnələşdirib, tamaşaya hazırlayaq. İnanırıq ki, bu tamaşa da dahi Səməd Vurğuna çirkab atmaq istəyənlərə yaxşı, tutarlı bir cavab olacaq.
Qənbər müəllimlə son görüşümüzdən, yəni sentyabr ayının 2-dən sonra mən onunla bağlı 10 məqalə yazmışam. Bunlar ayrı-ayrı saytlarda yerləşdirilib. Son iki yazım olan “Unudulmaz görüş” məqaləm azim.az internet portalında və Sia.az saytında noyabr ayının 16-da yerləşdirlib. “Yaddaşlardan silinməyən günlər” məqaləm isə noyabr ayının 18-də “Azad Azərbaycan” qəzetində bütöv bir səhifədə çap olunub.
Mən, noyabr ayının 18-də olan görüşdə “Caninin etirafı” pyesinin son variantını və saytlarda, qəzetdə çap olunan 10 məqaləmi Qənbər Şəmşiroğluna təqdim etdim.
İndi mənim Nəriman Ocaqlı ilə birlikdə ən böyük arzum budur ki, gələn il Qənbər Şəmşiroğlunun iştirakı ilə onun 85 illik yubileyində “Caninin etirafı” tamaşasına teatrda baxaq. Televizorda isə bu pyes əsasında hazırlanacaq televiziya filinə tamaşa edək. Və həm də “Caninin etirafı”, “Bir gözəlin taleyi” və “Bütövləşmək istədim” pyeslərindən ibarət kitabın da təqdimatını keçirək. Bu gün Azərbaycanda dramaturgiya qıtlığı olduğuna görə inanırıq ki, hər üç pyes Azərbaycanın ayrı-ayrı peşəkar teatrlarında çox maraqla tamaşaya qoyulacaq. Çünki bu roman və povestlərdəki hadisələr günümüzdə baş verən ailə-məişət və həyat hadisələri ilə, konfliktlərlə, dramatik məqamlarla çox zəngindir. Hər üç əsər də yüksək peşəkarlıqla yazılmış obrazlar qalereyasıdır. Həm də yüksək tərbiyəvi əhəmiyyətə malikdir. İnanırıq ki, hər üç pyes tamaşaçıların ən sevdiyi tamaşalar olacaq.
Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilən “Kəlbəcər: ömrüm, həyatım” 2 cidlik kitabını isə artıq oxumağa başlamışam. Qısa vaxtda da bu kitablar haqqında öz fikirlərimi mətbuatda yazacam.

Ağalar İDRİSOĞLU,
Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...